“Görənlər polisə məlumat verə bilərlər” - Bu təhlükə avtobusda, metroda belə qarşımıza çıxır
Maraqlısı budur ki, təhlükə saçan həmin insanlara əksər vaxtlarda müdaxilə edən olmur, onlar asanlıqla metro stansiyalarına daxil olurlar. Bununla bağlı saytımıza şikayətlər də daxil olur.
Bəs görəsən, belə təhlükəli insanlara necə nəzarət olunmalıdı? Ruhi xəstələrin təhlükə saçaraq ətrafımızda dolaşmasına, insanların sıx olduğu nəqliyyat vasitələrinə asanlıqla daxil olmasına səbəb nədir? Onlara nəzarətin gücləndirilməsi üçün kimisə yaralamaları, öldürmələrimi lazımdır?
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı pxisiatr Orxan Fərəcliyə müraciət etdik. "Yeni Sabah”a danışan O, Fərəcli ruhi xəstələrlə bağlı məsələni belə şərh edib:
"Bununla bağlı "Psixiatriya yardımı haqqında” Azərbaycan Respubikasının qanunu var. Bu qanunda bu məsələlər çox konkret tənzimlənir. Xəstə o halda xəstəxanaya yatırıla bilər ki, özü və ətrafı üçün təhlükəli olarsa, yəni intihar riski var və ya ətrafındakılara zərər verir və s.
Hər xəstəni xəstəxanaya yatırmazlar. Bu, çox ciddi məsələdir. Ailənin bu barədə ərizəsi olmalıdır. Əgər pasient özü istəmirsə, onda məhkəmə qaydasında tənzimlənəcək.
Azərbaycanda ümumi psixitriya xəstələri üçün yataq sayısı 3 minə yaxındır. Ən böyüyü də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasıdır. Orada təxminən 1800-2000-nə yaxın çarpayı var. Ora il boyu tam dolu olur”.
O. Fərəcli bu xəstələrlə bağlı dünya praktikasından da söhbət açıb:
"Ümumiliyyətlə, bütün dünyada belə bir tendensiya var ki, bu tip xəstələrin psixiatrik stasionardan maksimum kənar müalicə etmək lazımdır. Çünki xəstəxana özü xəstə üçün travmadır, orada uzun müddət yaşayırlar və s. İndi bizim üzərimizə düşən iş odur ki, bu xəstələri o həddə çatrdırmayaq. Küçədə gördüyümüz xəstələr müalicəsizliyin nəticəsidir. Adətən belə insanlar özlərini xəstə hesab etmir. Xəstə hesab etmədikləri üçün də dərman içmirlər. Bu da vəziyyəti daha da ağırlaşdırır”.
O bildirib ki, belə təhlükəli insanları görənlər polisə və digər aidiyyatı qurumlara xəbər verə bilərlər:
"Əksər vaxt burada ilk öncə ailəni təlimatlandırırıq. Poliknika həkimlərdə nəzarət etməlidir. Təsəvvür edin ki, Bakıda 300 min insanın yaşadığı əraziyə cəmi bir psixiatr düşür. Mümkün deyil ki, həkim bir-bir qapıları yoxlasın ki, xəstə var ya yox. Bu ümumi sosial məsələdir. Hər kəs bir-birinə kömək olmalıdır. Məsələn, kimsə bir vətəndaş olaraq, belə pasient olduqda ilkin olaraq, qayda ilə həmin ərazinin poliknikasında psixiatr varsa, ona ya da polis orqanlarına məlumat verə bilərsiniz ki, bu insan ətrafa təhlükə yaradır, insanları qovur, kimsənin yolunu kəsir və s.
Azərbaycanda şizofreniya xəstələri cəmi 1 faizdir. Nümunə kimi desək, 10 milyon əhalimiz varsa, onun cəmi 100 mini bu vəziyyətdədir. Bu rəqəmin 2-3 mini xəstəxanalarda yatır. Qalan pasientlər isə aramızdadır və belə də olmalıdır. Bəzən məni də, sizi də narahat edən xəstələr olur ki, onların yatızdırılması məsləhətdir, amma hər xəstə xəstənən kimi xəstəxanaya gedəcək deyə bir qanun yoxdur. Bəzən çox dəhşətli görünən pasientlə bir həftəlik müalicəylə çox gözəl nəticələr ala bilirik. Amma bəzən də xəstəxanadan başqa çıxış yolumuz qalmır. Bunların hamısı adını çəkdiyim qanunda konkret şəkildə yazılıb”.
Psixiatr həmçinin ruhi problemləri olan insanların nəqliyyatdan istifadəsi məsələsinə də aydınlıq gətirib:
"Əgər həmin insan polis əməkdaşının diqqətini çəkərsə, bu şəxs özündə deyil, narahat vəziyyətdədir, belə situasiyada onu yönləndirmək olar. Əqli problemləri olan elə bir fərd də ola bilər ki, metrodan keçən zaman çox rahat, heç bi qeyri-adi davranış göstərmədən keçə bilər. Daha sonra içəridə özünü narahat hiss edə bilər. Lakin onun da ictimai nəqliyyatdan istifadə etmək hüququ var. Əgər bu hüquqlar başqasının hüquqlarını tapdalayırsa, o zaman müdaxilələr qaçınılmazdır”.