Ərzaq məhsulları ucuzlaşacaq – Bu tarixdən...

Ərzaq məhsulları ucuzlaşacaq – Bu tarixdən...
Dünyada ərzaq qiymətlərində artım may ayında da davam edib. 

Sfera.az BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən xəbər verir ki, mayda aprel ayı ilə müqayisədə ərzaq qiymətləri 4,8 faiz, 2020-ci ilin may ayı ilə müqayisədə isə 39,7 faiz artıb.

Müqayisə göstərir ki, bütün əsas qida məhsul qrupları üzrə bahalaşma baş verib. FAO bildirir ki, ət məhsulları ay ərzində 2,2 faiz, son bir ildə 10 faiz, süd məhsulları ay ərzində 1,5 faiz, son bir ildə 28 faiz, taxıl məhsulları bir ayda 6 faiz, bir ildə 36,6 faiz, bitki yağları ay ərzində 7,8 faiz, son bir ildə 2,24 dəfə, şəkər məhsulları ay ərzində 6,8 faiz, bir ildə 57 faiz bahalaşıb. 

FAO-nun məlumatına əsasən mövcud qiymətlər son 12 ilin ən yüksək qiymətləridir. 

Dəyərləndirmələrə görə, qiymət artımlarını neftin bahalaşması və tələbin güclənməsi dəstəkləyir. Pandemiya dövründə tələbin zəifləməsi və istehsalın azalması bazarda bahalaşma üçün ciddi əsas formalaşdırıb. Son aylarda vəziyyət dəyişib, tələbin gücləndiyi müşahidə olunur. 

Qlobal ərzaq qiymətlərinin yüksəlməsi Azərbaycana idxal yolu ilə gətirilən malların da bahalaşmasına səbəb olur. Rəsmi statistikaya əsasən, bu ilin aprelində idxal mallarının qiyməti əvvəlki ayla müqayisədə 2,5 faiz, əvvəlki ilin aprel ayı ilə müqayisədə 29,1 faiz yüksəlib. 

İdxal mallarının bahalaşmasına məhz ərzaq mallarının bahalaşması güclü təsir edib. Bunun nəticəsidir ki, bu il ərzaq mallarının qiyməti orta hesabla 5,2 faiz yüksəlib. 

Qlobal ərzaq qiymətlərində bahalaşmanın ilin üçüncü rübünə qədər davam edəcəyi güman olunur. Üçüncü rübdə yeni məhsulların bazara çıxarılması qiymət atımlarını zəiflədəcək və müəyyən müddətdən sonra qiymətlərdə enmə müşahidə olunacaq.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR