\"Hər il kino sahəsinə ayrılan milyonlarla nazirliyin borcu silinir\" - Xalq artistindən ETİRAZ

\
"Dünyada ən böyük gəlir gətirən sahələrdən biri kinodur. Gərək ona şərait yaradasan ki, qazanc götürəsən”.
 
Bunu Sfera.az-a açıqlamasında Xalq artisti, rejissor, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) ötən gün maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi tənqidlərə fikir bildirirkən deyib.

Müsahibimiz qeyd edib ki, kino sahəsində hələ də maddi texniki baza qurulmayıb:

"Kino rəssamlıq deyil ki, əlinə boyanı, fırçanı alıb çəkəsən. O, böyük sənayedir və lazımi səviyyədə pul qazanmaq, bütün dünyaya tanıtmaq üçün birinci maddi texniki bazası qurulmalıdır. Bunlar olmadan istəyirsən get Berqmanı, Kurosavanı gətir, yenə heç bir şey edə bilməyəcəklər. Düzdür, hər il kino sahəsinə 6 milyon pul ayrılır. Lakin bu pul hara gedir? Maliyyə naziri bu məsələdə haqlıdır. Hara xərclənir bunlar? Hansı nəzarət var? Həmin ayrılan vəsaiti param-parça edirlər. Digər tərəfdən normal film çəkmək üçün normal pul ayrılmalıdır. Hətta 6 milyon manat bir filmin çəkilişinə ayrılsa da, yenə azdır. Çünki sənin maddi texniki bazan yoxdur və bütün aparatları Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrdən gətirirsən. Ayrılan pulun çoxu texnikaya sərf edilir. Daş atıb başımı tuturam, yəni indiyə qədər niyə biz maddi bazanı bu səviyyədə yaratmırıq ki, pul da özümüzə qalsın”.

Şeyx Əbdül bildirib ki, kinoya hazırkı yanaşma düzgün deyil:

"Ayrılan pullar mütləq xüsusi komissiyanın nəzarətində olmalıdır. Kinonu yaşatmaq istəyiriksə, ilk növbədə bu sahə Mədəniyyət nazirliyindən ayrılmalıdır. Nazirliyin kino tariximizə heç bir aidiyyatı yoxdur. Tamamilə fərqli strukturlardır. Tarixən özünü sübut etmiş kino sahəsi hər zaman müstəqil qurum kimi fəaliyyət göstərəndə böyük işlər görüb. Niyə Mədəniyyət nazirliyinə qoşulandan sonra heç bir iş görülmür? Həmin 6 milyonun 3-4 milyonu nazirliyin borcuna silinir, heç kinostudiyalara çatmır. Digər tərəfdən bizim beynəlxalq festivallarda mükafat alan filmlərimiz də var. Boş əllə, cırmaq-cırmaq çəkdiyimiz filmlər festivallarda premyalar alıb yer tuturlar. Kino barmaqla çəkilən sənət deyil, əksinə təşkilati iş tələb edən sahədir. Onun min cür strukturları, sahələri var və bunlar vahid mərkəzdə birləşməli, ortaya sənət əsəri qoyulmalıdır”.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov vəsaitlər ayrılsa da, nəticədə hər hansı bir kino əsərlərinin görülmədiyini deyib. "Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir” , - deyə o bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR