Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın nicatı oldu
21:15 / 16.06.2020
4072
Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblərdən ən birincisi onun hakimiyyətə qayıtmasından əvvəl ölkədə kriminagen vəziyyətin çox ağır olması idi. Hərbi dəstələr döyüş bölgələrini tərk edərək qiyamçı Surət Hüseynovun başçılığı altında Bakıya doğru hərəkət edirdi. Həm şimalda, həm də cənubda separatçı kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi. Paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qüvvələr istədikləri adamı cəzalandıra bilirdilər. Qonşu ölkələrlə münasibətlər AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq gərginləşmişdi. AXC hakimiyyəti ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə xalqın israrlı tələbləri ilə yeganə çıxış yolunu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycanda milli barış və inkişaf dövrü başlandı. Bakıya qayıtmasından sonra qısa bir müddətdə Heydər Əliyev daxili ictimai siyasi vəziyyəti nəzarət altına aldı. Azərbaycanda sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Ölkə daxilində separatçılıq meyillərinin qarşısı alındı. İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. Bir sıra proqressiv qanunlar qəbul edildi ki, bunlar da iqtisadi sahəni tənzimlədi. Həm də qanunvericilik sahəsi xarici sərmayənin ölkəyə gəlməsi məqsədi ilə təkmilləşdirildi. Ordu quruculuğunda mühüm addımlar atıldı. Azərbaycanın sonrakı illərdə iqtisadi inkişafının əsasını qoyan "Əsrin Müqaviləsi" imzalandı. Bu müqavilənin imzalanması nəticəsində xarici neft şirkətləri Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. Heydər Əliyev xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı - Tiflis -Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi. Azərbaycan xarici siyasətdə intensiv xarici səfərlər, ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində təcriddən çıxmağa nail oldu. Ermənistanın bir işğalçı dövlət kimi dünya ictimaiyyəti tərəfindən tanınmasıını, onun adının bir sıra beynəlxalq sənədlərdə işğalçı dövlət kimi salınmasına məhz Heydər Əliyev müvəffəq oldu. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və o vaxtdan 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bayramınız mübarək!
Nəsimi rayon təhsil işçisi Zalova Amalya