"Ermənistanın havadarları da gördülər ki, havayı verilən milyardlarla silah da hər zaman yetərli olmur"

Cəmiyyətimizin narahatlığına və haqlı etirazına səbəb olan məsələlərlə bağlı Moderator.az-ın suallarını Milli Məclisin deputatı Ülvi Quliyev cavablandırıb. Müsahibəni  diqqətinizə təqdim edirik. 
 
- Ülvi müəllim, son vaxtlar Ermənistan tərəfindən atəşkəsin pozulması davamlı xarakter alıb. İkinci Qarabağ müharibəsində məğlub etdiyimiz bu ölkənin yenidən avantüralara və hərbi-siyasi təxribatlara əl atması cəmiyyətimiz tərəfindən yeni müharibəyə çağırış kimi qiymətləndirilir. 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla sülhməramlı missiyanı üzərinə götürən  Rusiya rəsmilərindən bəzilərinin açıqlamaları   da cəmiyyətimizdə etirazla qarşılanır. Prezident İlham Əliyevin bugünlərdə "CNN Türk”ə verdiyi müsahibə ölkə ictimaiyyətinin narahatlığının ali səviyyədə bölüşülməsi kimi qəbul edilə bilərmi?
 
- Müsahibələrimdən birində təxminən eyni məzmunlu sualı cavablandırarkən bildirmişdim ki, siyasətdə, xüsusən böyük siyasətdə təsadüfi heç nə baş vermir. Prezident İlham Əliyevin istər müharibə günlərində, istərsə də müharibədən sonra  verdiyi müsahibələrin analitik təhlili deməyə əsas verir ki, dövlətimizin başçısı zəruri anlarda  yerli və beynəlxalq media vasitəsilə lazımi ünvanlara gərəkli hesab etdiyi mesajlarını göndərir . Bu, dünya praktikasında qəbul olunmuş və müasir dövrdə dövlət xadimlərinin, siyasi liderlərin tez-tez müraciət etdikləri beynəlxalq təcrübədir. Prezidentimizin müsahibələri təkcə hansısa əsaslı narahatlığımızı ictimailəşdirmək  məqsədini  güdmür və yalnız bir ünvana yönəlmir. Prezident İlham Əliyevin "SNN Türk”ə müsahibəsində region ölkələrinə, o cümlədən Ermənistana və onun himayədarlarına, eləcə də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar yer alır. Sözsüz ki, həmin mesajlara xüsusi zərurət yaranmasaydı, onların ictimailəşdirilməsinə ehtiyac da olmazdı.
 
- Prezident İlham Əliyev müsahibədə ayrı-ayrı  üvanlara fərqli mesajlar göndərdi.  Sizcə, Prezidentin bu müsahibəsini daha çox şərtləndirən hansı mesaj idi? 
 
