Gənclər təşkilatlarının sükut illəri - passivliyin arxasındakı səbəblər

Gənclər təşkilatlarının sükut illəri - passivliyin arxasındakı səbəblər
 

Səlahəddin Əsgər: "Bu, bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır”

Təbriz Mirzəyev: "Gənclər Təşkilatı olaraq əsas işimiz...”

Azərbaycanda son illərdə gənclər təşkilatlarının fəaliyyəti sıfıra enib. Halbuki, vaxtilə siyasi partiyaların, yaxud partiyalara bağlılığı olmayan gənclər təşkilatları var idi ki, ölkədə fəallıqları ilə seçilirdilər. Bu sırada NİDA, MGT, "Dalğa” kimi qurumların, Müsavat, AXCP-nin gənclər təşkilatlarının adlarını çəkmək olar.

Hazırda əksər siyasi partiyalarda ya gənclər təşkilatları yoxdur, ya da həmin partiyalarda gənclərlə əlaqələri rəhbərlərin təyin etdikləri müavinlər, yaxud müşavirlər qururlar. Siyasi fəaliyyətlə məşğul olan gənclərin nə iş gördükləri, nə üçün gənclər təşkilatlarının fəaliyyətinin bu qədər zəifləməsi ilə maraqlandıq.


Araz Teymurlu: "YAP Gənclər Təşkilatı ilə belə işləyə bilərik”

AĞ Partiyanın gənclərlə iş üzrə müşaviri Araz Teymurlu deyilənlərlə dolayısı ilə razılaşmır: "Gənclər nəinki Azərbaycan siyasətində, bütün dünyada siyasətin lokomotivini təşkil edir. Tarixən siyasi proseslərə nəzər salsaq görərik ki, dünyada baş verən bütün önəmli hadisələrdə gənclər aparıcı qüvvə olub, olmaqda da davam edəcəklər. Boşuna deyil ki, bütün siyasi partiyalar təşkilatlanmış gəncləri, tələbə gənclər təşkilatlarını və s. öz sıralarında görmək istəyir. Siyasi partiyaların enerjisi, gücü, motivasiyası gənclərin çiyinləri üzərində olur. Bildiyiniz kimi, AĞ Partiya Azərbaycan siyasi səhnəsində  digər partiyalarla müqayisədə yeni qurulmuş partiyadır. Belə olmasına baxmayaraq, kifayət qədər çəkisi olan və günü-gündən güclənən partiyadır. Bu nüansı boş yerə vurğulamadım. Çünki partiyamızın rəhbərliyində təmsil olunan şəxslər zamanla ölkənin ən böyük siyasi partiyalarından olan bir təşkilatın gənclər qollarında yetişmiş, ciddi siyasi fəaliyyətlə məşğul olmuş şəxslərdir. Bu siyasi təcrübə bu gün partiya quruculuğunda və fəaliyyətində öz sözünü deyir. Partiyamızın gəncləri təşkilatlanmaqla, gücünə güc qatmaqla, ölkəmizdə yetişən gəncliklə işləməyin yolunu tapmaq üzərində çalışır. Gördüyümüz işlərə baxacaq olsaq rahatlıqla deyə bilərik ki, bu sahədə nəticə də əldə edirik. Əlbəttə, daha böyük işlər üçün müəyyən zaman lazımdır. Hər bir AĞ Partiyalı gənc məsuliyyətini dərk edir, ideoloji cəhətdən hazırlıqlıdır, daima öz üzərində işləyir”.

