Hava şəraiti KTN-ni ciddi problemlərlə üz-üzə qoyur – ekspertdən açıqlama

Hava şəraiti KTN-ni ciddi problemlərlə üz-üzə qoyur – ekspertdən açıqlama
 "Keçən il hər hektardan 29 sentner taxıl əldə edildiyi halda, mövcud hava şəraitinin davam etməsi fonunda cari ildə məhsuldarlıq 20-25 sentnerə qədər düşəcək”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda iqlim şəraitinin mövsümə uyğun olmayaraq keçməsi fonunda kənd təsərrüfatı məhsullarının hansı çətinliklərə məruz qalacağı məsələsinə toxunarkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib:
 

"Havaların qışa uyğun keçməməsi fonunda ölkəmizin əkin sahələrində qış aratı effektli olmayacaq. Torpaq arata qoyulan vaxtı onun hava udmaq məsələsi var. Havalar soyuq olanda, qar yağanda torpaqda olan zərərvericilər məhv olur. İndiki hava şəraitində isə bu baş vermir. Digər tərəfdən, qarın yağması örtük vasitəsi rolunu oynamaqla qışda taxıl bitkisini donmaqdan qoruyur. Qışın belə zəif keçməsi təbiətin, ağacların da vaxtından qabaq oyanması deməkdir. Nəticədə bitkilər öz vegetasiya dövrünü başa çatdıra bilmir. Vegetasiya dövrünü başa çatdıra bilməyən kənd təsərrüfatı məhsullarının məhsuldırlığı və keyfiyyəti də bu fonda aşağı olur”.
 
Bir sözlə, həmsöhbətimizin fikrincə, mövcud hava şəraiti cari ildə Kənd Təsərrüfatı Nazirliyini ciddi problemlərlə üz-üzə qoyacaq:
 
"Yəni havanın mövsümə uyğun keçməməsi Kənd Təsərrüfatı Nazirliyi qarşısında bir növ yeni ciddi problemlər qoyur ki, həmin problemlərlə də indidən məşğul olmaq lazımdır. Mütləq ölkənin gübrə ehtiyatı çoxaldılmalı, ziyanvericilərə qarşı mübarizə preparatları da kifayət qədər olmalıdır. Bundaş başqa, məhsuldarlıq aşağı olması ehtimalının yüksək olması fonunda müvafiq qurumlar ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində indidən ehtiyat tədbirləri görməlidir”.
 
C. Nuriyev düşünür ki, mövcud vəziyyətdə taxılçılıqda məhsuldarlıq aşağı düşəcək:
 
"Havanın mövsümə uyğun keçməməsi taxılçılıqda hər hektardan götürülən məhsulun həcminin azalmasına gətirib çıxaracaq. Keçən il hər hektardan 29 sentner taxıl əldə edildiyi halda, mövcud vəziyyətin davam etməsi fonunda cari ildə məhsuldarlıq 20-25 sentnerə qədər düşə bilər. Bu da böyük itkidir. Ümumiyyətlə, mövcud hava şəraiti qış əkini dövrünə düşən kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərəcək. Xüsusən də bu hal meyvəçiliyə pis təsir edəcək”.
 
Elçin
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR