İlahiyyatçı alim mollaların fəaliyyəti ilə bağlı təkliflər verdi – “Aldıqları pulları...”
Gündəm
12:10 / 06.05.2021
4449
"İslam aləmində ümumiyyətlə "molla” məfhumu
yoxdur. Molla ancaq bizdədir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sabiq sədri, ilahiyyatçı alim Rafiq Əliyev Sfera.az-a açıqlamasında təsadüfi şəxslərin
molla kimi fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib. O, bildirib ki, Azərbaycanda işçilər siyahısında mühəndis, həkim,
müəllim və digərləri olsa da, "molla” adında iş yoxdur:
"Sadəcə olaraq, mollaları akkreditasiyadan
keçirirlər ki, gedəndə duanı yaxşı, düz oxusunlar, aldıqları pullarla bağlı
Qafqaz Müsəlmanlar İdarəsinə (QMİ) müəyyən hesab versinlər. Mollalar vergi
vermirlər, onların əmək kitabçası yoxdur, müəyyən yaşa gəlib çatanda təqaüd almırlar.
Yəni, bu nöqteyi-nəzərdən molla gərək Azərbaycanda işçilərin siyahısına daxil
edilsin ki, belə bir vəzifə var.
Bu, çətin problemdir. QMİ vaxtilə onları
akkreditasiyadan keçirir və kağız verirdi ki, molla kimi işləyə bilərlər. Hətta
mən çalışdığım vaxtlar, bütün mollalara əmək kitabçasının açılmasını məcburi
etmişdik, çünki onlar qocalanda müdafiəsiz qalırlar. O zaman əmək kitabçası
açırdılar, amma sonunun nə olduğunu bilmədim”.
Müsahibimiz bildirib ki, bu gün dindən
anlayışı olmayan "molla”lara, "din xadimləri”nə inananlar kifayət qədərdir: "Bizdə dinlə bağlı savadsızlıq mövcuddur.
Mollaları qəbirstanlığa gətirib dua oxudurlar, amma ölü sahibi nə oxuduğunu
başa düşmür. Məsələn, mən bilirəm ki, nə oxuyurlar, hətta gedəndə məni
tanıdıqlarına görə yaxınıma gəlmirlər. Amma çox adam bilmir axı, həmin molla nəyi,
niyə oxuyur, ölüyə nə xeyri var? Bizdə ancaq bu, şiə aləmində formalaşıb. Heç
sünni aləmində mollaların gedib dua oxuması vacib hesab olunmur. Amma Azərbaycanda
bu, adət halına keçibsə, molla yas məclisini aparırsa, o şəxslərin savadı
olmalıdır. İslam Universiteti, kollecləri, məktəbləri var – bunları qurtaranlar
həmin işi görməlidirlər.
Yenə deyirəm, molla zümrəsinin hansısa sosial
qutuya salmaq lazımdır ki, bu molla nə olan şeydir? Mütləq bu sahəyə nəzarət
olmalıdır. Mollalara sənəd vermək lazımdır ki, bunların Quran oxumağa ixtiyarı
var ya yox”.
Günay Rəsulqızı