İcra hakimiyyətləri ləğv edilsin, meriya seçkiləri keçirilsin - TƏKLİF

İcra hakimiyyətləri ləğv edilsin, meriya seçkiləri keçirilsin - TƏKLİF

"Bakı, digər böyük şəhərlər və rayonlarda idarəetmənin meriya sisteminə keçilməsi zamanıdır, bu günün tələbidir”


Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar bir sıra icra hakimiyyəti başçılarının həbsi fonunda yerli icra hakimiyyəti strukturunun ümumiyyətlə ləğvi və onun səlahiyyətlərinin yerli özünüidarə orqanlarına verilməsi mövzusunun yenidən gündəmə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

 

"Dünya ölkələrində yerli icra hakimiyyəti strukturlarının ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsi təqdirəlayiq hal kimin dəyərləndirilib və öz müsbət nəticəsini verib. Bələdiyyələr adətən yerli əhali tərəfindən seçilir və onun qarşısında cavabdeh orqandır. Dünya praktikasında hər bir yerli idarəetmə orqanının tərkibində bir səlahiyyətli nümayəndə olur. Hansı ki, həmin səlahiyyətli nümayəndə də icra orqanlarının qərarlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. Bu vəzifədə çalışanlar əsasən hüquqşünaslar olur. Onlar yerli idarəetmə orqanlarının verdiyi qərarların qanun çərçivəsində olmasına nəzarət edir”.

 

Həmsöhbətimizin fikrincə, Bakı, digər böyük şəhərlər və rayonlarda artıq idarəetmənin meriya sisteminə keçilməsi zamanıdır. İqtisadçıya görə, yerli icra başçılarını həbs etməklə bu sistemdə yaranmış neqativ halları aradan qaldırmaq mümkün deyil: "Meriya sisteminə keçid günün tələbidir. İcra başçılarını həbs etmək, digər bu sayaq tədbirlərlə vəziyyəti ciddi şəkildə yaxşılığa doğru dəyişdirmək, yoluna qoymaq olmayacaq. Çünki, icra hakimiyyətlərinin neqativ əməlləri artıq ölkədə kütləvi hal alıb.Bu kütləvi cinayətin qarşısını almaq üçün isə köklü islahatlar aparılmalıdır. Yerlərdə və böyük şəhərlərdə idarəetmənin bələdiyyələrə verilməsi məqsədəuyğundur. Bu müstəvidə meriya seçkilərinin keçirilməsi də qaçılmazdır. Yerli icra strukturu tamamilə ləğv olunmalı, onun bütün səlahiyyətləri yerli özünüidarə orqanları və meriyaya keçməlidir. Yalnız onların tərkibində bir məmur kimi, mərkəzi icra hakimiyyəti orqanının təmsilçisi olmalıdır. Ona da qeyri-qanuni qəbul edilən qərarlara veto qoymaq hüququ verilməlidir. Bu sistem ən yaxşı idarəetmə üsuludur”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR