Çin hökuməti epidemiyaya qarşı mübarizəyə 16,7 milyard dollar sərf edib

Çin hökuməti epidemiyaya qarşı mübarizəyə 16,7 milyard dollar sərf edib
 Çin hökuməti ölkədə koronavirus (COVID-19) epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirlərə ümumilikdə 116,9 milyard yuan (təxminən 16,7 milyard ABŞ dolları) əlavə vəsait sərf edib.
 
Sfera.az bildirir ki, Çinin Maliyyə Nazirliyinin rəsmisi Fu Cinlin hökumətin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməklə yanaşı, epidemiyanın iqtisadiyyata təsirini azaltmaq üçün bir sıra tədbirlər həyata keçirdiyini açıqlayıb.
 
İqtisadi artımın dəstəklənməsi üçün vergilərin və ödənişlərin kütləvi şəkildə azaldılması nəticəsində ilin birinci rübündə hökumətin maliyyə gəlirlərinin azaldığını diqqətə çatdıran Fu Cinlin buna baxmayaraq, Çin iqtisadiyyatının böyük potensiala və sabitliyə malik olduğunu, maliyyə gəlirlərini tənzimləmək üçün bir çox imkanlara sahib olduğunu deyib.
 
Qeyd edək ki, Çin hökuməti COVID-19 epidemiyasının iqtisadiyyata təsirini azaltmaq üçün bir sıra ciddi qərarlar qəbul edib. Bəzi sektorların maliyyə yükünün azaldılması istiqamətində atılmış addımlara misal olaraq, nəqliyyat, ictimai iaşə və turizm sektorlarında fəaliyyət göstərən şirkətlərin 2020-ci ildə ödəməli olduqları bəzi ödənişlərin maksimal müddətə (8 il) təxirə salınmasını, məişət xidməti, nəqliyyat və kuryer sahələrində çalışanların əlavə dəyər vergisindən azad edilməsini, epidemiyaya qarşı mübarizədə iştirak edənlər üçün ianələr və subsidiyalar üzrə güzəştli vergi siyasətinin tətbiqini, aviasiya şirkətlərinin zərəri nəzərə alınaraq, onların mülki aviasiyanın inkişafı fonduna vəsait ödəmələrinin dayandırılmasını göstərmək olar. (AZƏRTAC)

OXŞAR XƏBƏRLƏR