“İsveçrə, Danimarka və başqa ölkələrin dövlət nömrə nişanlarını tapırlar və...” – Toy karvanlarımız ölüm saçır

“İsveçrə, Danimarka və başqa ölkələrin dövlət nömrə nişanlarını tapırlar və...” – Toy karvanlarımız ölüm saçır
Uzun müddətlik fasilədən sonra Azərbaycanda toy məclisləri keçirilir. Bununla da illərdir, yaşanan problem yenidən gündəmə gəlib. Belə ki, toy karvanları hələ də bir sıra çətinliklər yaradır, yol qəza hadisələrinə səbəb olur. Yol polisi bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, nəticə ürəkaçan deyil.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında toy karvanları ilə bağlı hər hansı irəliləyişin olmadığını deyib:

"Əksinə, indi təzə hoqqalar çıxarır, yeni üsullara əl atırlar. Avtomobilin nömrəsini dəyişirlər, çünki sosial şəbəkələrdə görüntü yayılan zaman yol polisi tərəfindən cəzalandırılacaqlarını bilirlər. İsveçrə, Danimarka və başqa ölkələrin dövlət nömrə nişanlarını hardansa əldə edib toy karvanlarında şou göstərirlər. Artıq vəziyyət daha təhlükəli həddə çatıb. Dəfələrlə edilən xəbərdarlıqlara, toy sahiblərinə ünvanlanan müraciətlərə baxmayaraq, nəticə yoxdur. Toy karvanında iştirak edənlərdə, o hərəkətləri edən sürücülərdə bir az vicdan, insani keyfiyyət olsaydı, heç vaxt faciəyə səbəb olmaz, hadisə törətməyə çalışmazdılar. Görünür, onlar toy sahiblərinə dəyər vermirlər, istədiklərini edərək qan-qaraçılıq salırlar. Sosial şəbəkələrdə yazırlar ki, toyda maşının iki təkəri də qalxmadısa, nə ləzzəti... Görün, bu cəmiyyətdə nə qədər bədbəxt, təfəkkürsüz insanlar yetişir”.

Müsahibimizin sözlərinə görə, bu istiqamətdə yaxşı hal ondan ibarətdir ki, görüntülər yayılan kimi dərhal tədbir görülür:

"Pis hal odur ki, nömrələri gizlədirlər. Ən pisi isə bu halların geniş şəkildə yayılmasıdır. Daha təhlükəli hərəkətləri təkar edən sürücülər var. Toy karvanında 5-6 nəqliyyat vasitəsinin olması kifayətdir. Amma bəzi toy karvanlarında 20-25 maşın gedir. Hardan toy karvanı keçirsə, orada tıxac yaranır. İşıqforu görməzdən gəlirlər, bəzən qırmızı ışığın qabağını kəsib başqalarına yol verirlər, hoqqabazlıq edirlər.
 
Düzdür, hər bir xalqın özünəməxsus xatakteri var. Məsələn, Türkiyədə toy karvanlarında vəziyyət başqa cürdür – havaya atəş açırlar və.s. Yaxud Dağıstanda avtomatla gedirlər. Yəni, bizdən də təhlükəli hərəkətlərə yol verirlər. Qafqaz xalqları arasında qismən sakit nümunə bizik. Amma çox təhlükəlidir və bunu insanlara da başa salmaq lazımdır. Toyun yasa çevrilməyini istəmiriksə, bu cür hallardan qaçmalıyıq. Toy sahibləri, ağsaqqallar burda rol oynamalıdır. Həmin karvanda yaşlılar, böyüklər də iştirak edirlər. Anlaya bilmirəm ki, aralarından biri maşını saxlayıb niyə sorğulamır, etiraz etmirlər? Hər bir halda bu vasitələrdən istifadə etməliyik”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR