Hacıbala Abutalıbov bundan sonra nə işlə məşğul olacaq? - İlk dəfə açıqladı
Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.
Sfera.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.
Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.
Son 20 ildə Abutalıbovun çox yüksək vəzifələr tutması onun elmi fəaliyyətdən kənarlaşmasına səbəb olub. O, Fizika İnstitutundakı vəzifəsini də arxa plana keçirməli olub. Xüsusilə son ilərdə Abutalıbov ikinci iş yerinə demək olar gəlməyib.
Lakin baş nazir müavinliyindən kənarlaşdırıldıqdan sonra yaxın ətrafına dediklərindən belə başa düşmək olar ki, onu AMEA-da, Fizika İnstitutunun "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri kabinetində davamlı görmək mümkün olacaq.
Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi:
"Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi, bu, hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub..."