Hesablama Palatasının funksiyası artırılmalıdır - İqtisadçıdan təklif

Hesablama Palatasının funksiyası artırılmalıdır - İqtisadçıdan təklif
 

 

"Dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması baxımından Hesablama Palatasının təkcə dövlət şirkətləri və qurumları üzərində deyil, eyni zamanda dövlət vəsaitinin yönəldiyi digər sahələrdə də yoxlama aparmaq səlahiyyəti olmalıdır”

Sfera.az-a açıqlamasında bunu Hesablama Palatasının strukturunda dəyişikliklərin olub-olmaması vacibliyinə toxunarkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Hesablama Palatası yoxlamaları həyata keçirməkdə çətinliklərlə üzləşir:

 

"Qeyd edək ki, Hesablama Palatasının funksiyası audit xidməti göstərməkdən ibarətdir. Həmin qurum dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyini, burada olan yayınmaları yoxlayır. Bu mənada da Hesablama Palatasının funksiyasının artırılması çox vacibdir. Bir sıra hallarda Hesablama Palatası hər hansı bir yoxlama aparmaqda çətinlik çəkir. Söhbət ondan gedir ki, dövlət vəsaiti hesabına maliyyələşən layihələr, dövlət vəsaitindən istifadə edən istənilən qurum mütləq yoxlamanın obyekti olmalıdır. Burada söhbət sadəcə xərclənən vəsaitlərin yoxlanılmasından gedir. Düzdür, əvvəlki dövrlə müqayisədə qurumun səlahiyyəti xeyli dərəcədə artıb. Amma hər bir halda, Hesablama Palatası tək dövlət qurumlarını deyil, eyni zamanda dövlət şirkətləri üzərində də yoxlamanı artırmalıdır. Bu istiqamətdə hər hansı bir yoxlamanın getdiyi barədə məlumatları görürük. Ancaq təəssüf ki, hesabatlara rast gəlmirik. Ona görə düşünürəm ki, hesabatlılıq artırılmalı, hər bir yoxlama haqqında detallı məlumatlar verilməlidir.

Belə baxanda, indi də palatanın səlahiyyəti məhdud deyil. Sadəcə, idarəetmədən irəli gələn çətinliklər var ki, onun da nəticəsində Hesablama Palatası öz funksiyasını tam olaraq yerinə yetirə bilmir. Yaxud da yoxlamanın nəticələri ictimaiyyətə qapalı qalır. Bu kimi məsələlərin həllinə diqqət yetirilsə, daha yaxşı olar”.

 

Qeyd edək ki, Milli Məclisin bu günki iclasında Siyavuş Novruzov Hesablama Palatasının strukturunda ciddi dəyişikliklərin aparılmasını təklif edib. Eyni zamanda o yoxlamaların keçirilmə vaxtına etirazını bildirib.

ELÇİN


OXŞAR XƏBƏRLƏR