Gələn həftədən bitib-tükənməz tıxaclar olacaq: Bəs nə etməli? - Ekspertdən valideynlərə tövsiyə

Gələn həftədən bitib-tükənməz tıxaclar olacaq: Bəs nə etməli? - Ekspertdən valideynlərə tövsiyə
"İbtidai siniflərdə dərsin başlanması paytaxtın xeyli küçə və prospektlərində tıxacların artmasına səbəb olub”.
 
Bunu Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov tədris ili başlayandan sonra bir neçə gündür yollarda müşahidə edilən vəziyyətlə bağlı danışarkən deyib. 

O bildirib ki, gələn həftədən bütün təhsil ocaqlarında dərslərin açılacağını nəzərə alsaq, vəziyyət daha da gərginləşəcək. Ekspertin sözlərinə görə, mövcud durumu yaxşılaşdırmaq üçün bir sıra tədbirlərə ehtiyac var:

"Paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından o başına uşaqların daşınması geniş yayılıb. Təhsil qurumları elə etməlidirlər ki, ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında belə ciddi fərqlər olmasın, hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olsun, tədris prosesi təşkil olunsun ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun. Bundan sonra valideynlərlə maarifləndirmə işi də lazımdır ki, uşağınızı çox uzağa aparmağın əhəmiyyəti yoxdur, nə özünüzə, nə də uşağa əziyyət verməyin. 

Ümumiyyətlə elə edilməlidir ki, xüsusi təmayüllü məktəblər və özəl məktəblər istisna olmaqla, qalan bütün məktəblərdə normal tədris, məktəbdə kommunal şərait olsun və valideyn uzaqda məktəb axtarmasın. Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsın”.

Ə.Hüseynov qeyd edib ki, şəhərətrafı bəzi məskunlaşma ərazilərində hələ də ya məktəb yoxdur, ya da normal deyil:

"Ona görə də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olur və tıxaclar daha da şiddətlənir. Həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər tikilməlidir ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın. Məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata xüsusi diqqət yetirilməlidir - şagird və tələbələrin marşrut avtobusları və metro ilə gəlib-getməsində çətinlik olmamalıdır.
Şagirdlərinin əhəmiyyətli hissəsi uzaqdan gələn məktəblərdə dərslərin başlama vaxtlarının fərqləndirilməsi yaxşı olar. Məsələn, belə məktəblərin bəzilərində dərslər 8.00-da, bəzilərində 8.15-də, bəzilərində 8.30-da və s. başlasa, məqsədəuyğundur. Məktəbə fərdi avtomobillə uşaq gətirməyə məcbur olan valideynlər çox diqqətli və intizamlı olmalıdırlar. İşlərini elə planlaşdırmalıdırlar ki, məktəb yanında yalnız uşağı düşürmə və mindirmə vaxtı, yəni orta hesabla 20 saniyəni aşmamaqla dayansınlar. Dayanıb gözləmə olacaqsa, sıxlıq və tıxac qaçılmaz olacaq”.

Müsahibimiz həmçinin vurğulayıb ki, məktəblərin ətrafında dayanma, durma və parklanmalara ciddi nəzarət olmalıdır:

"Elə edilməlidir ki, ən azı ikinci və üçüncü cərgələrdə dayanma və parklanma olmasın. Düşünürəm ki, qeyd etdiyim tədbirlər tıxacların yumşaldılmasına təsir edər. Bunlar həm valideynlərə və uşaqlara, həm ümumilikdə təhsil sisteminə, həm də hamımıza faydalı olar. Uzağa gedən, yaxud tıxacda qalan uşaq da yorulur, bilikləri mənimsəmə qabiliyyəti azalır. Valideyn isə gərəksiz vaxt itkisinə məruz qalır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR