“Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilir

“Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilir

İyulun 1-dən başlayaraq Bakının Nizami rayonunun gənc sakinləri üçün yay təcrübə məktəbi layihəsinə start verilir. 

"Report" xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Gənclər və İdman komitəsinin üzvü, deputat Könül Nurullayevanın təşəbbüsü ilə reallaşacaq layihə iki ay davam edəcək.

 

"Gənclər üçün yay təcrübə məktəbi” 4-cü kurs tələbələri və ali məktəbi yeni bitirən (2018, 2019 və 2020-ci il məzunları), həmçinin tibb təhsilinin rezidentura pilləsində təhsil alan gənclər üçün nəzərdə tutulur. Belə ki, onlarla gəncə iki ay ərzində öz ixtisasına uyğun olaraq, müxtəlif dövlət qurumlarında ölkədə tələb olunan karantin qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinə riayət olunaraq təcrübə proqramı keçiriləcək.

Layihənin tərəfdaşları - ASAN xidmət, "DOST” mərkəzləri, Regional İnkişaf İctimai Birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, ARDNŞ-ın idarələri, Azərbaycan Sənaye Korporasiyasının Mərkəzi ofisi və Bakı şəhərində yerləşən törəmə müəssisələri, Paşa Bank, Access Bank, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Modern Hospital, İctimai Televiziya, həmçinin İT üzrə nüfuzlu şirkət Cybernet MMC, ATV telekanalı və eləcə də digər dövlət və özəl təşkilatlardır.

İki ay ərzində gənclərə təcrübəli, beynəlxalq statuslu təlimçilər tərəfindən məhz tələb olunan karantin qaydalarına əməl olunmaq şərtilə müxtəlif mövzularda təlimlər keçiriləcək. Gənclərin müxtəlif sahələrin tanınmış və nüfuzlu şəxsləri ilə (ictimai-siyasi xadimlər, sənət adamları və s.), eyni zamanda Nizami rayonunda məskunlaşan, ali məktəblərə qəbul zamanı 700 bal toplayan gənclər ilə görüşləri təşkil olunacaq, onlar öz həyat təcrübələrini, karyera uğurlarını gənclərimizlə bölüşəcək.

Layihənin sonunda tərəfdaşlara kriteriyalar təqdim olunacaq, eyni zamanda bəzi şirkətlərin daxili seleksiya qaydaları çərçivəsində iştirakçıların həmin kriteriyalara uyğunluğu bir daha müəyyənləşdiriləcək. Ən uğurlu nəticə göstərən 20-yə yaxın iştirakçı karantin qaydaları imkan verərsə təlimçilərlə birlikdə Azərbaycanın bölgələrinə göndəriləcək. Orada gənclər həm bir həftə istirahət edəcək, həm də təlimlər vasitəsilə maariflənməni davam etdirəcək.

Layihənin əsas məqsədi ilk növbədə 2020-ci il "Könüllülər ili” ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına töhfə verməkdir. Bu, eyni zamanda Nizami rayonunda məşğulluqla bağlı daxil olan müraciətlərin həllinə də müsbət təsir edəcək, istedadlı gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların gələcəkdə işlə təmin olunması üçün də bir addım olacaq.

Kriteriyalar:

- Namizəd Nizami rayonu sakini olmalı

- Bakalavr və ya magistr dərəcəsi üzrə 2018, 2019, 2020-ci il məzunu və yaxud sonuncu kurs tələbəsi olmalı

- Bakalavr dərəcəsinə qəbul balı 500-dən yuxarı olmalı

- Orta bal (GPA) 80%-in üzərində olmalı

- Orta səviyyədən yuxarı ingilis və (və ya) rus dili bilikləri olan namizədlərə üstünlük veriləcəkdir

Müraciət üçün namizədlərdən CV-lərini email vasitəsilə [email protected] ünvanına göndərmələri xahiş olunur (mövzu hissəsində təcrübə keçmək istədikləri ixtisas/ sahə qeyd olunmalıdır).

Yay təcrübə məktəbi üçün müraciətlərin son qəbul olunma tarixi 26 iyunl, saat 21:00-dır. Əlaqə telefonlarımız aşağıdakı kimidir:

Tel: 012 422 22 41

Mob: 055 276 23 75


OXŞAR XƏBƏRLƏR