“Hətta alıcıları qapıda gözlətməli oluruq ki...” – Bayram yarmarkalarına böyük axın var
13:41 / 16.03.2021
1150
Xəbər verdiyimiz kimi, Novruz bayramı ilə əlaqədar
olaraq martın 13-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar
Tədarük və Təchizat” ASC tərəfindən "Kənddən şəhərə” yarmarkaları təşkil
olunub.
Bununla bağlı "Aqrar Tədarük və Təchizat”
ASC-nin mətbuat katibi Mayis Musayev Sfera.az-a açıqlamasında yarmarkalara
alıcı tələbatının qənaətbəxş olduğunu bildirib:
"Əvvəllər yarmarkaları həftəsonları edirdik.
Bilirsiniz ki, həmin günlər ictimai nəqliyyat işləmirdi. Buna görə də alıcı
marağı kifayət qədər olsa da, aktivlik nisbətən az idi. Lakin bayrama görə
yarmarkalar ayın 19-na qədər gündəlik fəaliyyət göstərir. Əgər həftəsonları şəxsi
maşınları olanlar və ya yaxın ərazilərdə yaşayanlar gələ bilirdisə, indi
ictimai nəqliyyatla bağlı vətəndaşlar rahat şəkildə gəlib gedə bilirlər”.
M.Musayev gələcəkdə yarmarkaların sayının
artırılmasından da söz açıb: "Biz ötən illərdə çox yerdə yarmarkalar təşkil
edirdik. Ənənəvi olaraq 5 ünvan var idi. Bayramqabağı bu ünvanların sayı 14-ə
çatdırılırdı. Lakin hazırda pandemiyaya səbəbindən çox sıxlıq yaranmasın deyə məhdud
sayda yarmarkalar keçirilir. Amma növbəti məhsul toplama sezonu ərəfəsində
yarmarkaların sayının artırılması ilə bağlı planlar var. Təbii ki, fermerlərin
də iştirak istəklərinə uyğun olaraq yarmarkaların sayının artırılması nəzərdə
tutulub”.
Günay Rəsulqızı
Sfera.az