İnsanlara şad xəbər- tıxac aradan qalxacaq

İnsanlara şad xəbər-  tıxac aradan qalxacaq
"Bu məsələnin şəhərdə tıxacın aradan qaldırılması kontekstində müsbət tərəfləri olacaq”
 
Sfera.az-a açıqlamasında bunu Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərdə iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə etdiyi müraciətinə münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.
Həmsöhbətimiz bununla bağlı təcrübənin də olduğunu diqqətə çatdırdı: 
 
"Keçmiş təcrübəyə nəzər salaq. Azərbaycanda Avropa Oyunları və İslam Həmrəylik Oyunları baş tutub. Bu mühüm mötəbər idman tədbirləri zamanı aidiyyatı komissiyaya şəhərin tıxac müşahidə edilən küçələrində bir sıra tədbirlərin həyata keçirilməsilə bağlı müraciət olundu. Bu tədbirlərdən biri də müəssisələrə iş qrafikinin dəyişdirilməsi ilə bağlı verilən tövsiyyə idi. Tövsiyyə edildi ki, iş saatını yarım saat dəyişdirməklə pik saatlarında küçələrin nəqliyyat vasitələrilə yüklənməsinin qarşısı alınsın. Həmin prosesin bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, nəticə etibarı ilə həmin idman tədbiri dövründə tıxacın xeyli dərəcədə azalmasına nail olduq. İslam Həmrəylik Oyunları keçirilən zaman təkliflər hazırlayarkən məhz vaxt məsələsinə xüsusi önəm verdik və ümumən müsbət nəticəyə də nail olduq. Aparılan monitorinqlər göstərdi ki, həmin addımın böyük təsiri oldu. Xüsusən də pik saatlarında şəhərdə hərəkət edən nəqliyyat vasitələrinin azaldığını müşahidə etdik. Bu yaxınlarda metroda pik saatlarında yaşanan sərnişin sıxlığı ilə bağlı 5 təkliflə çıxış etdim. Həmin təkliflərdən biri də müəssisələrin iş qrafiklərində yarım saatlıq dəyişiklik etmələrilə bağlı tövsiyyə idi. Yəni vaxtı uzatmaqla daha çox insanın vaxt üzrə  bölüşdürülməsinə gəlib çıxa bilərik ki, bu da nəticə etibarı ilə pik saatlarındakı yüklənmənin qarşısını müəyyən dərəcədə alacaq”.  
 
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Belə fikirlər səslənir ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarında şəhər yollarında sıxlıq aradan qalxacaq. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR