\"İlin sonunda pandemiya bitəcək\" - Tanınmış həkim

\
"Hamı soruşur ki, koronavirusun neçə dalğası olacaq? Yaxud vaksinin hər altı aydan bir 4, 5-ci dozalarını da vuracağıq?”.
 
Sfera.az bildirir ki, bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda demək olar ki, əksəriyyət koronavirusa yoluxub:

"Kimdən soruşursan, deyir mən yüngül keçirmişdim. Bəziləri heç xəbəri də olmadan asimptomatik  keçirir, təsadüfi yoxlamada igG (immunoglobulin G)  yüksək çıxır. Qalanları da vaksinasiya olunub.  Düşünürəm ki, xəstəlik keçirənlərdə və ya vaksinasiya olunanlarda qoruyuculuq 6 ay yox, daha uzun müddətə qalır. Qanda İgG azalsa, ya testlərin təyin edə bilmədiyi səviyyəyə qədər titr düşsə belə, insanda immunitet qalır, eyni zamanda təkrar yoluxanlar xəstəliyi qrip kimi yüngül keçirirlər”.

Mütəxəssis qeyd edib ki, az hallarda təkrar yoluxma ağır keçə bilər:

"Təkrar yoluxmada virus özünü qüvvətləndirici doza vaksin kimi aparır. Həm də hüceyrə immuniteti  bu insanlarda 10 ildən də artıq qalacaq. Bundan əvvəlki SARS epidemiyasında yoluxanların qanında indiyədək hüceyrə immuniteti qalır, hələ nə qədər qalacağı isə bilinmir. İndiki COVİD-19 virusunun bu barədə fərqlənəcəyi ilə bağlı əsaslı səbəb yoxdur.  Ona görə fikrimcə, çox yaxında 4-cü dalğa,  ilin sonuna isə pandemiya ümumiyyətlə bitmiş sayılacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR