Gəncləri intihara aparan yol, yaxud Gənclər və İdman Nazirliyinin İntiqamı...
12:26 / 10.03.2021
2975
Son günlər intihara əl atanların sayında artım
müşahidə edilir. Xüsusilə gənclərin bu yolu seçməsi, erkən yaşlarında həyatlarına
son qoyması məsələnin ciddiyyətindən xəbər verir. Artıq SOS siqnalı verməyin
zamanıdır desək, yanılmarıq.
Təbii ki, intiharlar dalğasının alt qatında
müxtəlif səbəblər dayana bilər. Özəlliklə intihar təkcə, bir aspektdən yox, bir
neçə prizmadan araşdırılmalıdır. İctimai münasibətlər, bunların insan həyatına
hansı formada təsiri də təhlil olunmalıdır.
Bəs aidiyyatı qurumlar bununla bağlı bütün gərəkli
addımları atırmı? Ölkədə artan acı intihar statistikası ilə bağlı ciddi
reaksiya verilibmi? Gənclərlə görülən işlər kifayət edirmi, ya da bu istiqamətdə
hansısa iş görülürmü?
Bəllidir ki, ölkədə gənclərə bu və ya digər dərəcədə
məsul olan qurumlar var. Bu baxımdan Gənclər və İdman Nazirliyinin adını
vurğulamaq yerinə düşərdi. Nazirlik cəmiyyətdə gənclər siyasətinə struktur
olaraq rəhbərlik edir. Lakin qurum ölkəni uçuruma sürükləyən hadisələrlə bağlı
susur. Gənclərin intiharları istiqamətində hansısa çevik reaksiya, bir müşavirə,
quru bir iclas görmürük. Qarşılığında isə vaxtsız bitən ömürlər, gözüyaşlı
analar, atalar danışır...
Sual yaranır ki, Gənclər və İdman Nazirliyi nə
edir? Qurumun tərpənmək kimi bir fikri varmı?
Hazırda nazirlik başsız qalıb desək, yalan
olmaz. Məlumdur ki, Gənclər və İdman naziri Azad Rəhimov uzun müddətdir, səhhəti
ilə bağlı yoxdur, o, ABŞ-da müalicə alır. Digər tərəfdən Rəhimovun səlahiyyətlərini
nazir müavini İntiqam Babayev icra edir. Bu barədə artıq qurumun mətbuat katibi
Səmayə Məmmədova yerli mediaya məlumat verib.
Məlumat üçün bildirək ki, İntiqam Babayev 21 ildir ki, nazir müavinidir. O bu vəzifəyə sabiq nazir Əbülfəs Qarayevin təqdimatı əsasında təyin edilib.
Maraqlıdır, nazir müavini intiharın gəncləşdiyi
indiki dövrdə hansı işlə məşğuldur? Gənclərin intiharı nazir müavinini, ümumiyyətlə,
qurumu narahat edirmi? Görünür, hələ ki yox.
Məlumdur ki, Azərbaycanda gənclərlə bağlı
kifayət qədər normativ hüquqi baza formalaşıb. Görüləcək işlərlə bağlı konkret
olaraq həm Gənclər və İdman Nazirliyi, həm də digər aidiyyəti dövlət qurumları
qarşısında vəzifələr qoyulub. Elə nazirliyin öz əsasnaməsində də vəzifələrlə əlaqəli
maddələr öz əksini tapıb. Məsələn;
8.15- ci maddə - gənclərin təhsil və sosial
problemlərinin həllinə öz səlahiyyətləri çərçivəsində yardım etmək. Və ya 8.20—ci maddə - gəncləri narkomaniya, cinayətkarlıq
və digər zərərli vərdişlərdən uzaqlaşdıraraq sağlam həyat tərzinə uyğun
yetişdirmək üçün öz səlahiyyətləri daxilində profilaktik tədbirlər görmək, bu məqsədlə
aidiyyəti icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən
keçirilən tədbirlərdə yaxından iştirak etmək.
Maddə var, icra yox....
Təəssüf ki, İntiqam Babayevin nazirin vəzifəsini
icra etdiyi dönəmdə tədbirdən, gənclərlə işlərdən, atılan addımlardan çox
durğunluq müşahidə edirik. Daha neçə gənc həyatına son qoymalıdır ki, qurum hərəkət
keçsin? Neçə evin ocağı sönməlidir ki, nazir müavini və ya digər səlahiyyətli şəxslərin
yuxusu ərşə çəkilsin.
Bu, bizə də məlum deyil. Tək çarə susqunluğun
pozulmasını gözləməkdir.
İnci
Sfera.az