Fransa ordusundan mədət uman Ermənistanı nə gözləyir? - \"Dəmir yumruq” qüvvədədir\"

Fransa ordusundan mədət uman Ermənistanı nə gözləyir? - \
"Ermənilər həmişə başqalarına güvənib hərəkət ediblər, onların hesabına məqsədlərini həyata keçirməyə çalışıblar. Hər zaman da nəticədə ağır zərbələr alıb, sonradan səhv etdiklərini anlayıblar”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov son günlər müzakirə obyekti olan Fransa ordusunun Minsk qrupunun mandatı altında Azərbaycan-Ermənistan sərhəddində yerləşdirilmə ehtimalından danışarkən deyib.

Müsahibimiz bildirib ki, qonşu ölkələrlə düşmənlik etmək Ermənistana xeyir verməyəcək:

"Fransanın ermənilik edərək qoşunlarını bu ölkənin ərazisinə yerləşdirməsi, onun sərhədlərini qoruması mümkün deyil. Çünki Ermənistanda artıq bir dövlətin 70 ildən çoxdur ki, qoşunları var. Əvvəlcə SSRİ-nin, indi də Rusiya Federasiyasının. Rusiya ordusu Ermənistanın sərhədlərini, hava məkanını qoruyur, onları silah-sursatla təmin edir, təhlükəsizliyinə də zəmanət verir. Bunun üstündən Fransadan ordu gəlməsi axmaq, yersiz hərəkətlərdir. Fransa ordusu Azərbaycana qarşı döyüşməlidir? O zaman biz də başqa dost ölkələrin gücündən istifadə edəcəyik”.

Millət vəkilinin sözlərinə görə, qeyd edilənlər Ermənistanın növbəti səhv addımlarıdır:

"Bu, onların yaramaz, sərsəm hərəkətləridir. Paşinyan necə oldusa, hakimiyyətdə qaldı, erməni xalqının etimadını qazanaraq seçkilərdə qalib gəldi. Ancaq bu son demək deyil. Sərhədlərdə Kəlbəcər istiqamətində baş verən son hadisələr də göstərdi ki, "dəmir yumruq” qüvvədədir və vaxtaşırı başlarına dəyir. Nikol xam xəyallardan əl çəkməli, Azərbaycanla sülh haqqında fikirləşməlidir. Əgər o, ATƏT-in Minsk qrupunu yenidən fəallaşdırıb bu işlərə qoşmaq istəyirsə, qrupa üzv olan dövlətlərin hərbi qüvvələrini öz ərazisinə gətirmək fikrindədirsə, bu, münaqişənin yenidən alovlanmasına gətirib çıxaracaq. Bu dəfə artıq Ermənistan dövlətinin olub-olmaması məsələsi gündəmə gələcək”.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri bu yaxınlarda Ermənistanın təhlükəsizlik problemi ilə bağlı təklifini müzakirə edəcəklərini vurğulamışdı. Ermənistanın təklifi Minsk qrupu ölkələrinin qüvvələrinin yerləşdirilməsindən ibarətdir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR