“Hər şeyi al, yoxsula payla...” – İlqar Məmmədov populistlərin gündəmini məhv etməyə çağırdı

“Hər şeyi al, yoxsula payla...” – İlqar Məmmədov populistlərin gündəmini məhv etməyə çağırdı
"Populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək daha da çətin olacaq”.

Sfera.az xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O bildirib ki,  xalqı aldadan, yerinə yetirilməsi mümkün olmayan, ya da uzunmüddətli inkişafa zərərli sosial şüarlar indidən ifşa edilməli, bu şüarların seçki şansları indidən heçə endirilməlidir:

"Məsələn, populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların və onların yaxın-uzaq qohum-əqrabasının birbaşa ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. Bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş, ya da acından öldürmüşdülər.

Sovetin dağılmasından sonra kapitalın ayrı-ayrı ictimai nöqtələrdə cəmləşməsinə "tarix=xalq” şərait yaradıb. Bu cəmləşmə bütün ölkələrdə baş vermiş bir hadisədir. Amma onu milli inkişaf məqsədləri üçün istafədə etməyi bacarmış və bacarmamış xalqlar var. Populistlər deyir ki, rüşvətxor məmurdan və onun biznesdəki ortağından hər şeyi al, yoxsula payla. Bu, gediləsi yol idisə, kommunistlər tarixdə özlərini doğrultmuş olardı”.

Partiya sədrinin sözlərinə görə, kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq: "Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət  iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir. Bəzən lap elə dövlətin yumşaq məcburlama alətlərindən istifadə etməklə. Amma bütün bunlar qanunun aliliyi və sərmayə üçün digər cazibəli xüsusiyyətləri olan iqlimdə edilməlidir.

Bu baxımdan, hazırda oliqarx çevrələrdə baş verən daxili çəkişmə çox ziyanlıdır. Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq - əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR