İcra başçıları niyə həbs olunur? – KÖLGƏ İQTİSADİYYATI İLƏ MÜBARİZƏ
"İcra başçılarının həbsini korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı ciddi mübarizəyə başlandığının anonsu kimi dəyərləndirmək olar”.
Sfera.az-a açıqlamasında bu sözləri Ağstafa, Yevlax, ardınca isə Nefçala rayon icra başçılarının həbsinin hansı tendensiyanın başlanğıcı olduğunu dəyərləndirərkən politoloq Elşən Mirzəoğlu deyib:
"Prezident İlham Əliyev qeyd etmişdi ki, həyata keçirilən islahatlarda mühüm hədəflərdən biri də ölkədə korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədir. Adı çəkilən olaylarda həbs edilən icra başçıları ilə bağlı məqamda məhz bu iki amil qırmızı xəttlə keçib. Yəni, bir tərəfdən korrupsiyaya qarşı mübarizə kampaniyası, digər tərəfdən isə kölgə iqtisadiyyatının yaratmış olduğu problemlər və onların aradan qaldırılması üçün bəzi rayon icra başçılarının müəyyən təkliflər paketilə yerlərdəki vəziyyətlə bağlı dövlət başçısına məlumat verməmələri, həmin məlumatları gizlətməklə yanaşı, korrupsioner qruplaşmalarla əlaqəyə girmələri, bu yolla da dövlət başçısının həyata keçirdiyi siyasətə münasibətdə alternativ mövqe sərgiləmələri bir necə rayonda icra başçılarının həbsinə gətririb çıxardı. Ona görə də, son dövrlər bəzi icra başçılarının həbs edilməsini korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı ciddi mübarizəyə başlandığının anonsu kimi qiymətləndirmək olar”.
Həmsöhbətimiz qeyd etdi ki, qanunsuzluğa, sui-istifadə hallarına yol verən icra başçıları dövlət başçısının rəhbərlik etdiyi komandada yer ala bilməzdilər: "İslahatların uğuru yerlərdə onun necə həyata keçməsinə məsul olan şəxslərin nə dərəcədə dövlət başçısının yürütdüyü siyasətə sadiqliyindən, bu siyasətin mahiyyətinə varmalarından qaynaqlanır. Bu mənada düşünürəm ki, həm kölgə iqtisadiyyatına qarşı, həm də korrupsiyaya qarşı mübarizənin yaratdığı yeni reallıqlar bir sıra icra başçısının həbs olunmasının əsas səbəbələri sırasına aid ola bilər”.
Elçin
Sfera.az