Hərbçilərimizin qəhrəmanlığının əbədiləşdirilməsi üçün sayt yaradılsın! - TƏKLİF
15:16 / 02.12.2020
1877
"Hərbçilərimizin qəhrəmanlığının əbədiləşdirilməsi üçün sayt yaradılmalıdır".
Sfera.az xəbər verir ki, bu təkliflə tanınmış jurnalist Seymur Teymurov çıxış edib.
"Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş, yararlanmış və döyüşlərdə iştirak etmiş hərbçilərimiz barədə mükəmməl bir sayt yaratmaq lazımdır. Yeni yaradılacaq saytın prototipi II Dünya Müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirilməsi üçün yaradılmış OBD Memorial ola bilər", - deyə S.Teymurov bildirib.
O, yaradılacaq saytda hansı bölmələrə yer verilməli olduğu kimi detalları da diqqətə çatdırıb:
"Bu saytda hərbçilərimiz barədə dolğun məlumat olmalıdır. Hər bir şəhid, onun şücaəti, keçdiyi döyüş yolu, həlak olması barədə məlumat və orden-medalları yerləşdirilməli, əgər varsa foto və video materiallarla zənginləşdirilməlidir.
İtkin düşmüş hərbiçilərimiz üçün xüsusi bölmə olmalıdır. Hər bir detal diqqətlə işlənməlidir. Onları axtaranlar, döyüş yolunu izləmək istəyənlər dolğun məlumat ala bilməlidirlər.
Yaralanmış hərbçilərimiz də unudulmalı deyil. Yaralanma şəraiti, sağalma müddəti, yenidən döyüşlərə qoşulma vaxtı və s. geniş ictimaiyyətə açıq olmalıdır.
Müharibə iştirakçılarının hər birinin döyüş yolu da diqqətdən qaçmamalıdır. Hər bir əsgərimizin xidməti unikaldır. Çünki məhz onlar bizə qələbəni bəxş ediblər.
Hər bir veteran saytdakı şəxsi profilini şəxsi qəhrəmanlıq səlnaməsi kimi xatirələrdə saxlamalıdır. Qazilərimizin döyüş yolu bu sayt vasitəsilə geniş təbliğ olunmalıdır.
Adı Birləşmiş Məlumat Bankı - Zəfər yolu ola biləcək məlumat bazasına I Qarabağ müharibəsi, daha sonrakı dövrlərdə şəhid olmuş hərbçi və mülki şəxslərimizin də məlumatları daxil edilə bilər".
Onun sözlərinə görə, bu saytın yaradılması Zəfər yolunda zəhməti olan igidlərimizin xatirəsini əbədiləşdirər, məlumatlarının toplanacağı etibarlı mənbə olardı.
Aysel
Sfera.az