İlham Əliyevin Çin səfərindən ölkəmiz nələr qazana bilər? – EKSPERT RƏYLƏRİ

İlham Əliyevin Çin səfərindən ölkəmiz nələr qazana bilər? – EKSPERT RƏYLƏRİ
 

Dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri ölkə gündəminin əsas mövzularındandır. Prezident rəsmi şəxslərlə yanaşı bir çox tanınmış Çin şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Qeyd edək ki, Azərbaycana Çin sərmayəsinin cəlb edilməsi məsələsi çoxdandı, ölkə rəhbərliyinin gündəmindədir.


Politoloq Şahin Cəfərli mövzuyla bağlı Sfera.az-a bildirib ki, dünyanın ikinci nəhəng iqtisadiyyatı və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Çin Xalq Respublikası müasir beynəlxalq münasibətlər sistemində ciddi çəkisi olan, getdikcə ağırlığını və təsirini artıran dövlətdir. "Şübhəsiz ki, Azərbaycan özünün xarici siyasətində və xarici iqtisadi əlaqələrində belə bir güc mərkəzini gözardı edə bilməz. Bu səbəblə, Çinlə əməkdaşlığın inkişafı normaldır və lazımlıdır. Çin hazırda qlobal geosiyasətdə çok aktiv oyunçu kimi görünməsə də, öz qlobal rolunu artırmağın yolu kimi geoiqtisadi yanaşmaya üstünlük verib”.

 

Ekspert hesab edir ki, bu istiqamətdə Çinin ən mühüm aləti 2013-cü ildən bəri həyata keçirilən "Bir kəmər, bir yol” layihəsidir və Çinin Avropaya, Qərbə açılmasını, yeni bazarlara çıxışını, ixrac marşrutlarının çeşidləndirilməsini təmin edən qlobal infrastruktur proyektidir: "Çinin Avropaya çıxış marşrutlarından biri də Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqliyyat dəhlizidir. Bu dəhliz Çin mallarının Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşrutu üzrə Qara dənizə, yaxud Türkiyəyə, oradan isə Avropaya daşınmasını təmin edir. Bu baxımdan Azərbaycan "Bir kəmər, bir yol” strategiyası çərçivəsində bölgədə Çin üçün önəmli tərəfdaşlardan biridir”.

 

Politoloq bildirir ki, Azərbaycan prezidentinin hazırkı səfəri çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan sazişlər imzalanıb: "Bu sənədlər Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulması, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisi, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracı, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılması barədədir”.

 

Ş.Cəfərli hesab edir ki, texnoloji sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün daha böyük potensial var, xüsusən Çinin "Huawei” və ZTE şirkətləri telekommunikasiya və IT sektorunda dünya liderləridir. Azərbaycanda yüksək texnologiyalı birgə istehsal müəssisələsinin yaradılması yaxşı olardı: "Məsələn, Çin qonşu Gürcüstanda elektromobil zavodu yaratmaq niyyətindədir və layihədə Qərbin avtomobil şirkətləri də iştirak edəcək. Bilirsiniz ki, daxili yanma mühərrikli avtomobillərdən elektrik mühərrikli ekoloji avtomobillərə keçid müasir trenddir və belə görünür ki, Gürcüstan bu sahədə bölgə liderliyini ələ keçirmək fikrindədir. Azərbaycan da müasir trendlərdən geri qalmamalı və bu istiqamətdə qlobal ortaqlıqlar yaratmağa çalışmalıdır”.

 

İqtisadçı Natiq Cəfərli də Çinin ölkəmiz üçün önəmini vurğulayır: "Çin dünyada son illər ən böyük investordur. Çinin dövlət valyuta ehtiyatları 3 trilyon dollara yaxındır, ona görə də dünyanın müxtəlif yerlərində böyük yatırımlar edir. Azərbaycan da bu yatırımlardan pay ala bilər, əgər cəlbedici investisiya mühiti yaratsaq Çin Azərbaycanda istehsal sahələri qurub ətraf ölkələrə ixraca yardımçı ola bilər”.

 

Ekspertin sözlərinə görə, ölkənin coğrafi üstünlüyünü ixrac üstünlüyünə çevirmək olar: "Bunun üçün Çin və digər potensial investorlar üçün cəlbedici şərtlər təqdim etməli, qanunvericili safələşdirməli, yatırımlara zəmanət verməliyik”.

 

Rəşad


OXŞAR XƏBƏRLƏR