“Gömrükdə xərclər süni şəkildə artırılır...” – Mühərrik yağları da bahalaşdı

“Gömrükdə xərclər süni şəkildə artırılır...” – Mühərrik yağları da bahalaşdı
2021-ci ildən avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.
 
Sfera.az bildirir ki, fevralın 1-nə olan məlumata əsasən, mühərrik yağlarının dəyişdirilməsi xidmətinin dəyəri orta hesabla 4 manatdan çox bahalaşaraq 39,4 manata yüksəlib. 2020-ci ilin dekabrında yağdəyişmə xidmətinin qiyməti 35 manat idi.
 
Müqayisəli təhlil göstərir ki, yağ qiymətləri 2016-cı ildən bahalaşır. 2015-ci ilin sonunda mühərrik yağının dəyişdirilməsi qiyməti 20 manat təşkil edirdisə, 2016-cı ilin sonunda 33 manat, 2019-cu ilin əvvəlində 35 manat olub.
 
Mühərrik yağının dəyişdirilməsi xidmətinin qiyməti 2019-cu ildən 2020-ci ilin sonuna kimi 34-35 manat səviyyəsində qalıb. Amma 2021-ci ilin yanvarından qiymətlər 11 faizdən çox artıb. Ötən il bir litri 10 manata satılan mühərrik yağlarının qiyməti hazırda 11-11,5 manatdır.
 
Bəs, bahalaşmanın səbəbləri nədir?
 
Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı mühərrik yağlarının bahalaşmasını 2 səbəblə əlaqələndirir. O birinci səbəb kimi bəzi istehsalçı ölkələrdə mühərrik yağlarının bahalaşmasını göstərir: "Azərbaycanda istehlak edilən sürtkü yağlarının əksəriyyəti xaricdən gətirilir. İstehsalçı ölkələrin bəzilərində, o cümlədən Rusiyada qiymətlərdə artım var. Bəzi ölkələrdə olan istehsalçılarda isə qiymətlər dəyişməyib”.

E.Muradlı ölkəmizdə mühərrik yağlarının bahalaşmasının digər səbəbinin gömrük xərclərinin artması ilə bağlı olduğunu söyləyib: "Gömrükdə xərclər süni şəkildə artırılıb. İdxal mallarının gömrük dəyəri müəyyənləşdirilən zaman daha yüksək qiymət götürülür. Gömrük dəyərinin artırılması idxal malına tətbiq edilən əlavə dəyər vergisinin də məbləğinin artımına səbəb olur. Faktiki olaraq gömrükdə süni qiymət artımı edilib”.

Ekspert bildirdi ki, Avropa və yerli istehsal mallarında qiymət artımı müşahidə edilmir. E.Muradlı daxili bazarda qiymət artımlarının bütün sürtkü yağlarının qiymətinə təsir edəcəyini istisna etmir.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR