Hərbi ekspert Azərbaycanın hücum silahları almasının məqsədini açıqladı
"Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində verdiyi müsahibələrdə ordunun inkişafı, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki vəziyyətə dair geniş fikirlərini açıqladı. Nazir bəzi məqamlara dair ilk dəfə olaraq fikir bildirdi. Ümumilikdə Müdafiə naziri ordu ilə bağlı cəmiyyəti maraqlandıran bütün suallara faktlar əsasında cavab verdi”.
Bunu "Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
R.Məmmədlinin fikrincə, Müdafiə nazirinin qoşunların təmas xətti boyunca manevr imkanlarının güclənməsinə dair fikirləri də qarşı tərəfdə narahatlıq yaradıb: "Ordumuzun son illərdə hücum silahlarına üstünlük verməsi də Zakir Həsənovun çıxışında hiss olunmaya bilməzdi. Ordumuzun son illərdə əldə etdiyi silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək, ərazilərimizin işğaldan azad edilməsinə hesablanıb. Müdafiə nazirinin fikirlərindən də belə qənaətə gəlmək olur ki, Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması üçün başlayacağı hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq. Ermənilər Dağlıq Qarabağın ətrafında yerləşən və işğal altında saxladıqları rayonları özləri üçün guya bufer zona sayırlar. Nazirin son açıqlamaları ilə düşmənin bu iddiası alt-üst oldu. Hesab edirəm ki, Zakir Həsənov bu müsahibəsində açıq və dolayısı ilə bildirdi ki, "bufer zona" Ermənistan Ordusunu məğlubiyyətdən xilas etməyəcək”.
Hərbi ekspert vurğulayıb ki, ordunun şəxsi heyətinin koronavirus pandemiyasından qorunması istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir: "Virusun vüsət almaması üçün tədbirlərin davam etdirilməsi sevindiricidir”.