- Son bir neçə əsrdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi  Qələbəyə bərabər tutula biləcək tarixi hadisə olmayıb. Bu, mübaliğəsiz belədir. Son 30 ilin reallıqları hər birimizə əyani şəkildə göstərdi ki, beynəlxalq hüquq və tarixi ədalət tərəfimizdə olduğu halda, qələbəmizə kimlər, hansı güclər və hansı güclərin siyasi maraqları mane olmağa çalışıb. Təəssüf ki,  haqq etdiyimiz qələbədən sonra da məlum siyasi dairələr ədalətsiz mövqelərindən və dünyamızı çalxalayan ikili standartlarından geri çəkilmirlər. Bu gün planetimizin aşırı səviyyədə silahlanması artıq o həddə çatıb ki, siyasi münasibət və ziddiyyətlərin çözülməsi üçün ən məqbul platforma informasiya məkanı hesab olunur. İş o yerə gəlib çatıb ki, nüfuzlu dünya ekspertləri və siyasətçiləri üçüncü dünya müharibəsindən daha tez-tez danışmağa başlayıblar. Bəşəriyyətin gəldiyi bu nöqtəyə görə məsuliyyət, ilk növbədə, dünya güclərinin, nüvə silahına sahib olan ölkələrin üzərinə düşür. Öz taleyimizdə gördük ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi 27 il ərzində Ermənistan tərəfindən icra olunmadı. Dünyanı idarə edənlər işğalçı Ermənistanı beynəlxalq qanunlara hörmət göstərməyə nəinki məcbur etmədilər, həmin qətnamələrin altına qoyduqları imzalarına özləri də sayğısızlıq göstərdilər. Dünyada sülhün və əmin-amanlığın bərqərar edilməsinə görə daha çox məsuliyyət daşıyan böyük güclər erməni işğalının 30 il boyunca davam etməsinə göz yumdular. Prezidentimizin haqlı olaraq qeyd etdiyi kimi,  bu illər ərzində onun da şahidi olduq ki, BMT Təhlükəsizlik Şurasının başqa dövlətlərlə bağlı eyni mahiyyətli qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, ölkəmizə aid olan ədalətli qətnamələr nədənsə yerinə yetirilmədi, beynəlxalq hüquq  siyasi maraqların güdazına verildi. Bunda təqsirkar təkcə Ermənistan idimi? Artıq tam çılpaqlığı ilə bilirik ki, Minsk qrupunun üç həmsədrindən biri olan Fransa istər müharibə günlərində, istərsə də müharibədən sonra qatı ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoydu. Əvvəlcə dedi ki, "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz  buna icazə vermərik” , sonra da  Senatı separatçı rejimin tanınması ilə bağlı beynəlxalq hüquqa zidd olan təşəbbüsə imza atdı. Dünya demokratiyasının beşiyi hesab edilən ABŞ qondarma erməni soyqırımını rəsmən tanıdı, qardaş Türkiyənin ədalətli araşdırma  çağırışına belə məhəl qoymadı. Baxmayaraq ki, Türkiyə onun üçün onilliklərin sınağından keçmiş ən etibarlı müttəfiqlərindən biridir. Dörd il əvvəl onun da şahidi olduq ki, erməni lobbisinin təzyiqinə görə ABŞ Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasına razılıq vermədi və hətta, beynəlxalq-maliyyə institutları bu layihəyə vəsait ayırmaqdan imtina etdilər. Üçüncü həmsədr- Rusiya isə Qafqazda forpostu hesab etdiyi Ermənistanı bu illər ərzində pulsuz-parasız silahlandırdı, öz əsgəri ilə işğalçının sərhədlərinin keşiyində dayandı. Xocalı cəlladlarından biri olan S.Sarkisyanın öz etirafına görə, onun rəhbərliyi dövründə Rusiyadan Ermənistana 50 min tondan artıq hərbi texnika və sursat havayı göndərilib. Əgər ağır məğlubiyyətdən sonra Ermənistan yenidən təxribatlar yolunu seçibsə, atəşkəsi davamlı şəkildə pozursa, bu, həm də belə ədalətsiz yanaşmaların, çoxüzlü standartların tətbiqinin və təşviqinin nəticəsidir. Minsk qrupunda təmsil olunan hər üç həmsədr  106 il əvvələ aid erməni uydurmasını  soyqırımı hadisəsi kimi  tanısa da, cəmi 29 il əvvəl törədilmiş və ermənilərin özləri tərəfindən dəfələrlə etiraf olunmuş Xocalı soyqırımını  hələ də tanımayıblar. Ədalətsiz yanaşma və ayrı-seçkilik o dərəcədə ortadadır ki, bunun utancverici səbəbləri haqda düşüncələrə  əsas verən ehtimallar bəşəri dəyərlərdən deyil, bölücülükdən xəbər verir. Belə bir şəraitdə əldə etdiyimiz tarixi Qələbənin hansı çətinliklərin dəf olunması hesabına başa gəldiyini görməmək, ən azından ədalətsizlikdir. 
     
Prezident İlham Əliyevin "CNN Türk”ə  müsahibəsində Ermənistanla yanaşı, bu ölkələrə də  gərəkli mesajlar verildi. Onların hər biri önəmlidir, çünki informasiya savaşı bu gün də davam edir. Prezidentimizin "Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir...Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır...Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq” kimi açıqlamaları yalnız şimal qonşumuza deyil, eləcə də dünya birliyinə ünvanladığı ismarıc və Qafqazda dayanıqlı sülhə xidmət edə biləcək ədalətli yanaşmaya çağırışdır. Prezident İlham Əliyevin "Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər” kimi Zəngəzur dəhlizinə aid olan bəyanatı Avropa ilə daha dərin iqtisadi-siyasi əməkdaşlığa ölkəmizin verdiyi önəmin ictimai anonsudur. 
     
Dövlətimizin başçısı müsahibədə qardaş Türkiyəyə  xüsusi yer ayırdı, müharibədən əvvəl və müharibədən sonra ölkəmizə verdiyi misilsiz mənəvi-siyasi dəstəyinin əhəmiyyətini dönə-dönə vurğuladı. Prezident İlham Əliyevin dünya birliyinə, Ermənistana və hamilərinə göndərdiyi növbəti mesaj da əsla təsadüfi deyildi: "Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik , qardaşlıq sözdə deyil, əməldədir... Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı”. Sirr deyil ki, Şuşa Bəyannaməsi məlum dairə və ölkələrdə qıcıqla qarşılanır,  bəzilərinin absurd bəyanatları da məhz bu cür haqsız qıcıqlanmadan irəli gəlir. Prezidentimiz həmin  ünvanlara bir daha çatdırdı ki, qardaş Türkiyə ilə müttəfiqlik əbədi seçimimizdir və aramıza girmək xülyasında olanların cəhdləri əbəsdir. Prezident son hadisələri nəzərə alıb qonşu İranla bağlı mövqeyini də ortaya qoydu: "Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik”. Bu mesaj islam dəyərlərini bölüşən və əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət olan qonşumuzdan dost davranışının gözləntisinə işarədir. Çünki gözümüzün önündə həmin dəyərlərlə yanaşı, beynəlxalq hüququ və tarixi ədaləti siyasi maraqlardan üstün tutan dost Pakistan nümunəsi mövcuddur. Heç şübhəsiz, Prezidentimizin müsahibəsində açıq və sətiraltı mesajlar daha çoxdur. Onlardan hər biri ciddi siyasi yükə malikdir və hansınasa əlahiddə üstünlük vermək doğru olmazdı. Həmin mesajlar məntiqi ardıcıllığa və beynəlxalq qanunlara, xalqımızın tarixi haqqına söykəndiyinə görə, onların təhlilinə ayrı-ayrılıqda deyil, ümumi şəkildə yanaşmaq ölkəmizin qarşısında dayanan mürəkkəb vəzifələrə daha çox aydınlıq gətirə bilər. Ən başlıcası, Prezident İlham Əliyevin bu müsahibəsi də növbəti dəfə nümayiş etdirdi ki, cəmiyyətimizi düşündürən və onu narahat edən məsələlər, böyüyündən tutmuş kiçiyinə qədər, Azərbaycan hakimiyyətinin gündəlik diqqət mərkəzindədir. Heç nə bu diqqətdən yayınmır və münasibətsiz qalmır. 
 
- Bəs, təxribatlardan hələ də əl çəkməyən, atəşkəsi davamlı şəkildə pozan Ermənistana hansı mesajlar verildi?
 
- Sualınızın kontekstindən çıxış edərək, Prezident İlham Əliyevin”CNN Türk”ə müsahibəsindən gətirdiyim bu sitat  gələcək fəaliyyətimizdə hansı məqamlara diqqət yetirməli olduğumuza imkan verir: "Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın”.  Yuxarıda gətirdiyim sitatlarla yanaşı, Prezidentin bu açıqlaması  Ermənistanın təxribat xarakterli davranışının səbəblərinə işıq salır və bunun qarşısını ala biləcək ünvanı da açıq şəkildə göstərir. 30 il ərzində öyrəndiyimiz və şahidi olduğumuz həqiqətlərdən biri bundan ibarət oldu ki, ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətində və törətdiyi təxribatlarda Ermənistan heç vaxt tək olmayıb, indi də tək deyil. Dəyişən odur ki, uzun illər boyu Ermənistan bir ünvanın əlində istifadə olunan alət idisə, müharibədəki məğlubiyyətindən sonra  ondan istifadə edənlərin sayı bir az da çoxalıb. Konkret sualınıza gəldikdə isə, Prezident İlham Əliyevin Ermənistana göndərdiyi birmənalı mesaj ondan ibarət oldu ki, yenidən xam xülyalara uymasınlar. Nəhayət, anlasınlar ki, böyüklərin oyununda kiçik alətə çevrilmək yolunu seçən Ermənistanın yenidən silahlandırılması bugünkü nəticəni dəyişməyəcək. 44 günlük Vətən müharibəsi sübut etdi ki, dəyəri milyardlarla ölçülən və Ermənistana havayı başa gələn hərbi texnika və sursat sonda heç nəyə yaramadı, müharibənin nəticəsini ermənilərin xeyrinə dəyişə bilmədi. Çünki Ermənistan haqsız tərəfdir və iddiaları əsassızdır, özləri haqda uydurduqları epitetlər isə içərisi boş olan miflərdən və cəfəngiyyatdan ibarətdir. Mifologiya hansısa müddətdə həyatda varlığını qorumağa kömək edə bilər, lakin müddətindən asılı olmayaraq, bu, müvəqqətidir. Çünki mif sabun köpüyü kimi bir şeydir, içi boş olduğuna görə nə zamansa partlamalıdır. Necə ki, qəhrəman Azərbaycan əsgər və zabiti cəmi 44 gün ərzində həmin mifləri darmadağın etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa və uzun ömür versin.
     