Başqan müşaviri istənilən təşkilatla əməkdaşlığa hazır olduqlarını bəyan etdi: "Partiya olaraq bəlli qırmızı xətlərimiz var. Bu xətlərimiz keçilmədiyi müddətcə  ifadə etdiyim kimi əməkdaşlığa hazırıq. Amma əməkdaşlıq edəcəyimiz təşkilatın hər hansı xarici qüvvələrə işləməməsi, vətənimizə, dinimizə, milli köklərimizə qarşı olmamaları əsas şərtdir. Azərbaycan müxalifətində təmsil olunan gənclər təşkilatları ilə hər hansı konkret məsələlər üzərində işləməsək də, zaman-zaman əməkdaşlığımız olur. Ümumilikdə Azərbaycanda siyasi partiyaların vəziyyəti heç kimə sirr deyil. İqtidar özündən başqa siyasi güc görmək istəmədiyi üçün siyasətlə məşğul olmaq partiyalara, eləcə də partiyaların gənclik qollarına ciddi təsir edir. Hazırkı durum isə bir az fərqlidir. Prezident səviyyəsində açılımdan bəhs edilir. Ümid edirik ki, iqtidar müxalifət partiyaları ilə həqiqətən dialoqu təşkil edəcək, siyasi partiyaların güclənməsinə dövlət olaraq dəstək verəcək. Yaranmış münbit şəraitdən istifadə edərək  gənclər qolları olaraq bizlər də öz töhfəmizi verə biləcəyik. Hətta sizin qəzet vasitəsilə buradan bəyan edirəm ki, əgər iqtidar dialoq məsələsində səmimi davranıb davam etsə, biz də AĞ Partiya gənclik qolları olaraq YAP Gənclər Təşkilatı ilə belə işləyə bilərik. Yetər ki, vətən və vətəndaşlarımızın faydasına olan işlər görülsün. Zamanında biz gənclər qollarında təmsil olunurduq indi isə gənclərlə işləsək də, yaşımız istər- istəməz artır. Bu baxımdan deməzdim ki, gənclər siyasətdən uzaqdırlar. Əvvəllər sosial şəbəkələr bu qədər yayğın deyildi. Siyasətlə məşğul olan gənclər birbaşa meydanlarda olurdu. İndi isə gənclik  daha çox sosial şəbəkələrdə özlərini göstərir və kifayət qədər iş görür. Ölkədə baş verən hadisələr qarşısında daha yaxşı təşkilatlana bilir”.


VHP Gənclər Şöbəsinin müdiri Səlahəddin Əsgər milli məsələlərdə gəncləri aktiv olmağa çağırdı: "Hazırda partiyamızda 3 minədək gənc fəaliyyət göstərir. Ümumiyyətlə, partiyanın müxtəlif strukturlarında gənclər yer alıb və Gənclər Təşkilatında olan bir çox gənc sonradan partiyanın rəhbər strukturlarında təmsil olunurlar. Bu gün VHP Mərkəzi İcra Aparatına rəhbərlik edən Samir Əsədli zamanında Gənclər Təşkilatının rəhbəri olub. VHP Gənclər Təşkilatı ölkənin bir çox gənclər təşkilatları ilə əlaqələr qurub. Müsavat, Ümid, AXCP, AMİP kimi partiyaların gənclər təşkilatları, eləcə də NİDA və müstəqil gənclər təşkilatları ilə əməkdaşlıqlarımız var. Bir neçə dəfə birgə tədbirlər keçirilib, siyasi polemikalar aparılıb. Ölkədə gənclər təşkilatlarının fəaliyyətinin passivliyinə gəldikdə isə, bu bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır. Təbii ki, Qarabağ məsələsində, bir çox milli məsələlərdə gənclər aktivlik göstərməlidir. Bizim fəaliyyətimiz də əslində bu aktivliyi yaratmaq, gənclərin ölkənin ictimai-siyasi həyatına təsirini artırmaqdan ibarətdir”.


Deputat Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin gənclərinə rəhbərlik edən Təbriz Mirzəyev: "Gənclər Təşkilatı olaraq əsas işimiz ölkə boyu təşkilatlanmaq və gənclərin maariflənməsinə töhfə verməkdir. İnsan haqları, seçkilər, gender bərabərliyi və s. mövzularda da davamlı tədbirlər təşkil edirik, fikir mübadiləsi aparırıq. Əksər gənclərdə maddi imkan çox zəifdir, işsizlik, aşağı əməkhaqqı, gənclərin evsiz olması və bir çox digər problemlər, fikrimcə, gənclərin ictimai-siyasi proseslərdə iştirakına təsir edən əsas səbəblərdir”.

(musavat.com)


OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...