AKTUAL

İlham İsmayıl: "Sabah DTX oxşar əməliyyatı bir nazirlikdə keçirsə..." - VİDEO

İlham İsmayıl:
 
Dövlət Təhlükəsizlik Xidməti (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin 30 aprelədək başçısı olmuş Mahir Quliyevin həbsinin videosunu yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, toplanılmış materiallar üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaiti mənimsəməsi, icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsi tapşırığına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 
Yayılan videodan belə anlaşılır ki, Mahir Quliyevin otağında gizli kamera quraşdırılıb, onun rüşvət alma faktları təsbit olunub və həbsi qərarı verilib. İstintaqa ilkin ifadələrində Mahir Quliyev özünün hərəkətlərindən xəcalət çəkdiyini gizlətməyib: "Bu kimi əməllərə görə, əlbəttə ki, peşmanlıq çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram. Vicdan əzabı çəkirəm”.

Mahir Quliyev saxlanıldıqdan 2 gün sonra tutduğu vəzifədən azad edilib.

DTX-nın keçirdiyi əməliyyatlarla bağlı sosial şəbəkələrdə maraqlı şərhlər var. Bu şərhlərin əksəriyyətində DTX-nın qara maskalı əməliyyatçıları digər rayonlara dəvət olunur. Xalq bu cür fəaliyyəti təqdir edir, artıq maskalı əməliyyatçı milli simvola çevirilib. Həbsə alınan icra başçılarının başı üstündə dayanan maskalı DTX əməliyyatçısının fotolarını yayaraq "bizim rayona da gəl” sözlərini yazırlar.

Bu cür əməliyatların rəğbətlə qarşılaşmasının səbəblərindən danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat”a deyib ki, bu, xalqın ədaləti bərpa etmək istəyinin təzahürüdür:
"Əgər sabah DTX oxşar əməliyyatı bir nazirlikdə keçirsə, digər nazirliyin əməkdaşları da deyəcəklər ki, gəlin bizim işlədiyimiz nazirlikdə də bu cür əməliyyat keçir. Sadəcə olaraq, rayon böyükdür, tabelik münasibətləri yoxdur deyə vətəndaşlar əməliyyatçını öz rayonlarında görmək istəklərini açıq şəkildə yazır, deyirlər. İcra başçılarının rüşvəti eyni metodla toplamaları videolardan aydın olur. Ağstafada da, Yevlaxda da, Neftçalada da,  Biləsuvarda da eyni vəzifə daşıyıcıları pul toplayıb. Deməli, Azərbaycanda icra başçıları eyni formuldan istifadə edir. Xalq da bunu bilir və belə əməliyyatların keçirilməsini təqdir edir. Xalq, nəhayət ki, ədalətin bərpa olunmasını istəyir”.

Antikorrupsiya əməliyyatların niyə məhz DTX-nın gerçəkləşdirilməsi ilə bağlı söhbətlərə də İlham İsmayılın münasibətini soruşduq. Cavabı belə oldu:

"Düzdür, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var və əsas vəzifəsi antikorrupsiya əməliyyatlarıdır. Amma nəzərə almaq almaq lazımdır ki, İdarənin belə əməliyyatların keçirilməsi üçün əməliyyat metod və vasitələri yoxdur, texniki imkanları o səviyyədə deyil. Əsas məsələ isə DTX əməliyyatçıların peşəkar qabiliyyəti yüksək səviyyədədir. DTX bu işləri gündəlik görür, daha effektli görür. Gerçəkləşdirilən əməliyyatın məhkəmə perspektivi də nəzərə alınmalıdır. Əməliyyat zamanı sübutlar elə toplanır ki, sonradan kimsə ”rüşvət almamışam" deyə bilmir. Bu cür əməliyyatların məhz DTX-ya tapşırılması peşəkarlıqla bağlıdır".

İlham İsmayıl deyir ki, DTX-nın keçirdiyi əməliyyatlar 11 il 3 ay ərzində Eldar Mahmudovun təhlükəsizlik orqanlarının nüfuzuna vurduğu ziyanın aradan qalxmasına da səbəb olur: "Bu cür əməliyyatların DTX-ya tapşırılması, ədalətli işlərin görülməsinə DTX əməliyyatçılarının göndərilməsi təhlükəsizlik orqanının nüfuzunun qalxmasına xidmət edir. Xüsusi xidmət orqanının nüfuzunun qalxması ölkə siyasəti üçün çox vacib məqamdır”.

İlham İsmayıl əvvəlki icra başçılarının həbsindən digər həmkarlarının nəticə çıxarmamasının səbəbini belə izah edib: "4 rayonda gerçəkləşən həbslər göstərdi ki, zaman-zaman mətbuatda yazılanlar əməliyyatlarla təsbit oluna bilir. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev işdən çıxarılarkən 500 nəfər işçiyə paylanmalı olan maaş kartlarının özü ilə götürüb getməsi xəbəri də yayılmışdı. Cəmiyyətdə narazılıq artdıqca, belə həbslər intensivləşir. Çünki DTX-nın apardığı əməliyyatlar siyasi xarakterlidir, tutulanlar yüksək vəzifəli şəxslərdir. Belə şəxslərin həbsi üçün ölkə rəhbərliyinin razılığı mütləq şəkildə alınır. Total şəkildə göstəriş olacaqsa, DTX bu işin öhdəsindən yüksək səviyyədə gələcək. Bu gün yayılan informasiyalar, xalqın şikayətləri, belə həbslərin təqdir olunması, hər kəsin qara maskalı DTX əməliyyatçısını öz rayonuna dəvət eləməsi onu göstərir ki, başqa rayonlarda da belə halların olması mümkündür”.

İlham İsmayıl deyir ki, bəzi icra başçılarının arxalandıqları qüvvələr olduğundan əvvəl keçirilən əməliyyatlardan nəticə çıxarmırlar: "İcra başçılarını o posta irəli çəkən mütləq bir arxa, qüvvə olur. O arxa, böyük qüvvə fəaliyyətdədirsə, bunlarda bir illüziya yaranır ki, filan nazir mənim arxamda dayanıbsa, filan general mənim üçün lobbiçilik edibsə, deməli, mənə toxunmazlar. Ona görə də rüşvətxor, korrupsioner fəaliyyətlərini davam etdirirlər. Amma  baş verənlər onu deməyə əsas verir ki, durum dəyişib, toxunulmazlıq immuniteti əvvəlkitək işlək deyil. Nazirin  də, generalın da yeri gələndə sözünü geri çevirə bilirlər. Bu cür həbslər həm də arxada dayananlara da bir mesajdır. İcra başçılarının həbslərdən nəticə çıxarmamalarının bir səbəbi də pulun, rüşvətin şirinliyidir. Bu adamlar özləri də yeyir, bir az da arxalarında olan və yuxarıda dayananlara da ötürülər. Düşünürlər ki, vəssalam, kabinetdə oturub köhnə qaydalarla işləyəcəyəm. O dövrlər tədricən aradan qalxır”.

İlham İsmayıl çox maraqlı bir informasiyaya malik olduğunu da açıqladı: "DTX-nın bu əməliyyatlarından sonra Qarabağ zonasında olan bir neçə rayonla bağlı şəxsən bilirəm ki, icra başçıları rüşvəti 2 qata qaldırıblar. Və bunu vəziyyətin ağırlığı - yəni icra başçılarının həbsi ilə əlaqələndirilər. Təsəvvür edirsiniz, bu adamlar qəsdən belə işlər görür. Guya ki, bunlardan pul tələb olunur. Hətta bu əməliyyatlardan istifadə edib rüşvəti 2 qata qaldıran icra başçıları var”.

İlham İsmayıl perspektivdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də funksional fəaliyyətinə qayıdacağını düşündüyünü deyib.
 



XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930