Futbolda “ingilis barmağı” - Çempionlar Liqasına alternativ yaradılması nəyə xidmət edir?
11:49 / 20.04.2021
2638
Avropanın 12 nəhəng futbol klubu Avropa Super
Liqası yaratmaq niyyətinə düşüb. Əsasən
İngiltərədən qaynaqlanan bu ideyanı dəstəkləyən klublardan 6-sı məhz bu ölkəni
təmsil edir. Bunlar "Mançester Siti”,
"Mançester Yunayted”,
"Liverpul”, "Arsenal”, Çelsi” və
"Totenhem” klublarıdır. Bundan əlavə 3
İspaniya nəhəngi, "Real” (Madrid), "Barselona” və "Atletiko” (Madrid), habelə
İtaliya güclüləri olan "Yuventus”, "İnter” və "Milan” klubları da həmin turnirdə iştirak etmək niyyətlərini ortaya qoyub.
Gələcəkdə isə bu siyahı digər nəhəng klubların
hesabına daha da genişlənə bilər. Söz yox ki, bəzi klubların bu addımı UEFA və
FİFA tərəfindən kəskin narazılıqla qarşılanıb. Onlar həmin klublara qarşı bəzi qadağa və
sanksiyalar tətbiq edəcəyini bəyan ediblər.
Görəsən, sözügedən 12 klubun bu ideyasının
arxasında hansısa siyasi maraqlar dayanmırmı? Sirr deyil ki, idman sahəsi çoxdan siyasiləşib.
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq
Şahin Cəfərli bildirib ki, sözügedən ideyanın arxasında sözsüz ki, siyasi
maraqlar dayanır: "Futbol üzrə Avropa Super Liqası ideyasının
arxasında "JP Morgan Chase” şirkəti dayanır. "2,5-2,7 trilyon dollara sahib "JP
Morgan” ABŞ-ın nəhəng 4 bank-maliyyə konqlomeratından biridir, dövlət içində
dövlətdir. "Rokfellerlərin bankı” da adlandırılır, çünki 2000-ci ildə "Morgan”
ilə birləşən "Chase Manhattan Bank”ın qurucu ortaqlarından olan "Chase National
Bank”ın təməlində Rokfeller ailəsinin "Equitable” bankı dayanır. ABŞ Federal
Rezerv Sisteminin (FED) yaradılmasında da bu strukturların və ailələrin rolu
var.
Məlumatlara görə, "JP Morgan” Avropa Super
Liqasına bu işi qurmaq üçün 6 milyard avro ayırıb. İştirakçı klublar hər il 264
milyon avro ayaqbasdı alacaq, qazanılacaq uğurlara görə əlavə gəlirlər də
olacaq”.
Həmsöhbətimizin fikrincə, bu layihədə "Brexit”dən sonra
formalaşmaqda olan düzənin ruhu hiss olunur: "Bu qədər nəhəng layihədən söhbət gedirsə,
onda bunu siyasətdən tam ayrı düşünə bilmərik. İdeya müəllifləri Britaniya
futbolunun nəhəngləridir, Avropa Birliyinin liderləri olan Almaniya və Fransa
futbolunun nəhəngləri - Bayern və PSG isə orada yoxdur. İngilislər futbol
oyununu sistemləşdirib, onu bütün dünyanın sevimlisinə çeviriblər. İndi sanki
eqoist uşaq kimi topu götürüb gedir və dar çərçivədə, daha elit bir mühitdə
futbol oynamaq istəyirlər. Amma layihənin arxasında Britaniya hökumətinin dayandığı
inandırıcı deyil”.
Politoloqun qənaətincə, belə layihələrin ortaya
atılmasında UEFA və FİFA-da geniş yayılmış korrupsiya, rüşvət kimi məqamlar da
müəyyən stimul verib: "Dünya və Avropa futbolunu inhisara almış UEFA və
FİFA-nın korrupsiya, rüşvət girdabında boğulduğu, futbolu çirkaba batırdıqları
artıq bir gerçəkdir. FİFA və UEFA-nın seçkili orqanları dünya və qitə
federasiyalarının nümayəndələrinin səsi ilə formalaşır, hər seçkidə böyük
miqdarda rüşvət paylanır, nümayəndələrin səsləri satın alınır. Hətta dünya,
Avropa birinciliklərinin ev sahibliyi də pul müqabilində satılır, bununla da
futbol "təmiz oyun” kimi gözdən düşür, ləkələnir.
Düzdür, hələlik UEFA-nın məhv olmasından
danışmaq tezdur. Amma 12 böyük klub
ayrıldıqdan sonra Çempionlar Liqasının həm reklam gəlirləri, həm də
populyarlığı kəskin şəkildə aşağı düşəcək. Bir sözlə, sözügedən ideyasının arxasında "JP Morgan
Chase” şirkəti dayanırsa, UEFA gedib, mini futbal və ya plyaj futbolu ilə məşğul
olsa yaxşıdır”.