İllərin qocalda bilmədiyi əfsanəvi ifaçı

İllərin qocalda bilmədiyi əfsanəvi ifaçı
 

Selami Şahin: "İnsanların qəlbinə toxunmaq çox önəmlidir"

Sfera.az  kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin tanınmış sənətçisi Selami Şahinin yeni albomu işıq üzü görüb. Yerli mətbuata müsahibə verən ifaçı, uğurlarını ilk növbədə həyat yoldaşına və daha sonra özünün yaradıcılıq əzminə borclu olduğunu bildirib. O, yerli mətbuatda dərc olunan yazılarda  "illərin qocaltmadığı əfsanəvi sənətçisi" kimi təqdim olunur. Hətta onu "Türkiyədə 7-dən 70-ə hər kəsin sevimlisi" kimi də qeyd edənlər də az deyil. İfaçının son albomu "Başdan başa sən"  kifayət qədər maraq doğurub. Albomda 12 yeni mahnı işıq üzü görüb. Türkiyə mətbuatında yeni albomu və 50 illik yaradıcılığı ilə bağlı Selami Şahinlə müsahibə dərc olunub. Müsahibəni qısa ixtisarla təqdim edirik.  
 
- 50 ildir ki, sənətdəsiniz. Yaradıcılığınıza fasilə verməyi, istirahət etməyi düşündüyünüz zamanlar olubmu?

- Mənim bir xasiyyətim var, yeni mahnı bəstələyəndə, studiyaya daxil olanda sanki dünyaya yenidən gəlirəm. İçimdə musiqiyə qarşı inanılmaz böyük bir sevgi var. İndiyə qədər bu qədər məşhur, sevilən mahnılar hansı ifaçıya nəsib olub? Mən xalqın sevgisi ilə varam. Mahnılarımı 8, 18, 28 yaşındakı uşaqlarla birlikdə oxuyuram. Heç zaman "fasilə edim, daha sonra davam edərəm" kimi düşüncəyə qapılmamışam. 
 
- Mahnılarınız 7-dən 70-ə, hər kəs tərəfindən sevilir. Bunun sirri nədir?

- Mən hər cür mahnılar bəstələyirəm. Türkiyədə gəlmiş keçmiş bütün sənətkarların ən azından 100-də 90 faizinin bəstələrini oxumuşam. Zaman sənə ayaq uydura bilməz, məcbursan ki, sən zamana ayaq uydurasan. Xalq nə istəyirsə, onu təhlil edib, onların zövqünü nəzərə alıb, yola o şəkildə davam etməlisən. Bu, çox önəmli məsələdir və mən də zamana uyğun hərəkət edirəm. Hesab edirəm ki, işin sirri ancaq bundan ibarətdir.
 
- Hər zaman deyirsiniz ki, 15 yaşında evdən ayrılıb İstanbula gəlibsiniz. Sizin üçün bu mərhələ çoxmu çətin oldu?

- Türk dilini 8 yaşımda məktəbə gedəndə öyrənmişəm. Rəhmətlik anam misirli, atam hataylı, babam isə Atatürkün silah yoldaşı olub. Məktəbi bitirəndə "müğənni olacam" dedim. Ailəm çox kasıb idi. 15 yaşında İstanbula gəldim və həmin gün özümə iş tapdım. Elə o yaşdan da başlayaraq ailəmə baxdım, yemədim, yedirtdim, geyinmədim, geyindirdim, parklarda yatdığım günlər oldu. Soğan-çörək yeyirdim ki, ata-anama göndərəcəyim pul azalmasın. Artıq 16 yaşım olanda məşhur idim. Nə üçün? Çünki ailəmə etdiyim yaxşılıqlara görə, Allah məni mükafatlandırdı. Notları da kitabların köməyi ilə özüm öyrənmişəm.
 
- Musiqi aləmində hər gün yeni adlarla qarşılaşırıq. Sizin kimi qalıcı adlar isə azlıq təşkil edir. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Bu günə qədər yazılmayanları yazır, istifadə olunmayan musiqiləri ifa etmək istəyirəm. Hər kəsin tez-tez istifadə etdiyi "Qismətim belə imiş" və ya "Mən ölürəm məzarıma gəlmə" cümlələri yazmıram. Mənim mahnılarım eşqi, sevgini, kədəri ifadə edir. İnsanların qəlbinə toxunmaq çox önəmlidir. 
 
- Repertuarınıza nəzər yetirdikdə roman havasından Qaradəniz türklərinə, türk sənət musiqisindən arabeskə qədər hər növ musiqiləriniz var. Bu rəngarəngliyi  necə qoruyub saxlayırsınız?

- 17 yaşında məşhur olan musiqiçiyəm. O zamanlar bəstə yox idi. Düşündüm ki, notu bilməliyəm. Dərs alacaq qədər maddi durumum da yox idi. Bizim kəndimizdə sadəcə, məktəb var idi, əslində vəziyyət elə indi də elədir. Kitabların köməyi ilə bildiyim mahnılara baxaraq, onları incələyərək yola çıxdım, heç kimdən dərs almadım və notları özüm öyrəndim. Yəni deməyim odur ki, insan istəyərsə, istəyinə doğru yol alarsa, çalışarsa, mütləq istədiyini əldə edər. İndi hər cür mahnı bəstələyirəm. Mahnı yazarkən həyatdan ilham alıram. Ətrafımda çox zəngin ilham qaynaqlarım var. Bəstələdiyim musiqilər arasında roman, türkü, qərb musiqisi, türk sənət musiqisi var. Hətta məndən opera istəsələr, onu da yazaram. 
 
- Gündəm olan saysız mahnıların müəllifisiniz. Yeni mahnı bəstələyərkən əvvəlkindən daha yaxşısını ərsəyə gətirmək çətin deyil?

 

- Əsər qalıcı olmalı, tez bir zamanda unudulmamalıdır. 20-30 il əvvəl məşhur olan sənətçilər bu gün yoxdurlar. Hazırda müəyyən pilləyə gəlib çıxmaq asan, ancaq orada qalmaq çətindir. Şükürlər olsun ki, bəstəkarlıq bacarığıma görə, mən qalıcı oldum. Dünyaya bir daha gəlsəm, yenə Selami Şahin, yenə bəstəkar və müğənni olmaq istəyərəm. Çünki musiqiyə aşiqəm, dəlilər kimi sevirəm. Ona görə də, onların heç biri mənə çətin gəlmir.
 
- Bəstələrinizi demək olar ki, bütün müğənnilər ifa edir. Kimlərəsə verdiyiniz mahnını nəyə görə bəlirləyirsiniz?

- Bağçaya baxın, bütün güllərin hamısı gözəldir... Eləcə də, bütün sənətkarlar mənim üçün dəyərlidir.  Zəki Mürən 30, Bülənt Ərsoy 20, İbrahim Tatlısəs 15 bəstəmi səsləndirib. Onların hamısının qəlbimdə  yeri ayrıdır. Mahnını hazırlayarkən ifaçının səsinə, ritminə oturacağını düşünürəm və ona uyğun şəkildə hazırlayıram. 
 
- Həyat yoldaşınıza olan eşqinizi davamlı olaraq dilə gətirirsiniz. Xoşbəxt evliliyin sirri nədir?

- Ağıllı insanlar xoşbəxt yaşayar. Həyat yoldaşımı sevirəm. O, mənə dünyanın ən gözəl 3 mükafatını - iki oğlumu və bir qızımı bəxş edib. Xanımım həyatını uşaqlarıma həsr edib. Xanımlar nə deyirsə, o da olmalıdır. Ailəm üçün canımı verərəm. Tanrıdan sonra ailəmə tapınıram.  Övladlarım mənim hər şeyimdir. Bütün işlərdə bərabər oturub, bərabər düşünüb qərar veririk. 
 
- İstərdik, son albomunuz olan "Başdan başa sən"dən bəhs edəsiniz.

- Bir-birindən fərqli, duyğuları açığa çıxaran və tamaşaçının hisslərinə toxunan əsərlərimin toplandığı bir albomdur. Albomda bir-birindən fərqli 12 mahnım var. Albomun aranjemanının Selim Çaldıran, Aydın Sarman və Aykut Gürel həyata keçirib. Bu albomda 2016-cı ildə yayımladığım söz və musiqisi mənə aid olan "Kolay değil" adlı mahnım xaricində 11 yeni mahnı var. 80-ci illərdə Tanju Okan üçün yazdığım və o dövrlər notlarını itirdiyim "Kapatma", "Meyhaneçi" adlı mahnıya da albomda yer verdim. İlk dəfə bu albomda səsləndirdiyim mahnını Tanju Okana ithaf etdim. 
 
- Mahnını oxuyarkən, yoxsa bəstələyərkən özünüzü daha çox ifadə edirsiniz?

- Hər birinin yeri çox fərqlidir. İçimdə musiqiyə qarşı böyük bir sevgi var. 


OXŞAR XƏBƏRLƏR