Fransanın Azərbaycana müsbət jesti - Deputat Parisin son addımını şərh edir

Fransanın Azərbaycana müsbət jesti - Deputat Parisin son addımını şərh edir
Son günlər 44 günlük müharibə zamanı, eləcə də ondan əvvəlki dövrdə Azərbaycana qarşı qərəzli siyasi kurs tutmuş Fransa dövlətinin mövqeyində dəyişiklik sezilir.

Bir neçə gün öncə Fransanın Piyadalar Əleyhinə Minaların Məhv Edilməsi üzrə Milli Komissiyasının nümayəndə heyəti Azərbaycana səfəri və əməkdaşlıqla bağlı müsbət yöndə açıqlamalar verməsi də buna əsas verir.

Maraqlıdır, Azərbaycan-Fransa münasibətlərində yeni mərhələ başlaya bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Müşfiq Məmmədli Fransanın Azərbaycana münasibətinin dəyişməsi səbəbinin regionda yaranan mənzərə və iqtisad-siyasi maraqlar olduğunu bildirib:
 
"Münasibətlərin yumşalmasına səbəb Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıqdır. Artıq Fransa tərəfindən Azərbaycanın haqq mübarizəsinə obyektiv yanaşmanın olduğunu müşahidə edirik. Bu da Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan ölkəyə çevrilməsinin nəticəsidir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa tərəfindən təklif irəli sürülüb ki, bu da humanitar baxımdan bizim üçün müsbət addımdır. Biz artıq münasibətlərdə istiləşmənin şahidi oluruq”.
 
Deputat bundan sonrakı mərhələdə Çin, Hindistan kimi ölkələrin də Azərbaycanla əlaqələrin gücləndirilməsi üçün mühüm perspektivli təkliflər irəli sürəcəyini qeyd edib:

"Azərbaycan artıq Cənubi Qafqazda bütün dünyada aparıcı ölkələrin də  hesablaşmağa məcbur olduğu güc sahibinə çevrilir. Şərq-Qərb dəhlinizin ən mühüm və təbii ehtiyatları zəngin olan Qafqaz ölkəsi Azərbaycandır. Bu baxımdan biz iqtisadi maraqlarla siyasi maraqların kəsişdiyinin şahidi oluruq. Biz  perspektivli təkliflərin digər ölkələr tərəfindən də irəli sürüləcəyini görəcəyik. Bu ölkələrin sırasına Çini, Hindistanı da əlavə etmək olar. Artıq regiona baxış bucaqları dəyişməkdədir”.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR