İnflyasiya yüksəlir - Mərkəzi Bank hansı addımlar ata bilər?

İnflyasiya yüksəlir - Mərkəzi Bank hansı addımlar ata bilər?
Gözlənildiyi kimi, 2021-ci ilin iyulunda illik inflyasiya səviyyəsi bir qədər də artıb. Dünyada qiymət səviyyəsinin yüksəlməsi və bəzi daxili amillər səbəbindən iyulda qiymətlərdəki artım sürəti güclənərək ötən ilin eyni ayına nisbətən 6 faizə çatıb.
 
İllik inflyasiyanın bu həddə çatmasına ərzaq məhsullarının və pullu xidmətlərin kəskin bahalaşması səbəb olub. İyulda ərzaq malları 6,4 faiz, pullu xidmətlər 6,2 faiz bahalaşmaqla ümumi qiymət artımını səviyyəsini müəyyən edib.
 
Sfera.az xatırladır ki, illik inflyasiya iyunda 4,7 faiz, mayda 4,9 faiz, yanvarda 3,3 faiz idi. Müşahidələr göstərir ki, aylar üzrə illik bahalaşma sürəti son vaxtlar bir qədər güclənib.
 
Böyük ehtimalla növbəti aylarda illik inflyasiya mövcud səviyyədən aşağı olmayacaq, hətta bir qədər də yüksəlmək imkanı yaranacaq. Çünki ötən ilin iyulundan aylar üzrə illik bahalaşma tempi azalmışdı. Mart-iyunda 3-3,3 faiz olan illik inflyasiya avqust-dekabr aylarında 2,3-2,8 faiz aralığında dəyişib.
Əvvəlki dövrdə qiymət artımlarının zəif olması növbəti ildə daha yüksək bahalaşmanın qeydə alınmasına kömək etdiyindən ehtimal etmək olar ki, avqust-dekabr ayları ərzində illik qiymət artımı aşağı düşməyəcək, hətta bir qədər də güclənəcək.
 
Aylar üzrə illik inflyasiya səviyyəsinin yüksəlməsi bütöv dövr üzrə də qiymət artımlarını gücləndirir. Belə ki, ilk aylara nisbətən sonrakı aylarda illik qiymət artımı gücləndiyindən yanvar-iyul ayındakı bahalaşma tempi bir qədər də artıb. Yanvar-mart dövründə 3,9 faiz olan inflyasiya səviyyəsi, yanvar-iyunda 4,3 faizə, yanvar-iyulda 4,5 faizə çatıb.
 
Mövcud şərtlər onu göstərir ki, ilin yekununda ölkəmizdə 5-6 faiz səviyyəsində inflyasiya qeydə alına bilər.
 
Bəs, bu vəziyyətdə qiymət sabitliyini təmin etməli olan Mərkəzi Bank hansı addımlar atacaq? Mərkəzi Bankın 2021-ci ildә pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2% dәhlizindә idarә olunmasıdır. Yəni, əgər inflyasiya 2-6 faiz intervalında olarsa, Mərkəzi Bank öz hədəfinə çatmış hesab ediləcək.
İyulda qeydə alınan illik inflyasiya səviyyəsi göstərir ki, ilin yekununda qiymətlərin 6 faizə yaxınlaşma ehtimalı var. Qiymətlərin hədəflənən maksimum həddə yaxınlaşması səbəbindən Mərkəzi Bank iqtisadi aktivliyi dəstəkləyən tədbirləri cari dövr üşün təxirə sala bilər, hətta tələbi bir qədər zəiflətmək üçün müəyyən addımlar atması da mümkündür.
 
2021-ci ildə uçot dərəcəsinin 6,25 faiz səviyyəsində sabit saxlanılması məhz inflyasiyanın yüksəlməsi ilə bağlıdır. Artıq neçənci dəfədir ki, Mərkəzi Bank uçot dərəcəsini endirmək fikrindən daşınır.

Mərkəzi banklar uçot dərəcəsini ölkədə bahalaşma sürəti aşağı düşdükdə endirir. Uçot dərəcəsini endirməklə banklar daha ucuz vəsait əldə edir, kreditlər ucuzlaşır, daha çox kredit alınır və nəticədə iqtisadi aktivlik artır. İqtisadi aktivliyin artması hesabına qiymət artımlarının daha çox zəifləməsinin qarşısı alınır və inflyasiya səviyyəsi iqtisadiyyat üçün məqbul həddə qalır.
 
Əks hallarda, yəni inflyasiya səviyyəsi gözləniləndən çox artdıqda isə uçot dərəcəsi də artırılır. Bu vəziyyətdə banklar daha baha vəsait cəlb edir, kreditlər bahalaşır, kredit qoyuluşu azalrı və iqtisadi aktivlik bir qədər zəifləyir.
 
Hazırda Mərkəzi Bankın gözləmə mövqeyində olduğu müşahidə edilir. Qurumun dəyişən vəziyyətə uyğun olaraq bazara müdaxilə edəcəyi yəqindir. Böyük ehtimalla qiymətlərdə artım davam edərsə, borc vəsaitləri bir qədər bahalaşdırılacaq. Əsas borc vəsaitlərindən biri kimi kreditlərin də müəyyən qədər bahalaşması ehtimalı var.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR