Gözlənilənin əksi baş verir - Pandemiyanın zəifləməsi dolları ucuzlaşdırıb
ABŞ dollarında mayın 25-dən müşahidə edilən ucuzlaşma hələ də davam edir. Dolların dəyərini ifadə edən əsas göstərici dollar indeksidir. Bu indeks mayın 25-də 100 səviyyəsində olduğu halda iyunun 5-də 96,5 səviyyəsinə qədər geriləyib. İndeksdə 3,5 faiz enmə qeydə alınıb. On gün ərzində indeksin bu dərəcədə enməsi nəzərəçarpan dəyişiklikdir.
Sfera.az xatırladır ki, dolların ucuzlaşmasının əsas səbəbi koronavirus pandemiyasının təsirlərinin azalması və iqtisadiyyatların yenidən canlanmasıdır. Pandemiyanın gücləndiyi və məhdudlaşdırıcı tədbirlərin artırıldığı dövrdə investorlar öz vəsaitlərini daha etibarlı, təhlükəsiz yerlərə yönəldirdilər. Həmin yerlərin başında dollar, qızıl və başqa aparıcı iqtisadiyyatların pulları gəlirdi. Buna görə də ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən FED-in bütün cəhdlərinə baxmayaraq dollar ucuzlaşmırdı, əksinə bir qədər də bahalaşırdı. Pandemiyanın pik dövründə dollar indeksi 103,5 səviyyəsinə qədər yüksəlmişdi və uzun müddət 98-101 səviyyəsində qaldı.
Son günlər pandemiyasının təsirinin zəifləməsi, daha dəqiq desək, dövlətlərin iqtisadiyyatlar üzərindəki məhdudlaşdırıcı tədbirləri zəiflətməsi müşahidə edilir. Bunun nəticəsində iqtisadiyyatlarda canlanma yaşanır. Canlanmanın təsiri ilə dollarda saxlanılan vəsaitlərin bir hissəsinin digər valyutalara dəyişdirilərək başqa sahələrə sərmayə edilməsi müşahidə edilir. Bu proses dolları ucuzlaşdırır, digər ölkələrin valyutalarını bahalaşdırır.
Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə də eyni proses gedir. Avro son 10 gündə dollara nisbətən 4 faizdən çox bahalaşıb. Mayın 25-də 1,09 dollar olan avro hazırda 1,13 dollara bərabərdir. Türkiyə lirəsidə dəyər qazanır. Mayda bir dollar 6,9 lirə olduğu halda hazırda 6,76 lirədir. Türk lirəsi ötən müddətdə 2 faiz bahalaşıb. Lirənin daha az bahalaşması Türkiyənin cari əməliyyatlar balansında yaranan kəsirlə bağlıdır. Dollar/rubl kursu 71,5-dən 68,7-yə qədər geriləyib. Qısa müddətdə dolların rubla nisbətən 4 faiz ucuzlaşması qeydə alınıb.
Dolların ucuzlaşmasını şərtləndirən digər amil ABŞ-da qaradərili Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılmasıdır. Bu faktdan sonra Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlar, iştişaşlar yaranıb. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib.
Polislərin işdən azad edilməsinə baxmayaraq hadisənin baş verdiyi tarixdən - mayın 28-dən bəri iğtişaşlar yayılan şəhərlərin sayı artır.
ABŞ-da iğtişaşların genişlənməsi davam edəcəyi təqdirdə bunun iqtisadi zərərlərinin olacağına dair fikirlər səsləndirilir. Həmin fikirlərə görə, iğtişaşlar davam edərsə, bu, dolların zəifləməsinə səbəb ola bilər.
Əslində, dolların ucuzlaşması ABŞ-ın məqsədlərindən biridir. FED çalışır ki, dollar ucuzlaşsın, ABŞ-ın ixracı artsın, idxalısa azalsın. Dolların ucuzlaşması həm də qiymətlərə artırıcı təsir edir. FED-in əsas məqsədlərindən biri ABŞ-da inflyasiya səviyyəsinin bir qədər artırılmasıdır. ABŞ uzun illərdir ki, 2 faizlik inflyasiyaya nail ola bilmir. İnflyasiyanın çox aşağı olması əhalinin sosial vəziyyətini yaxşılaşdırsa da iqtisadi aktivlik üçün əlverişli deyil. Buna görə də FED dolları ucuzlaşdırmaq istiqamətində addımlar atır və buna hələ ki, lazımı qədər nail ola bilməyib.
ABŞ dollar indeksinin 90 həddinə qədər ucuzlaşmasına çalışır. Amerika buna nail olarsa, ölkənin xarici ticarət balansı və xidmət balansı müsbətə doğru dəyişəcək. Dolların ucuzlaşması həm də qlobal iqtisadiyyat üçün əhəmiyyətlidir: Dollar ucuzlaşdıqda digər ölkələrin milli valyutada olan gəlirləri yüksəlir, onların alıcılıq qabiliyyəti artır. Bu, ABŞ-ın ticarət maraqlarına uyğundur. Dollar ucuzlaşanda əmtəələr bahalaşır, ticarət dövriyyəsi böyüyür. ABŞ bu halda daha çox mal ixrac edib, daha az mal ala bilər. 2019-cu ilin nəticələrinə əsasən, ABŞ-ın xarici ticarət vəziyyəti çox pisdir. ABŞ 1,5-1,6 milyard dollarlıq mal satıb, əvəzində 2,5 milyard dollarlıq mal alıb. Xarici ticarət kəsiri ixracın 60-70 faizinə çatır. ABŞ-ın xarici ticarətində natarazlığın yaranmasının əsas səbəblərindən biri kimi dolların baha olması göstərilir. 2014-cü ilə qədər dolların məzənnəsi indiki səviyyədən 15 faiz aşağı idi. Yəni, dollar daha ucuz idi. Amma artıq 5 ildir ki, dollar bahadır və bu ABŞ-ın ticarət maraqlarına uyğun deyil.
Vasif