Ermənistanın siyasi-hərbi rəhbərliyi 44 günlük Vətən müharibəsindəki  hərbi məğlubiyyətdən sonra, nəhayət, dərk etməlidir ki, milyardlıq silahlar nə qədər vacib amil olsa da, qələbə üçün hər zaman yetərli olmur. Ümid edək ki, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti Prezident İlham Əliyevin səsləndirdiyi bu fikrin məna yükünə vara biləcəklər: "Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz”. Azərbaycan əsgəri döyüşə ona görə həvəslə gedirdi ki, tarixi torpaqlarımız uğrunda, milli qürurumuzun qorunması naminə haqq savaşına çıxmışdı. Bu torpaqların düşmənə heç bir aidiyyatı olmadığına və onlar bu torpaqlara yad olduqlarına  görə, Ermənistan savaş meydanında təkcə canlı qüvvəsini və hərbi texnikasını itirmədi, ən başlıcası, onminlik  fərarilər ordusunu qazandı. Bu danılmaz həqiqət çox mətləblərdən xəbər verir və erməni cəmiyyəti özündə güc tapıb həmin həqiqətin üzərində daha ciddi düşünməlidir...
     
Prezident İlham Əliyev bu müsahibəsində də siyasi iradə nümayiş etdirdi, Ermənistanın təxribatlarına və oradakı revanşist qüvvələrin kənardan qızışdırılmasına baxmayaraq, bir daha bəyan etdi ki, ölkəmiz Qafqazda dayanıqlı sülhün tərəfdarıdır. Şübhəsiz ki, Prezidentimizin  bəyanatı Ermənistan və region ölkələri ilə yanaşı, dünya birliyinin də diqqətindən yayınmayacaq. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə açıq şəkildə bu mesajı verdi: "Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyi, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar...Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq”.  Ermənistanın atəşkəsi davamlı şəkildə pozması ona dəlalət edir ki, yeganə doğru olan bu qərarı verməkdə o ya sərbəst deyil, ya oradakı revanşist qüvvələrin ölkədaxili dayaqları tam zərərsizləşdirilməyib, ya da kənardan olan kimlərsə sülh sazişinin imzalanmasına qəsdən mane olur. Bu, heç də o demək deyil ki, Koçaryan və Sarkisyan kimi seçkini uduzan Xocalı cəlladları hakimiyyət uğrunda mübarizədən birdəfəlik əl çəkiblər və məğlubiyyətdən ibrət dərsi alıblar. Prezident İlham Əliyev bu zehniyyətdə olanlara da gərəkli mesajını verdi: "Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq”.
     
Cəmiyyət olaraq biz də qəbul etməliyik ki, əldə etdiyimiz bu tarixi Qələbəni bəzi dairələr  həzm edə bilmirlər, kimlərsə onu bizdən oğurlamaq üçün çaba da göstərir. Bu cür rəzil və ikiüzlü davranışların qarşısını almağın yeganə yolu əldə etdiyimiz ən böyük tarixi nailiyyətlərimizdən biri olan birliyimizi bədxahlardan daha çox qorumaq və onu daha çox  möhkəmləndirməkdir. Bunu dəyişməz olan ümummilli maraqlarımız tələb edir. Əminəm ki, Ermənistana və onu kənardan qızışdıran dairələrə fürsət verəcək qədər sadəlövh deyilik. Düşmən və onun hamiləri bunu hər gün görüb hiss etməlidir ki, maraqlarını ödəmək üçün  başqa ünvanlar axtarsınlar . Ona da əminəm ki, Şuşa və Bakı Bəyannamələrindən ciddi narahat olan Ermənistan, bundan qıcıqlanan bəzi siyasi dairələr Prezident İlham Əliyevin bu mesajını da gözardı edə bilməyəcəklər:"Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır”.

OXŞAR XƏBƏRLƏR