“Geri çəkilib, daha uzağa tullanmaq istəyir...” – Erməni əsilli Arsen Avakov Ukraynada nəyə hazırlaşır?
16:33 / 14.07.2021
656
Son günlər Ukraynada diqqət mərkəzində olan
mövzulardan biri də erməni əsilli Arsen Avakovun daxili işlər naziri vəzifəsindən
istefa verdiyini açıqlamasıdır. Avakov 2014-cü ildən bəri, artıq 7 ildir ki,
sözügedən ölkədə nazir vəzifəsini icra edirdi. Onun sonuncu addımı isə hətta
ukraynalı ekspertlər üçün də gözlənilməz oldu.
Maraqlıdır, Avakovun bundan sonrakı fəaliyyəti
nədən ibarət olacaq?
Mövzu ilə bağlı Azərbaycan-Ukrayna parlamentlərarası
əlaqələr üzrə işçi qrupu üzvü, deputat Elman Nəsirov Sfera.az-a açıqlamasında
bildirib ki, Arsen Avakov Ukraynadakı erməni lobbi və diasporunun birbaşa fəaliyyətinin
nəticəsi olaraq bu ölkənin daxili işlər naziri vəzifəsinə təyinat almışdı:
"Ukraynada hakimiyyətlər dəyişə də Avakov öz
postunu qoruyub saxlamışdı. Səbəb isə odur ki, Ukraynada erməni lobbisi kifayət
qədər güclüdür və xüsusilə maliyyə imkanlarından geniş istifadə edərək, onun vəzifədə
qalmasına nail olmuşdular. Heç kimə sirr deyil ki, Avakovun fəaliyyəti
Ukraynanın özündə də birmənalı olaraq erməni maraqlarına xidmət göstərməkdən
ibarət olub, ölkənin milli maraqları bir kənarda qalıb. Avakov daha çox
kriminal aləmlə əlaqədə olan adamdır, insan oğurluğunda onun adı dəfələrlə
hallanıb, ona arxalanıb bu işləri həyata keçiriblər”.
Millət vəkili qeyd edib ki, Avakov təkcə
Ukraynadakı azərbaycanlılar arasında deyil, eləcə də yerli əhali arasında kifayət
qədər mənfi imicə malik şəxsdir:
"Onun fəaliyyətində çoxsaylı qaranlıq məqamların
olması haqqında təkzibedilməz faktlar var. Hazırda məlumatlar yayılıb ki,
Avakov geri çəkilib, daha uzağa tullanmaq istəyir. Hətta onun Zelenskinin yerinə
iddialı olması ilə əlaqəli Ukrayna kütləvi informasiya vasitələrində də məlumatlar
tirajlanmaqdadır. Hesab edirəm ki, Ukrayna cəmiyyəti Avakovun ölkədə hakimiyyətin
olimpinə yüksəlməsinə imkan verməyəcək. Kriminal aləmi ilə sıx bağlılığı olan,
Ukraynanın milli maraqlarına deyil, erməni maraqlarına xidmət edən bu şəxsin
ölkə hakimiyyətinin zirvəsində nə işi var?”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan
Şahinoğlu isə deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Avakovdan xoşu
gəlmirdi, ancaq onu istefaya göndərməyə də risk etmirdi:
"Arsen Avakov yeganə nazir idi ki, postunu 7
il qorumuşdu, o 2014-cü ilin fevral ayından nazir idi. Buna baxmayaraq, yayılan
xəbərlərə görə, Avakov prezidentin xahişi ilə istefaya gedir. Demək, ikili
arasında qapalı görüş olub. Zelenski Avakovun yerinə nazir postuna tərəfdarı və
parlamentdəki komitə rəhbəri Denis Monastırskinin namizədliyini irəli
sürüb. Daxili İşlər Nazirliyi yeganə
struktur idi ki, Vladimir Zelenski ora nəzarət edə bilmirdi. O Avakovu istefaya
məcbur etməklə bu struktura da nəzarəti əlinə keçicərək”.
Politoloqun sözlərinə görə, Avakovun
prezidentlik iddiası haqqında məlumatlar var:
"O 2024-cü ildə namizədliyini irəli sürmək istəyir.
Arsen Avakov rusdillidir, Xarkovda yaşayıb. Ancaq Avakov eyni zamanda Rusiyanın
tənqidçilərindəndir. Yəni, bəzilərinin fikrincə, o həm Ukraynanın mərkəzində, həm
də Qərbində müəyyən qədər səs ala bilər. Ancaq
ukraynalıların erməni əsilli siyasətçiyə səs verəcəyini proqnozlaşdırmaq
çətindir. Bu həm də o siyasətçidir ki, daima Ukraynanın tərəfdaşı – Türkiyə əleyhinə
siyasət aparıb, Ukrayna parlamentində "erməni soyqırımı” qətnaməsinin qəbulu təşəbbüsünün
"xaç atası” olub”.