İcra başçısı binanın həyətini və yolunu hasarlayır — Sakinlər ETİRAZ ETDİ (FOTOLAR)

İcra başçısı binanın həyətini və yolunu hasarlayır — Sakinlər ETİRAZ ETDİ (FOTOLAR)

Nizami rayonu, Qara Qarayev küçəsi 30, metronun "Qara Qarayev" stansiyasının çıxışında yerləşən yol və park ərazisi qanunsuz olaraq hasarlanmağa başlanılıb. 


Bu barədə ərazidə yaşayan sakinlər məlumat verib. 


Sakinlər iddia edir ki, ərazidə başladılan işlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun göstərişilə həyata keçirilir:


"Ərazidə işlər ötən il başladılmışdı. Ancaq ötən il ölkə Prezidenti bir neçə icra başçısını vəzifəsindən azad etdi və Bakıda qanunsuz tikililərə qarşı sərt tədbirlər görülməyə başladı. Bu zaman ərazidə görülən işlər qəfil dayandırıldı. Hətta, ərazidə qurulan dəmir dirəklər də tez bir zamanda sökülmüşdü. Görünür, icra başçısı Arif Qasımov vəziyyətin sakitləşməsini gözləyirdi. Artıq yenə ərazi hasarladılır. Burada iş aparan adamlar deyir ki, onlara tapşırıq icra başçısı tərəfindən verilib. İcra başçısı hasarlanan ərazidə nə isə obyekt tikdirəcək".


Sakinlər ərazidə aparılan hasarlanmanın qanunsuz olduğunu deyirlər:


"Binanın həyəti və yolu qanunsuz şəkildə hasarlanıb. Burada uşaqlar oynayırdılar, sakinlər istirahət edirdilər. Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edirik: icra başçısının qanunsuz tikinti işləri aparmasına imkan verməyin".


Sakinlər bildirir ki, əgər qanunsuz hasarlanma işləri tezliklə dayandırılmasa, o zaman Prezident Administrasiyasının qarşısına toplanaraq, şikayət ediləcək. 


Sakinlərin şikayəti əsasında sözügedən əraziyə yollandıq. Həmin ünvanda hasarlanmanın aparıldığını müşahidə etdik. Ərazidən çəkilən fotoları təqdim edirik. 


///demokrat.az

 



OXŞAR XƏBƏRLƏR