Güzəştli kreditlərin həcmini necə artırmaq olar? – “Bu, yeni iş yerlərinin açılması deməkdir”

Güzəştli kreditlərin həcmini necə artırmaq olar? – “Bu, yeni iş yerlərinin açılması deməkdir”
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib. Kredit verilən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olub. Layihələr tam reallaşdırılandan sonra 173 mindən çox insan üçün iş imkanı yaranacaq.

Sahibkarlara ayrılan kreditlər dövlət büdcəsinin və geri qaytarılan vəsait hesabına maliyyələşdirilir. Əvvəlki illərlə müqayisədə son dövrlər verilən güzəştli kreditlərin həcmində ciddi artıma nail olunmayıb. Təxminən hər il 140-180 milyon manat həcmində kredit verilir. Ötən il isə pandemiya ilə əlaqədar güzəştli kreditlərin həcmi bir qədər azalıb.
 
2020-ci ildə sahibkarlara 126,9 milyon manat güzəştli kredit ayrılıb. Bu, 2019-cu illə müqayisədə 48,1 milyon manat və ya 27,5 faiz azdır. Ötən il verilən kreditlərin 15,4 milyon manatı mikro, 19,7 milyon manatı kiçik, 71,7 milyon manatı orta, 20,1 milyon manatı böyük sahibkarlara verilib.
 
Bəs, kredit qoyuluşunun daha çox artırılması üçün hansı əlavə tədbirlər görülməlidir?

İqtisadçı Nazim Bəydəmirli hesab edir ki, sahibkarlara daha çox güzəştli kreditlərin verilməsi üçün Mərtkəzi Bankın və Dövlət Neft Fondunun vəsaitlərindən də istifadə edilməlidir. Onun fikrincə, bunlarla bərabər ölkədə biznes kreditləri üzrə faiz dərəcələri aşağı salınmalıdır. O bu məqsədilə effektiv monetar tədbirlər görülməsinin zəruri olduğunu söyləyib:
 
"Mərkəzi Bank və Dövlət Neft Fondu öz vəsaitlərinin bir hissəsini aşağı faizlə yerli banklara qoymalıdır. Yerli banklardan da sahibkarlar yararlanmalıdır. Ölkəmizin valyuta ehtiyatlarının 50 milyard dollar olduğu bildirirlir. Belə bir ölkədə sahibkarlara 15 faizdən aşağı dərəcə ilə biznes krediti verilmir. İstehlak kreditləri isə 30 faizdən də yüksəkdir.
 
Kommersiya banklarının ayırdığı kreditlər bahalı olduğundan dövlətin güzəştli kreditlərə tələb yüksəlir. Kredit üçün ayrılan vəsait az, kredit götürmək istəyənlər isə çox olduqda korrupsiya hallarına əsas yaranır. Sahibkarlar çalışır ki, müxtəlif yollarla həmin aşağı faizli kreditləri alsın”.
 
N.Bəydəmirli qeyd etdi ki, ölkəmizdə kredit faizləri aşağı salınmadan və aşağı faizlə kredit qoyuluşunun həcmi artırılmadan daha çox sahibkar güzəştli kreditlərdən faydalana bilməyəcək: "Dövlət büdcəsinin vəsaiti hesabına müxtəlif dəstək layihələrinin həyata keçirilməsi yaxşıdır. Ancaq nəticə almaq üçün uzun müddət tələb olunur. Heç bir ölkə yalnız dövlət büdcəsinin vəsaiti hesabına sahibkarlığın maliyyələşdirilməsinə, onların inkişafına nail olmayıb. Kredit faizləri aşağı olan ölkələrin təcrübəsi göstərir ki, hökumətlər ümumi kredit faizlərinin aşağı düşməsinə təşəbbüs göstəriblər. Buna da Mərkəzi Bankın pul-kredit siyasəti, uçot dərəcəsinin aşağı salınması və kommersiya banklarına ucuz resursların verilməsi ilə nail olublar”.
 
Həmsöhbətimiz ölkəmizdə kredit faizlərinin yüksək olmasında və güzəştli kreditlərdən daha çox sahibkarın istifadə edə bilməməsində məmur sahibkarlığının da rolunun böyük olduğunu dedi: "Sahibkarlığın İnkişafı Fondu əvvəllər Sahibkarlığa Kömək Milli Fondu adlanırdı.  Həmin dövrdə verilən kreditlər əsasən böyük şirkətlərin və holdinqlərin maraqlarına xidmət edirdi. Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin ediləndən sonra güzəştli kreditlərdən daha çox sahibkarın istifadə edilməsi istiqamətində tərpəniş var.

Amma biz sahibkarlar və müxtəlif banklar arasında sorğu keçirmişik. Sorğunun nəticələrinə əsasən sahibkarların çox hissəsi hələ də güzəştli kreditlərdən yararlana bilmir. Bunun bir səbəbi də kreditlərin baha olmasıdır. Kreditlərin baha olmasının kökündə dayanan əsas fakt bank-maliyyə sektorunun inhisarlaşması və məmur sahibkarlığına bağlı olmasıdır. Ona görə də bank sektoru da sağlamlaşdırılmalıdır”.
 
Vasif
Sfera.az
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...