\"I və IV qruplarda keçən ilkindən aşağı nəticələr olacaq\" - Ekspertdən qəbul imtahanları ilə bağlı TƏKLİF
10:36 / 17.06.2021
1865
"Pandemiya səbəbindən tədris prosesinin formatının dəyişdirilməsi öz təsirini göstərəcək”.
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bu ilki qəbul imtahanlarından danışarkən bildirib. O qeyd edib ki, pandemiya ilə yanaşı, Vətən Müharibəsinin yaratdığı çətinliklər cari ildə 11-ci sinfi bitirən şəxslərin hazırlaşmasına təsir edib:
"Ona görə də hesab edirəm ki, iyul ayında keçiriləcək qəbul imtahanlarında bu amillər nəzərə alınmalıdır. Düzdür, Dövlət İmtahan Mərkəzi elan etmişdi ki, istər buraxılış , istərsə də qəbul imtahanlarında tədris ilinin birinci yarım ilində olan mövzulardan test tapşırıqları təqdim edəcək və ikinci yarımildən salınmayacaq. Amma məsələ mövzularla bağlı deyil. Çünki bilirik ki, abitruyentlər ali məktəblərə sənəd verəndə orta məktəb bilikləri ilə yox, repetitor yanında, hazırlıq kurslarında əldə etdikləri biliklərlə iştirak edirlər. Digər tərəfdən pandemiya dövründə kursların, repetitorların fəaliyyətində məhdudiyyətlər oldu. Bu baxımdan fikrimcə, mütləq şəkildə sualların formatında, ağırlıq səviyyəsində bu amillər nəzərə alınmalıdır”.
Müsahibimizin sözlərinə görə, aprel ayında keçirilən buraxılış imtahanlarının ilkin nəticələri keçən ildən ciddi şəkildə fərqlənmir:
"Düzdür, yüksək bal toplayanların sayında müəyyən fərq formalaşsa da, orta bal, yəni 150-200 arası toplayanların sayında ciddi zəifləmələr müşahidə edilmədi. Lakin bu, buraxılış imtahanıdır və test tapşırıqları o qədər də çətin deyil. Bu il qəbul imtahanlarında əvvəlki illərdəki kimi yüksək nəticə olacağı barədə tam proqnozunu vermək olmaz. Xüsusən birinci və dördüncü qrupda yüksək nəticəyə ümid etmirəm. Bu qruplarda texniki və təbiət fənləridir, biz bilirik ki, pandemiya zamanı onlayn dərslərdə bu fənlərin keçirilməsində problemlər mövcud idi. Ona görə də birmənalı şəkildə düşünürəm ki, birinci və dördüncü qruplarda müəyyən qədər keçən ilkindən aşağı nəticələr olsa da, ikinci və üçüncü qrupda abitruyentlər humanitar olduğu üçün onlayn qaydada mövzuları mənimsəyə biliblər. Bütün hallarda isə, pandemiyanın təsiri özünü nəticələrdə göstərəcək”.
Günay Rəsulqızı
Sfera.az