Ermənistanla vasitəçi olmadan danışıq aparmaq mümkündürmü? - RƏYLƏR

Ermənistanla vasitəçi olmadan danışıq aparmaq mümkündürmü? - RƏYLƏR
"Əvvəl-axır buna getməliyik, amma Ermənistan buna hazır deyil. Çünki Ermənistanda indi də revanş haqda düşünürlər, hələ də intiqam almaqla bağlı bəyanatlar səsləndirirlər”.

Bunu Sfera.az-a açıqlamasında nizamlama prosesinin üçüncü tərəfin iştirakı olmadan, Bakı ilə İrəvan arasında birbaşa və ikitərəfli formatda müzakirəsinə keçirilməsi haqda təklifləri dəyərləndirərkən Milli Məclisin deputatı Asim Mollazadə deyib:

"Ermənistan mövcud vəziyyətlə razılaşmalıdır ki, ölkələr arasında inam artsın, ikitərəfli münasibətlər formalaşsın. İndilikdə isə ermənilər ərazimizə diversant göndərir, qanunsuz səfərlər edirlər. Düzdür, kənar qüvvənin iştirakı olmadan ikitərəfli müzakirələrə başlamaq düzgün yoldur. Amma indiki şəraitdə İrəvan buna hazır deyil”.

"Bu ən optimal variant olardı, təəssüf ki, mümkün deyil”.

Bu fikirlər isə "Atlas” Araşdırmalar Fondunun rəhbəri Elxan Şahinoğluna məxsusdur: "Ermənilər revanşist əhval-ruhiyyədə yaşamaqda davam edirlər. Qələbəmizi həzm edə bilmirlər. Ermənilərlə münasibətdə bir əsrlik təcrübəyə maliyik. Onlar fürsət düşən kimi, hər zaman arxadan zərbə vurmağa öyrənib”.

Politoloq vasitəçisiz danışıqların başlaması üçün qarşı tərəfdən gözləntiləri belə dəyərləndirib: "Bunun üçün ermənilər ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidirlər. Amma bunun əksini görməkdəyik. Düşmən tərəf təxribatlarını davam etdirir. Ona görə də hələlik onlarla danışıqlarda vasitəçiyə möhtacıq. Türkiyə də bu vasitəçilik prosesində iştirak etməlidir”.

Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR