"Hərdən deyirlər ki, altınıza yığdınız, indi xərcləyin" - Nadir Qafarzadə

Populyar müğənni Nadir Qafarzadə müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Nadir bəy, cəbhə bölgəsindən xoş xəbərlər alırıq... Təəssüratlarınız necədir?
 
- Hər birimiz xəbərlərə ürəkdən sevinirik, səbrsizliklə yenilərini gözləyirik. Və torpaqlarımızın tezliklə tam azad olacağına inanırıq. Həmişə prezident İlham Əliyev çıxışlarında deyirdi ki, bayraqlarımız Qarabağda dalğalanacaq. Ordumuz gücləndi, müasir silahlar alındı. Heç nə birdən-birə baş vermir... Bu böyük və şərəfli bir Vətən müharibəsidir. Biz prezidentimizin yanındayıq.

- Cəbhə bölgəsində baş verən hadisələri nə dərəcədə izləyirsiniz?

- Hadisələri televiziyadan və müxtəlif media orqanlarından izləyirik. Əminik və şahidik ki, bizim ordumuz qələbə çalacaq. Mənfur düşmənimiz dinc əhaliyə atəş açmaqla xalq arasında çaxnaşma yaratmaq istəyir. Cənab prezident İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük. Hazırda iki müharibə gedir, biri cəbhə bölgəsində, biri isə koronavirusla. Hər kəsdən rica edirəm, bir-birimizi sevək, ağ kağız üzərində neqativ nəsə axtarmayaq. Bu gün Nadir Qafarzadə və yaxud başqasının həyatına girib, mənfi bir şey tapmağa çalışmayaq. Müsbət düşünək.

Mən Rusiyada Murmansk vilayətində əsgərlikdə olmuşam. Qəribçilikdə hərbdə olmaq çətindir. Hər gün məktub gözləyirsən. Bu günün gəncləri doğma vətəndə xidmət keçir, döyüşür və qələbə qazanır.

Bu ağır günlərdə bir olmağa, daha sıx birləşməyə çalışmalıyıq. Bəzən insanlar bir-birini günahlandırmaq yarışa girirlər. Məsələn, fikankəs niyə cəbhədə deyil və s. Əgər kimsə cəbhədə deyilsə, deməli, dövlət belə qərar verib. Sabah dövlət qərar versə ki, Nadir Qafarzadə, sən də cəbhəyə getməlisən, təbii ki, gedəcəm. Mənə ehtiyac yoxdursa, bizim əsgərlərimiz var, ordumuz güclüdür. Biz özbaşımıza cəbhəyə gedə bilmərik. Bu, böyük bir müharibə və ciddi prosesdir.

- Azəraycanda kifayət qədər müğənni var. Maraqlıdır, niyə başqa müğənnilər yox, sizin paylaşımlarınız səs-küyə səbəb olur?

- Belə bir atalar sözü var, "El üçün ağlayan göz kor olar". Hərdən bəzi şeylər məni ruhdan salır. Pislər haqqında danışmırlar, yaxşılar həmişə müzakirə olunur. Belədə mən də ruhdan düşürəm, soyuyuram. Verən əlimi də saxlayıram.

Məni sevən insanlar çoxdur, sənətdə xidmətim az olmayıb. Mən cəbhə bölgəsində olanda, orada konsert verəndə insanlar bunu niyə görmürdülər? Halal xoşları olsun. Bir nəfər dedi ki, cəbhə bölgəsində sən olan yerlərə çoxlarının ayağı dəyməyib. Amma haqqına girirlər.

- Özünüzü sənətin hansı pilləsində görürsünüz?

- Biz hazırda Vətənimizi, torpaqlarımızı düşünürük. Qazancını paylaşan yaxşı insanlarımız çoxdur. Mən inanırsınız ki, yaxın günlərdə telefonumu satdım və pulunu kənddə yaşayan bacı-qardaşlarıma göndərdim. İnsanı qınamaq çox asandır. Amma insanın daxilində nə çəkdiyini bilə bilməzsən (kövrəlir). Mən gözüm görə-görə insanın ac, ehtiyac içində yaşamasına baxa bilmirəm. Hətta həyat yoldaşım dedi ki, sən nə günə qalmısan ki, telefonunu satırsan. Dedim, bəs neynəyim? Nəyisə satmalıyam!

Səkkiz aydır pul qazanmıram. Amma heç kim maraqlanmır ki, Nadir nə yeyib-içir. Mən sata-sata gedirəm. Heç olmasa satmağa bir şey var. Hazırda evimi satışa çıxarmışam. Çünki nəslim böyükdür və ehtiyaclı yaxınlarım çoxdur. Bilirsiniz ki, qardaşım ruhi xəstədir. 1993-94-cü illərdə cəbhədə kantuziya alıb. Bir neçə ildən sonra bildik ki, xəsarət alıb. Ruhi xəstədir, 46 yaşı var. Onun ailəsinə baxıram. Bacılarım var, kasıbdırlar, ayda bir dəfə gedirəm ki, ən azından yanlarında ola bilim, ehtiyaclarını ödəyim.

Başqa dostlarım var, əvvəllər pul qazanıblar, musiqiçidirlər, onların ailələrinə əl tuturam. Mən həmişə bölüşməyi sevirəm. Ona görə də gəlin yaxşı insanları qoruyaq. Bu gün varkən yaxşı insanların qədrini bilək. 20 ildən çoxdur ki, professional səhnədəyəm. Mənim nə daydayım olub, nə də kiməsə tapşırılmışam. İrəli öz gücümə getmişəm. Bunun üçün Allahıma minnətdaram. Tanınmasaydım xalq sevməyəcəkdi. Məni uşaqlar da çox sevir.

Heç vaxt dövlətli evinə getməyi xoşlamamışam. Həmişə düşünmüşəm ki, varlı pafoslu olacaq, var-dövlətini göstərəcək. Kasıbların yanında olmağı sevirəm. Demirəm ki, hamısı elədir, amma varlının pul sevgisi böyükdür. Ona görə dövlətli olur. Kasıb isə insanlara sevgisini verir.

- Hazırda pandemiya davam edir. Toy mərasimləri hələ ki, gözlənilmir. Nə edəcəksiniz?

- Toy mərasimi, bayram yoxdursa, o cəmiyyətdə yaşamağa dəyməz. Yas, ağlamaq nəyimizə lazımdır? Bizə toy yaraşır. Düzdür, hazırda Vətən müharibəmiz davam edir

Pulsuzluğu görmüşük, bizi heç nə ilə qorxutmaq mümkün deyil. Yaşım az deyil, bundan sonra 50 yaş yaşayan deyiləm. 20 il yaşasam böyük şeydir bu dərdlərlə… Bu gün heç kim bilmir ki, sən nə yeyirsən. Amma yaxşı, xeyirxah insan olmağa çalışmalısan.

- Rusiya şou-biznesinə qatılmaq istədiniz, alınmadı. Bunun səbəbi nə oldu?

- Böyük bir layihə işlədik, rusiyalı bəstəkar və şairlərlə mahnılar yazdırdıq. Hətta o vaxt Filip Kirkorovun prodakşını ilə müqavilə bağlamışdıq. Sadəcə sponsoru ürkütdülər - o da öz içimizdən oldu. Sponsoru qaçırdılar, dedilər ki, Nadirə kömək edincə bizə elə.

- Həmkarınız mane oldu?

-Bəli, həmkarım idi, Rusiya şou-biznesinə qatıla bilmədi, amma pul ona xərcləndi. Yəni pul onun vücuduna sərf edildi. Amma şükür Allaha, Rusiyada səhnələrə çıxdım. NTV kanalında yeganə azərbaycanlıyam ki, çıxış elədim. Çox adam dedi ki, niyə Eldar adı ilə qatıldın? Bu gün bir çox müğənnilər öz adlarını dəyişiblər. Rusiya və dünya şou-biznesində də bu tendesiya var. Eldar Azərbaycan adı idi, dedilər, adını dəyişdin. Belə şeylərlə ürək bulandıranlar var.

Soçi Festivalında fəxri qonaq kimi iştirak etdim. Konsertin NTV kanalında təqdim edidi, orada özümü görəndə çox sevinirəm. O mənim üçün balaca uğur deyildi. Sıfırdan başlayan ifaçı üçün böyük hadisə idi. Amma nə fayda, özmüzü kəsən "qılınclarımız" imkan vermədi.

 - Sizə bu münasibətin səbəbi nə idi?

 - Kişi doğulmağımız bizə mane olur. Bu sözüm qəribə səslənsə də belədir. Həmişə özüm-özümü maliyyələşdirmişəm, mahnlarımı, kliplərimi və s.

 - Belə çıxır ki, qadın sənətçiləri ucaldan istedad deyil…

- Qadın güclü qüvvədir. Mən adam tanıyıram ki, qadına görə çox güzəştə gedib. Amma sonda güvəndiyi qadın onun inamını itirib və yenidən ailəsinin yanına qayıdıb. Hara getsən də sonunda qayıdacağın yer ailəndir. Mən hamısını demirəm, amma çoxları belədir.

Bəzi qadınların yanında sponsor olur. Amma bilmirəm adına sponsor, yoxsa sevgili deyək? Mən 1993-cü ildə ailə quranda fikirləşdim ki, sevgilim də, dostum da ailəmdir. Toy məclislərindən çıxıb, evə gedirdim. Adam var idi, məclisdən çıxıb bara gedirdi, əylənirdi. Deyirlər ki, ailə ilə sənət olmur. Amma şükür Allaha, ailə ilə sənət də olur və heç kimdən geri qalmamışam. Bacarmayan adam nəyisə bəhanə gətirir. İnsan istəsə ailəni də saxlaya, sənətində də inkişaf edə bilər.

- Siz nümunəvi ailə başçısı kimi də diqqət çəkirsiniz...

- Ümumiyyətlə, nümunəvi ailə olmur. Mən düşünmürəm ki, sizin ailənizdə də söz-söhbət, problem yoxdur. Sadəcə hər birimizin ailə problemi evin içində qalmalıdır. Ağıllı insanlar evdəki problemi saxlayıb, nümunəvi şəkildə təqdim etməlidirlər. Sosial formatlı verilişlərə gələn insanları başa düşə bilmirəm. Ailə problemlərini on milyon əhalinin qarşısında danışırlar. Nə əldə edirlər? Kim sizi yenidən qovuşdurur? O verilişlər sizin üzərinizdən reytinq toplayır.

- Qələbədən və virus bitdikdən sonra ilk olaraq neynəyəcəksiniz?
 
- O sevinci yaşayacam, 30 ildə ümidlə yaşamışdıq. Hazırda bir neçə rayonumuz alınıb. Şəhidlərimizə görə bir gözümüz ağlayır, bir gözümüz gülür. Rayonlarımız alınanda ilk olaraq o bölgəmizdən olan sənətkarlarımıza zəng edib təbrik etmişəm. Zəngilan rayonu alınanda Almaz Orucovaya zəng elədim, sevincindən ağladı.

Mən sevincli və kədərli günlərdə insanın yanında oluram. Hətta yaxın günlərdə Gülbahar Şükürlüyə dəstək olmağa çalışdım.

 - Gülbahar Şükürlü üçün sosial şəbəkədə yardım istədiniz…

- Gülbahar Şükürlü ilə ailəvi dostluq münasibətimiz var. Milli Onkologiya Mərkəzinin rəhbərliyi çox sağ olsun. Sosial şəbəkələrdə çağırışlarımız da kömək oldu. Düzdür, çox tənqidlər aldım, buna baxmayaraq sonu uğurlu oldu. Şükür, Gülbahar xanım özünü yaxşı hiss edir, bir sənətkarı həyata qaytardıq.

 
- Məşhurların da problemi, maddi sıxıntısı ola bilər. Amma bunu qəbul etmək istəmirik. Səbəb nədir?

- Hərdən deyirlər ki, altınıza yığdınız, indi xərcləyin. Biz nə yığmışıq?! Yığanlar yığıb, xərcləyirlər. Siz də həmişə onları qəbul eləmisiniz. Bəziləri elə bilirlər ki, müğənni çox qazandı, problemi yoxdur. Könül qırmayaq, kimin nəyi varsa, özünə qismət.

Dünən mənim pulum var idi, bu gün yoxdur. Deməli, mən evimi satıram. Çox uzaqgörən adamam. Oğlumun da, həyat yoldaşımın da adına evim var. Olmalı idi, axı əziyyət çəkmişik. Müğənni də əziyyət çəkməsə onun cibinə heç kim on manat qoymayacaq.

- Pulsuz toy mərasimləri oxumusuz?

- Bəli, maddi cəhətdən kasıb ailələrin toy mərasimində çox iştirak etmişəm.

 
- Türkiyə şou-biznesi haqqında nə düşünürsünüz?

- Dünyada olduğu kimi Türkiyə şou-biznesində də axsama var. O vaxt Türkiyə səhnəsinə böyük sənətkarlar çıxırdı. Bu gün sənətkarlar yox, ifaçılar var, amma mahnıları yadda qalmır. Tarkanın 90-cı illərdə oxuduğu mahnılar bu gün də yadımızdadır.

Bizim müğənnilərin oraya can atması artıq tikə kimi bir şeydir. Orada sən ucada olmayacaqsan! Onların öz müğənniləri özlərinə bəs edir. Hansısa bir kənddə, "kruq"da tanına bilərsən. 80 milyonluq bir ölkədə hansısa müğənnimizin tanınmasına inanmıram.

- Röya Ayxan və Aygün Kazımovanı da qəbul etmədilər...

- Düşünmürəm ki, Aygün Kazımova və Röya Ayxan birdəfəlik Türkiyəyə getmişdilər. Onlar Azərbaycanda çox işlədilər və düşündülər ki, Türkiyədə də görünək və göründülər də. Röya Ayxanın Türkiyədə məşhur olmasına ehtiyacı yoxdur. Çünki Azəbaycanda yetərli qədər tanınır, pulunu qazanır, sevənləri var. Düşünürəm ki, Röya Ayxan öz ölkəsi üçün daha vacibdir.

Türkiyə şou-biznesində qəbul olunmaq üçün illərini verməlisən. Röya Ayxanın bəlli yaşı var, öz ölkəsində lazımdır. Türkiyədə oxuyub, görünüb, gələ bilər, amma onların ulduzları qədər tanınmasına inanmıram. İradə İbrahimova Türkiyədə kliplər çəkdirdi, amma davam etmədi.

- Müğənni Elnur Hüseynov da Türkiyəyə getdi…

- Elnur Hüseynov tənbəldir. Samir Cavadzadə, Elnur Hüseynov istedadlıdırlar. Amma yaş keçir, öz üzərlərində işləmirlər. Bir az insanın özündə də olmalıdır. Zaman o zaman deyil. Qeyd etdiyim kimi, Elnur Hüseynov güclüdür, istedadlıdır, amma tənbəldir.Teleqraf

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...