Çin lideri ilə Baydenin görüşü düşmənçiliyə son qoyacaq? – Politoloqdan açıqlama

Çin lideri ilə Baydenin görüşü düşmənçiliyə son qoyacaq? – Politoloqdan açıqlama
"Çin lideri ABŞ-ı inandırmağa çalışıb ki, aradakı gərginlik dünya dövlətlərinin fundamental maraqlarına cavab vermir­­­­­­­".

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Eksper Çin lideri ilə ABŞ prezidenti arasında müxtəlif məsələlərin müzakirə olunduğunu deyib:
 
"Çin lideri iki dövlət arasında əməkdaşlığın keçmiş illərdəki axarına qaytarılmasının sülhə xidmət edəcəyini və hər iki dövlətə fayda gətirəcəyini vurğulayıb. Baydenin bu çağırışlara necə cavab verdiyi barədə səhih məlumat yoxdur. Ancaq liderlər söhbətin sonunda daimi təmasların davam etdirilməsinin vacib olduğunu söyləyiblər.

Bir qrup ekspert iki dövlət arasında müxtəlif məsələrlə bağlı ciddi fikir ayrılıqlarının olduqlarını vurğulasalar da, bəzi sahələrdə əməkdaşlıq üçün zəminin varlığını göstəriblər. Misal üçün, Çinlə ABŞ iqlim dəyişiklikləri, pandemiyaya qarşı mübarizə, o cümlədən, beynəlxalq və regional məsələlərdə ortaq məxrəcə gələ bilərlər. Ancaq fərqli düşünənlərin sayı daha çoxdur. Misal üçün, Çin lideri Baydenlə əməkdaşlığın vacibliyindən danışarkən Pekinin ABŞ-a göndərdiyi yeni səfir Vaşinqtonda çalışacağı ölkənin ünvanına təhqiramiz fikir söyləyib.

Çinin ABŞ-dakı yeni səfiri Tsin Qanın onlayn toplantıların birində verilən suala cavabı belə olub: "Münasibətlərin korlanmasına görə Vaşinqton məsuliyyət daşıyır. Dialoq vasitəsilə problemləri həll etmək lazımdır. Yox, əgər dialoq yoluyla problemlər həll olunmursa ABŞ administrasiyasının ağzını yumması lazımdır”.

Politoloq Çinin ABŞ-ı təhqir etməsi səbəbilə münasibətlərin normala dönməyəcəyini bildirib:

"Tsin Qan ölkəsinin Amerikada sayca 11-ci səfiridir. Səfirin təhqiramiz cümləsi onu göstərir ki, iki ölkə arasında münasibətlərin normallaşması gözlənilmir. İki dövlətin fərqli baxışları və fərqli maraqları var. Doğrudur, yaxın keçmişdə iki ölkə arasında normal münasibətlər mövcud olub. Vaşinqton "soyuq müharibə” illərində iki böyük güclə - SSRİ və Çinlə eyni zamanda mübarizə aparmaq istəmirdi.  Ancaq SSRİ-nin dağılmasıyla durum dəyişdi. Çin SSRİ-nin yerini tutmağa çalışdı, hərbi gücünü artırdı və ətraf ölkələrə əzələ nümayişinə başladı. Belə vəziyyətdə Amerika Çinə yönəlik siyasətini dəyişmək məcburiyyətində qaldı. Amerikada prezidentlərin dəyişməsiylə Pekinə münasibətin müsbətə doğru dəyişəcəyini gözləmək əbəsdir. Çünki Çin Amerika üçün təhlükəsizlik təhdidinə çevrilib".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR