Gürcüstandan gözlənilməz ADDIM - Eyni gündə Azərbaycan və Ermənistan səfirləri ilə görüş nəyə işarə edir?

Gürcüstandan gözlənilməz ADDIM - Eyni gündə Azərbaycan və Ermənistan səfirləri ilə görüş nəyə işarə edir?
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşüb. 

Maraqlıdır, səfirlərlə eyni gündə keçirilən görüşlər Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyindən irəli gələ bilərmi?

Sfera.az-ın məlumatına görə, bununla bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əgər Gürcüstanın vasitəçiliyi Ermənistanı Azərbaycana qarşı gələcək təxribatlardan çəkindirəcəksə və regional əməkdaşlığı ön plana çəkəcəksə, qəbul oluna bilər:

"Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl Tiflisdə erməni həmkarı Armen Sarkisyanla görüşmüşdü. Salome Zurabişvili erməni həmkarıyla birgə bəyanatla çıxış edərkən bunu demişdi: "Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”.
 
Salome Zurabişvili Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyinə bu cümləylə işarə etmişdi: "Biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”. 

Ancaq biz nəyi müşahidə edirik? Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib və Salome Zurabişvili bunu sükutla qarşılayıb, hətta sosial şəbəkədə paylaşmağa üstünlük verib”.

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur üzərindən kommunikasiya xətləri açılarsa, iqtisadi zəmində bundan Gürcüstanın elə bir uduşu olmayacaq:

"Gürcüstan illərdir Azərbaycan-Ermənistan gərginliyindən öz məqsədləri üçün istifadə edib, iqtisadi qazancını artırıb. İndi Tiflisin siyasətini qəfil dəyişəcəyini və Ermənistanla Azərbaycanı barışdırmaq üçün var gücüylə çalışacağını söyləmək çətindir”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR