İlhamə Quliyevanın mirası kimə qalacaq? - YENİLƏNİB

İlhamə Quliyevanın mirası kimə qalacaq? - YENİLƏNİB

10:07

"Xalq artisti İlhamə Quliyevanın bütün mirası onun oğlu Orxan Nadirova qalacaq". 

Bunu AzNews.az-a açıqlamasında mərhum sənətkarın vəkili Habil Vəliyev deyib.

O bildirib ki, müğənni Əli Mirəliyev İ.Quliyevanın yaxın qohumudur və istədiyi kimi açıqlama verə bilər: "Əli Mirəliyev haqqında heç nə demək istəmirəm. Onlar qohumdurlar. Necə istəyirsə, elə də açıqlama versin. Qanun öz sözünü deyəcək. Orxan İlhamə xanımın oğludur. Hazırda o, varidat deyil, təkcə İlhamə xanımın yas mərasimi haqqında düşünür. 40 mərasiminə kimi o, bu barədə düşünməyəcək. Kimsə onun varı-dövləti haqqında düşünüb,maraqlanırsa, yolu açıq olsun. Amma qanun bu məsələni araşdıracaq, varisin Orxan Nadirov olduğunu göstərəcək. Hamı tərəfindən məlumdur ki, Orxan Nadirov İlhamə xanımın oğludur. Bunu bütün ictimaiyyət və dövlət adamları da bilirdilər. Yəqin ki, 40 mərasimindən sonra hər şey öz qaydasında olacaq". 

H.Əliyev qeyd edib ki, təkcə İ.Quliyevanın deyil, bütün dünyasını dəyişən insanların ölümündən sonra bank hesabları dondurulur: "Bəli, bank hesabları dondurulub. Mən anlaya bilmirəm, insanları İlhamə xanımın bank hesabları niyə maraqlandırır? Onlar nə üçün banka gedirlər? Nə üçün onun pulunu axtarırlar? Bu kimə lazımdır? Əgər insan dünyasını dəyişirsə, onun bank hesabı, pensiyası, bütün gəlir nöqtələri dondurulur. Sonra proses hüquqi müstəvidə həll olunaraq bu məsələlərə baxılır. Kimsə bu işdə narahatdırsa, narahatlığı da özünə qalacaq. Hər şey hüquqi müstəvidə həll olunacaq".

"Əli Mirəliyev İ.Quliyevanın mirasına iddia edə bilərmi?" sualına vəkilin cavabı belə oldu: "Bu barədə heç nə deyə bilmərəm".

Qeyd edək ki, müğənni Əli Mirəliyev mətbuata açıqlama verərək xalq artisti, mərhum sənətkar İ.Quliyevanın bütün mirasının dövlətə qaldığını və bununla bağlı bank hesablarının dondurulduğunu bildirib.

-----------

09:31

Bu günlərdə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil, bütövlükdə dövlətə qalacaq.

Bu barədə xalq artistinin dayısı oğlu, müğənni Əli Mirəliyev musavat.com-a açıqlamasında bildirib:
 
"Əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Canı ağrıyırdı. Hirslənirdi Orxanın əlindən, ona "bezdelnik" deyirdi. Sonra deyirdi, "yox, oğlumdur". Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı, biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri, filan hamısı məndə idi. Sözdür də, gah deyirdi ki, "evi orduya verəcəm", gah deyirdi "yox, nəvəm var, ona verəcəm". Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq".
 
 Əli Mirəliyev İlhamə Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu da açıqlayıb:
 
"Çünki özü yoxdur. Rəsmi uşağı da yoxdur ki, ona qalsın sərvəti. Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, sənədləşdirirlər. Biz belə görmüşük.  Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Heç bir hüquqi sənəd yoxdur, təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki,"mən mirasımı ölümümdən sonra Orxana verirəm". Biz bunun çevrəsində olan adamlarıq, lakin bu barədə heç bir rəsmi sənəd bilmirik. Biz bilirik ki, xəstəliyi ilə əlaqədar onun beynindəki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da "uff, ayaqlarım, hər yerim ağrıyır" deyirdi. Əziyyət çəkirdi bu adam. Amma efirə çıxanda mərdi-mərdanə çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi..."


OXŞAR XƏBƏRLƏR