\"Atışıb ona palto alaq, 30 ildir ki...\" – Kremlin “boz kardinal”ının həyat hekayəsi
13:50 / 20.10.2021
1185
Sfera.az Kremlin "boz kardinal"ı adlandırılan Mixail Suslovun həyat hekayəsini təqdim edir.
Leonid
İliç Brejnevin hakimiyyəti illərində SSRİ-də siyasi lətifələr daha çox dəbə minib.
Əslində
bu lətifələrin əksərində bir gerçəklik də gizlənib. Bu cür lətifələrdən biri də
Mərkəzi Komitənin katibi Mixail Suslova həsr edilmişdi:
"Siyasi Büronun iclaslarının birində müzakirə
olunacaq mövzuya keçməzdən əvvəl Brejnev büro üzvlərinə müraciət edib:
İlk
reaksiya büro üzvləri arasında ən zəngin həyat tərzi sürən Moskvanın birinci
katibi Viktor Qrişindən gəlib:
- Leonid
İliç, mən sizin təklifinizlə tam razıyam. Amma gəlin bu məsələni maaş aldığımız
günə saxlayaq...”
Mixail
Suslov məhz belə tanınıb - ən təmiz və ən vicdanlı kommunist kimi. Amma onun
haqında söylənilənlən bəzi fikirlər kifayət qədər şişirdilib, mif yaradılıb.
Əslində, Suslov da öz səlahiyyətlərindən yetərincə istifadə edib. Oğlu Revoliy
atasının vəzifə imkanları hesabına general rütbəsi daşıyıb, Moskvanın ən
prestijli yerlərindən birində böyük mənzilə sahib olub, radioelektronika sahəsində
SSRİ-nin ən böyük institutuna rəhbərlik edib. Qızı Maya isə cəmisi bir neçə il ərzində
həm namizədlik, həm də doktorluq işi müdafiə edib və atasının vəfatından sonra SSRİ-ni
tərk edərək Avstriyaya köçüb.
Suslov
SSRİ-də azsaylı məmurlardan olub ki, o, Stalinin hakimiyyəti illərindən
başlayaraq ömrünün son gününə qədər siyasi elitada ciddi fiqur və həlledici söz
sahibi sayılıb.
1952-ci
ildə Mərkəzi Komitənin plenumunda Stalin uzun illər yaxın ətrafında olan
silahdaşlarını sərt tənqid edib. Sovet lideri öz çıxışında Molotov, Malenkov,
Beriya, Xruşov və digərlərinin siyasi fəaliyyətdən narazı qaldığını bəyan edib.
Bu çıxış yaxın zamanlarda Stalin tərəfindən ciddi kadr islahatlarının
aparılacağına işarə olub və Stalin həmin plenumda bir neçə gənc kadrlar
haqqında da fikir söyləyib. Adətən Stalin kadr məsələsində silahdaşlarının da
fikrini əsas götürüb. Amma bu dəfə adlarını çəkdikləri haqqında yaxın ətrafının
heç birinin fikri öyrənilməyib. Bu məqamda ortaya bir sual çıxıb – yeni
kadrları Stalinə kim tanıtdırıb və kim təqdim edib? Sonralar məlum olub ki,
sovet lideri kadr məsələsində Suslovla məsləhətlişibmiş.
Araşdırmaçıların
qənaətinə görə, Stalin hakimiyyətinin sonuncu illərində Suslova böyük etimad
göstərib. Bəzilərinin fikrinə görə isə o, öz ətrafına inamını itirəndə Suslov
onun son güvənc yeri olub. Həmin vaxt Suslov Mərkəzi Komitədə katib vəzifəsində
işləyib. O, eyni zamanda "Pravda” qəzetinin baş redaktoru vəzifəsini də
daşıyıb.
Stalinin
vəfatından sonra Suslovun səlahiyyətlərinə məhdudiyyətlər qoyulsa, Mərkəzi
Komitənin Rəyasət Heyətindən çıxarılsa da, hakimiyyətə gələn Nikita Xruşov onu
ideologiya aparatından uzaqlaşdırmağı bacarmayıb. Kreml məmurları sovet
ideologiyasını Suslovsuz təsəvvür edə bilməyiblər. Bir neçə ildən sonra
Xruşovun özü də Suslovu dəyərli kadr kimi qiymətləndirib və 1962-ci ildə onu 60
illik yubileyi münasibətilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüb.
Onların
münasibtləri normallaşsa da Suslov Xruşovun apardığı istər daxili, istərsə də
xarici siyasəti qəbul edə bilməyib. 1964-cü ildə saray çevrilişi zamanı Mərkəzi
Komitənin plenumunda əsas məruzəçi də məhz Suslov olub. Hətta qərb mətbuatı
Suslovu saray çevrilişinin ideya müəllifi adlandırıb.
Brejnev
hakimiyyətə gəldikdən sonra Mixail Suslov daha böyük səlahiyyətlərə sahib olub.
Partiya xətti ilə o, ikinci şəxs hesab olunsa da, çoxları onun statusunu "kölgədəki
baş katib” kimi qiymətləndirib.
Suslovun
istənilən məsələyə münasibəti vacib sayılıb. Brejnev başda olmaqla Siyasi Büro
üzvləri, Mərkəzi Komitə katibləri, müttəfiq respublika, diyar və vilayət
partiya komitələrinin birinci katibləri onunla hesablaşmalı olublar. Suslov
kifayət qədər sərt siyasətçi sayılıb. Kreml məmurlarından heç kim, hətta Brejnevə
yaxın olanlar belə onunla mübahisəyə, ona qarşı getməyə cəhd etməyiblər.
Daha çox
sadə həyat tərzinə üstünlük verən Suslov Brejnevin kef məclislərinə qoşulmayıb.
Buna baxmayaraq, baş katib ov zamanı əldə etdiyi qənimətləri bölüşdürəndə Suslov
üçün daha çox pay ayırıb və qeyd edib ki, baş ideloqun fikirləri kimi soyuducusu
da zəngin olmalıdır.
Mixail
Suslovu yaxından tanımaq heç kimə müyəssər olmayıb. O, heç vaxt daxili aləmini
tam biruzə verməyib. Məlum olan yalnız o olub ki, Suslov həm Stalin, həm
Xruşov, həm də Brejnev üçün ciddi siyasi
fiqur sayılıb.
"İdeologiyaya
qənaət etmək olmaz” söyləyən Suslov həyatda çox qənaətcil insan olub. Kreml yeməkxanasında
digər məmurlar qızıl balıq, qara kürü və sıravi vətəndaşlar üçün əlçatmaz olan
digər ərzaq məhsulları ilə qidalandığı halda, Suslov sosiska və kartof püresi
ilə kifayətlənib.
Suslov
hamıya "siz” deyə müraciət edib. O cümlədən, sürücüsünə də. Onun sürücüsünə
verdiyi ilk tapşırıq isə maşının sürətini saatda 60 kilometrdən yuxarı
qaldırmamaq olub. Bu məsələ ilə bağlı da Kreml dəhlizlərində növbəti lətifə
yaranıb:
"Brejnev
səhər saatlarında bağ evindən Kremlə işə gedirmiş. Baş katibi müşayiət edən
avtomobil qarşıdakı asta sürətlə gedən maşına yoldan çıxması üçün nə qədər işarə
edsə də, maşın nə kənara çəkilib, nə də sürətini artırıb. Bu səhnəni seyr edən
Brejnev mühafizəçilərə sakitləşməyi tövsiyə edib:
"Mənasız
yerə əziyyət çəkirsiniz. Yəqin
ki, qarşıda gedən Suslovdur. Amerika prezidenti gəlsə də, o sürücüsünə sürəti
artırmağa icazə verməyəcək...”
İlham Cəmiloğlu
Sfera.az