Helsinkidə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Helsinkidə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Helsinki, 25 fevral, AZƏRTAC

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın İsveçdəki səfirliyinin və Finlandiya-Azərbaycan Dostluq Qrupunun birgə təşkilatçılığı ilə Helsinkidə anım mərasimi keçirilib.

Mərasimdə Finlandiyada akkreditə olunmuş bir sıra səfirlər, ölkə parlamentinin nümayəndələri, siyasi araşdırmalar mərkəzlərinin əməkdaşları, yerli ictimaiyyətin, habelə Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov mərasim iştirakçılarına xalqımızın tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı məlumat verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərini bir gecə içərisində darmadağın etdiklərini qeyd edən səfir ermənilərin şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qırğına məruz qoyduqlarını və qətl edilmiş insanlara qarşı ermənilər tərəfindən inanılmaz vəhşiliklərin törədildiyini diqqətə çatdırıb.

Hərbi münaqişələr zamanı dinc insanların toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarının mövcud olduğunu bildirən A.Məmmədov Ermənistan ordusunun müstəqil Azərbaycan ərazisinə hərbi təcavüz etməklə bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozduğunu, digər tərəfdən isə dinc insanları amansızlıqla qətlə yetirməklə daha ağır cinayətlərə imza atdıqlarını, lakin çox təəssüf ki, belə dəhşətli cinayət törətmək əmri verən və bu cinayətlərin birbaşa iştirakçıları olan insanların bu gün Ermənistan hökumətinin yüksək eşelonunda təmsil olunduqlarını qeyd edib.

Sonra səfir tarixə nəzər salaraq hələ keçən əsrin əvvəllərində "Böyük Ermənistan” yaratmaq arzusu ilə yaşayan ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyini və nəticə olaraq, Azərbaycanın Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldığını bildirib. 1992-ci ildən başlayaraq Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən zəbt olunduğunu qeyd edən səfir işğal edilmiş ərazilərdən 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından qovularaq qaçqın və köçkün vəziyyətinə salındığını bildirib. O, həmçinin zəbt olunmuş ərazilərdə azərbaycanlılara məxsus bütün maddi və mənəvi abidələrin erməni işğalçıları tərəfindən darmadağın edildiyini diqqətə çatdırıb.

1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyini və bu qətnamələrin hər birində Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi və Ermənistanın təcavüzkar siyasətinə son qoymasının birmənalı şəkildə tələb olunduğunu bildirən Adış Məmmədov həmin qətnamələrin bu günə qədər həyata keçirilmədiyini, Ermənistan hərbi birləşmələrinin müstəqil bir dövlətin - Azərbaycanın ərazilərinin işğalını davam etdirdiyini vurğulayıb.

Səfir XX əsrin əvvəllərində dünyada beynəlxalq hüququn hələ təsbit edilmədiyi, dünya nizamını təmin edən beynəlxalq və regional təşkilatların yaranmadığı, üstəlik I Dünya müharibəsinin davam etdiyi bir dövrdə Osmanlı imperiyası ərazisində baş verən ölüm hallarını "erməni soyqırımı” kimi tanımaq istəyən və müdafiə edən Avropa cəmiyyətlərinin XX əsrin sonunda dünyanın gözü qarşısında ermənilərin törətdiyi vəhşiliklərə, xüsusilə Xocalı qətliamına göz yumduqlarını təəssüflə qeyd edib.

Çıxışının sonunda Adış Məmmədov Azərbaycan xalqı və Azərbaycan hökuməti tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, törədilən hərbi cinayətin açılması və cinayətkarların öz cəzalarına çatması istiqamətində bu vaxta qədər çox böyük işlər görüldüyünü bildirib. O, artıq dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən Xocalı hadisələrinin azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Cənubi Qafqaz üzrə finlandiyalı ekspert, konfliktoloq Mikko Palonkorpi tədbirdə çıxış edərək bütövlükdə regionun, xüsusilə də Azərbaycanın Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini, lakin yerləşdiyi coğrafi məkanda çoxlu münaqişələrin baş verdiyini və böyük maraqların toqquşduğunu qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının törədilməsi faktının, xüsusilə də baş verən hadisələrə ədalətli yanaşmanın bərqərar olmamasının regional və beynəlxalq əməkdaşlıq cəhdlərinə fundamental təhlükə yaratdığını və bunun da öz növbəsində bütün regiona mənfi təsir göstərdiyini qeyd edib.

Sonda finlandiyalı ekspert beynəlxalq terrorizm məsələlərindən danışaraq, Xocalı soyqırımını törədənlərin İŞİD və "Əl-Qaidə”dən heç də fərqlənmədiklərini bildirib.

Sonra Xocalı qətliamı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli filmi nümayiş etdirilib.

Tədbirin sonunda ingilis araşdırmaçı İan Peartın müəllifi olduğu və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən çap olunan "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab və faciə ilə bağlı səfirlik tərəfindən hazırlanmış broşürlər və videodisklər tədbir iştirakçılarına təqdim olunub.






OXŞAR XƏBƏRLƏR

“Tu-22M3” təyyarəsinin ekipajı qızıldan da dəyərlidir – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....