İpoteka və istehlak kreditləri ilə bağlı VACİB XƏBƏR

İpoteka və istehlak kreditləri ilə bağlı VACİB XƏBƏR
Son 6-7 ayda istehlak kreditlərinin həcmində yenidən artım müşahidə edilir. Bu dəfə istehlak kreditlərindəki artımın yeganə mənbəyi ipoteka kreditləridir. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin iyulun 1-də cəmi istehlak kreditləri 5,546 milyard manat olduğu halda, 2021-ci ilin martın 1-də onun məbləği 5,715 milyard manata yüksəlib. 

Müqayisə olunan dövrdə istehlak kreditlərinin həcminin artması ipoteka kreditləri ilə bağlı olub. Qısa müddətdə ipoteka kreditlərinin həcmi təxminən 220 milyon manat və ya 11,8 faiz artıb. Bu dövrdə digər istehlak kreditlərinin məbləği 3,684 milyard manatdan 3,634 milyard manata qədər geriləyib. 

Məlumatdan aydın olur ki, ümumən istehlak kreditlərindəki artımın mənbəyi ipoteka kreditləri olub. 

Müqayisə edilən dövrdə istehlak kreditləri ilə bərabər biznes kreditlərinin də həcmi azalıb. Ötən ilin iyulun 1-də 8,623 milyard manat olan biznes kreditlərinin həcmi hazırda 8,53 milyard manatdır. 

Bir illik dövrü müqayisə etdikdə isə həm istehlak, həm də biznes kreditlərinin həcmində azalmanı görürük. İpoteka kreditlərini nəzərə almasaq, istehlak kreditlərinin həcmində daha böyük azalmanın şahidi oluruq. Belə ki, son bir ildə ipoteka kreditlərsiz istehlak kreditlərinin həcmi 9,1 faiz, biznes kreditlərinin həcmi 8,9 faiz azalıb. Bu dövrdə ipoteka kreditlərinin həcmi 11,34 faiz artıb. 

Qeyd edək ki, Azərbaycan üçün ipoteka kreditlərindən başqa digər istehlak kreditlərinin həcminin azalması məqsədəuyğundur. Çünki ipoteka kreditlərindən fərqli olaraq digər istehlak kreditləri əsasən idxal mallarının (mobil telefon, məişət avadanlıqları, avtomobil və s.) alınmasına sərf edilir. Buna görə də istehlak kreditləri artdıqca ölkəmizə idxal da artır. Məhz həmin idxal hesabına böyük məbləğdə manatla olan vəsait dollara dəyişdirilərək xaricə çıxarılır.

İpoteka kreditlərində bu proses müşahidə edilmir. Bu cür kreditlərlə daşınmaz əmlak alındığından ölkəmizdə tikinti genişlənir və tikinti materiallarına tələb artır. Tikinti materiallarının daha çox hissəsi ölkəmizdə istehsal edildiyindən ipoteka kreditlərinin artması sənayenin inkişafına, yerli məhsulların istehsalının artmasına səbəb olur. 

Təxminən eyni proses biznes kreditlərində müşahidə edilir. 

Əgər Azərbaycanda emal sənayesi inkişaf etmiş olsaydı və ölkəmizdə də məişət avadanlıqlarının, elektron avadanlıqların istehsalı inkişaf etsəydi, o halda istehlak kreditlərinin həcminin artması iqtisadi inkişafa dəstək olardı. Hazırda isə mövcud vəziyyət istehlak kreditlərinin həcminin azaldılmasını və ya artım tempinin zəiflədilməsini tələb edir. 

Vasif
Sfera.az
 


 

 


OXŞAR XƏBƏRLƏR