İlahiyyatçı alim mollaların fəaliyyəti ilə bağlı təkliflər verdi – “Aldıqları pulları...”

İlahiyyatçı alim mollaların fəaliyyəti ilə bağlı təkliflər verdi – “Aldıqları pulları...”
"İslam aləmində ümumiyyətlə "molla” məfhumu yoxdur. Molla ancaq bizdədir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, ilahiyyatçı alim Rafiq Əliyev Sfera.az-a açıqlamasında təsadüfi şəxslərin molla kimi fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib. O, bildirib ki,  Azərbaycanda işçilər siyahısında mühəndis, həkim, müəllim və digərləri olsa da, "molla” adında iş yoxdur:

"Sadəcə olaraq, mollaları akkreditasiyadan keçirirlər ki, gedəndə duanı yaxşı, düz oxusunlar, aldıqları pullarla bağlı Qafqaz Müsəlmanlar İdarəsinə (QMİ) müəyyən hesab versinlər. Mollalar vergi vermirlər, onların əmək kitabçası yoxdur, müəyyən yaşa gəlib çatanda təqaüd almırlar. Yəni, bu nöqteyi-nəzərdən molla gərək Azərbaycanda işçilərin siyahısına daxil edilsin ki, belə bir vəzifə var.
 
Bu, çətin problemdir. QMİ vaxtilə onları akkreditasiyadan keçirir və kağız verirdi ki, molla kimi işləyə bilərlər. Hətta mən çalışdığım vaxtlar, bütün mollalara əmək kitabçasının açılmasını məcburi etmişdik, çünki onlar qocalanda müdafiəsiz qalırlar. O zaman əmək kitabçası açırdılar, amma sonunun nə olduğunu bilmədim”.

Müsahibimiz bildirib ki, bu gün dindən anlayışı olmayan "molla”lara, "din xadimləri”nə inananlar kifayət qədərdir: "Bizdə dinlə bağlı savadsızlıq mövcuddur. Mollaları qəbirstanlığa gətirib dua oxudurlar, amma ölü sahibi nə oxuduğunu başa düşmür. Məsələn, mən bilirəm ki, nə oxuyurlar, hətta gedəndə məni tanıdıqlarına görə yaxınıma gəlmirlər. Amma çox adam bilmir axı, həmin molla nəyi, niyə oxuyur, ölüyə nə xeyri var? Bizdə ancaq bu, şiə aləmində formalaşıb. Heç sünni aləmində mollaların gedib dua oxuması vacib hesab olunmur. Amma Azərbaycanda bu, adət halına keçibsə, molla yas məclisini aparırsa, o şəxslərin savadı olmalıdır. İslam Universiteti, kollecləri, məktəbləri var – bunları qurtaranlar həmin işi görməlidirlər.
 
Yenə deyirəm, molla zümrəsinin hansısa sosial qutuya salmaq lazımdır ki, bu molla nə olan şeydir? Mütləq bu sahəyə nəzarət olmalıdır. Mollalara sənəd vermək lazımdır ki, bunların Quran oxumağa ixtiyarı var ya yox”.

Xatırladaq ki, ötən həftə Lerikdə 57 yaşlı molla qonşu qadını qətlə yetirmişdi. Qafqaz Müsəlmanları İdarəsi isə üç uşaq anasını amansızcasına öldürən Murad Əsgərov adlı mollanın idarənin təyin etdiyi din xadimi olmadığını demişdi.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR