Hibrid avtomobillərin sayı sürətlə artır – Ölkəyə nə qədər belə avtomobil gətirilib?

Hibrid avtomobillərin sayı sürətlə artır – Ölkəyə nə qədər belə avtomobil gətirilib?

Azərbaycanda hibrid avtomobillərə olan tələb ildən-ilə sürətlə artır. Rəsmi statistikaya əsasən 2018-ci ildə 146 ədəd hibrid avtomobil idxal edildiyi halda, 2019-cu ildə 3645 ədəd, 2020-ci ilin 9 ayında 3678 ədəd idxal olunub. Böyük ehtimalla bu ilin yekununda hibrid avtomobillərin idxal sayı 5 minə çatacaq.


Hibrid avtomobil daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu cür avtomobillərin 2 mühərriki olur. Əsas mühərrik benzinlə, yardımçı mühərrik isə elektriklə işləyir. Hibrid avtomobillərin yaradılmasında məqsəd ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılmasıdır. Təcrübə göstərir ki, hibrid avtomobillərdən ətraf mühitə atılan zərərli maddələrin miqdarı dizel və benzil avtomobillərə nisbətən azdır.


Son illərdə Azərbaycanda bu cür avtomobillərə marağın artması heç də ekoloji məsələlərlə bağlı deyil. Yanacaq xərcinin aşağı olması bu cür avtomobillərə marağı artıran əsas amildir.

 

 

Sfera.az bildirir ki, hələlik ölkəmizdə ekoloji təmiz avtomobillərdən istifadə təşviq edilmir. Əgər Azərbaycanda qonşu Gürcüstanda olduğu kimi hibrid avtomobillərin idxal xərci azaldılarsa, o halda ölkəmizə daha çox sayda hibrid avtomobil gətirilər.

 

Ekoloji avtomobillərdən istifadənin təşviq edilməsi məsələsi BMT tərəfindən bütün dövlətlərə tövsiyə edilib. 2015-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən elektriklə çalışan bütün növ avtomobillərin istifadəsinin genişləndirilməsi ən mühüm məsələlərdən biri kimi qarşıya qoyulub. Sazişin bu sahədə qarşıya qoyduğu başlıca məqsəd dünya üzrə elektriklə çalışan minik avtomobillərin sayının 2030-cu ilədək 100 milyona çatdırılmasıdır.


BMT-nin bu məsələyə belə həssaslıqla yanaşmasının əsas səbəbi ekoloji faktorlarla bağlıdır. Benzin və dizel mühərriki ilə təmin edilən avtomobillər atmosfer havasına daha çox zərərli maddələr atdığından bu cür avtomobillərin elektriklə işləyən və ya hibrid avtomobillərlə əvəzlənməsi zəruri məsələyə çevrilib.

 

Hibrid sistemlə və elektrikli mühərriklə (elektromobil) təmin edilən avtomobillərin satışının az olması həmin avtomobillərin digərlərinə nisbətən baha olması ilə bağlıdır. Xüsusən elektromobillərin dəyəri ilə ənənəvi avtomobillərin dəyəri arasında 50 faizə qədər fərq var. Bunu nəzərə alaraq bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət müxtəlif formada kompensasiya edir.

 

Bunun üçün vergi güzəştləri tətbiq edilir, ənənəvi avtomobillərdən istifadəyə görə vergilər artırılır və s. Almaniya, Böyük Britaniya, Fransa, İspaniyada, Norveç və digər ölkələr elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alışda xüsusi güzəştlərə malikdirlər. Norveç kimi neft istehsal edən ölkə də elektromobil idxalına diqqət yetirir. Rusiyada elektromobil üzrə idxal rüsumları 0 dərəcəyə endirilib.

 

Avropanın və dünyanın digər inkişaf etmiş ölkələrində hibdir avtomobillərin və elektromobillərin geniş yayılmasına baxmayaraq Azərbaycanda hələlik bu cür avtomobillərdən istifadə səviyyəsi aşağıdır. 2019-cu ilə aid olan rəsmi statistikaya əsasən Azərbaycanda 1 milyon 214 min minik avtomobili qeydiyyatdadır. Minik avtomobillərinin 1,098 milyon ədədi benzinlə, 107 min ədədi dizellə, 9273 ədədi qaz mühərriki ilə təmin edilən nəqliyyat vasitələridir. 2019-cu ildə ölkəmizdə hibrid və ya elektrik avtomobilləri qeydiyyatda olmayıb. Əslində ölkəmizdə elektriklə işləyən avtomobillər də var.

 

Amma onlar elektik avadanlığı kimi qeydiyyata alınır və idxal zamanı da bu cür avtomobillərə görə yalnız 15 faiz əlavə dəyər vergisi tutulur. 2019-cu ildən ölkəmizdə hibrid avtomobillərin idxalı xeyli artıb. Hibrid avtomobillərin iqtisadi cəhətdən səmərəli olması, idxal xərclərinin aşağı olması onun alışına təsir edən əsas amillərdir.

 

 

Azərbaycanda hələlik hibrid və elektik avtomobillər idxalı təşviq edilmir. Ölkəyə avtomobil axının qarşısının alınması üçün gömrük rüsumları və vergilərin yüksək səviyyədə saxlanmasını daha məqbul hesab edilir. Qabaqcıl ölkələrin təcrübəsi nəzərə alaraq Azərbaycanda da hibrid və elektomobillərdən istifadənin genişləndirilməsi üçün bəzi vergi-maliyyə tədbirləri görülə bilər. 2020-ci ildə Azərbaycana gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına yenidən baxılmalı idi. Amma bu məsələ ilə bağlı hər hansı yenilik baş vermədi.

 

Onu da nəzərə alaq ki, Azərbaycanın avtomobil parkı artıq köhnəlib və ekologiyaya vurduğu zərər xeyli artıb. Rəsmi məlumata görə atmosfer havasına atılan zərərli maddələrin 70 faizi istifadədə olan avtomobillərdən atılır. Bunun da əsas səbəbi avtomobillərin əksəriyyətinin köhnə olmasıdır. İllər ötdükcə köhnə avtomobillərin istifadədən çıxarılmaması onların avtomobil parkında payının bir qədər də artması ilə nəticələnib. 2014-cü ildə minik avtomobillərinin 62 faizinin yaşı 10 ildən çox olduğu halda, 2019-cu ildə bu nisbət 77 faizə yüksəlib. Mövcud vəziyyətdə avtomobil parkının yenilənməsi üçün hibrid və elektik avtomobillərinin sayının artırılması vacibdir.

 

Vasif

Sfera.az 

 

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...