\"Çində çox sərt karantin tətbiq edildi, biz buna dözmərik\" - Həkim pandemiyanı bitirməyin yolunu açıqladı
12:24 / 27.03.2021
1359
"Ən yaxşısı, virusa yoluxmamaqdır. Bu, müdrik adamların işidir. Hansılar ki, stereotiplərə təslim olmur, məsafə saxlayır, əllə görüşmür, öpüşmür, qucaqlaşmır, yas yerlərinə getmir, qonaqlıqlardan çəkinir, dezinfektantlardan istifadə edir və filtrsiz N95 maskası geyinir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev deyib. Mütəxəssis pandemiyadan qurtulmağın digər yollarından da söz açıb və öncə qorunmaq lazım olduğunu vurğulayıb:
"Həmçinin yoluxduğu halda, özünü izolyasiya edənlər, həkimə müraciət edənlər, lazımi müalicələri alanlar, panikaya düşməyənlər müdrik adamlardır. Dövlət tərəfindən yoluxan şəxs aşkar edilirsə, onun birgə yaşadığı və işlədiyi şəxslər dərhal müayinəyə cəlb edilib, izolyasiya edilib, lazımi qida və əgər yoluxubsa, şikayətləri varsa, lazımi dərman vasitələrilə təmin edilməlidir.
Digər tərəfdən ictimai nəqliyyatda, marketlərdə sıxlıqlar var. Dövlət bunu aradan qaldırmalıdır. Biz üzərimizə düşəni edək, qaydalara əməl edək. Bu həyat, bu ömür bizimdir, özəldir, ona qiymət verək. Tutalım ki, dövlət hər şeyi etmir, ölməliyikmi? Xeyr! Bacardıqca qorunmalı və yoluxduğumuz halda lazımi tədbirləri görməliyik”.
A.Əliyev qeyd edib ki, dövlət tərəfindən tibb işçilərinə lazımi maddi və mənəvi dəstək olmalıdır ki, tibb işçiləri motivasiya olunsun və pandemiya ilə mübarizədə maksimumu etsinlər:
"Heç kim ölənlə ölmür, 1-2 gün ağlayıb normal həyatına davam edir. Yaxşı həkimlərin məsləhətinə qulaq asaq, əməl edək! Boş boş "5G”, "İnsanları öldürmək istəyirlər”, "Masson”, "Bill Qeytsin oyunudur” kimi mənasız, məntiqsiz, tibbdən xəbəri olmayanların sözünə qulaq asmayaq. Bunu deyənlər bizim qayğımızı çəkməyəcək, yoluxanda bizi müalicə etməyəcək.
Bəziləri deyir ki, 2 milyardlıq Çində necə bitdi pandemiya? Çünki Çində çox sərt karantin tətbiq edildi. Biz buna dözmərik. Yoluxanlar və onların kontaktda olduğu şəxslər dərhal izolyasiya edildi, test edildi, lazımi qida və dərmanla təchiz edildi”.
Mütəxəssisin sözlərinə görə, test analizi müsbət çıxanların bütün əlaqədə olduğu şəxslər test edilməli, lazımi qida vasitələri ilə təmin edilərək izolyasiya olunmalıdır:
"Düzdür, əksər insanlar xəstəliyi yüngül keçirir, amma, o yüngül keçirənlərin yoluxdurduğu yaşlı, şəkərli diabetli və yanaşı digər xəstəlikləri olan insanların xəstəliyi necə keçirəcəklərini bilmirik. Yəni sosial məsuliyyətimizi dərk etməliyik. Dünya təkcə bizdən ibarət deyil, digərlərini də düşünməliyik. Mütləq peyvənd etdirək. Peyvənd ölümün qarşısını demək olar ki, alır”.
Günay Rəsulqızı
Sfera.az