\"Ermənistanda seçkilərin ikinci turu keçirilə bilər\" - Bu baş verərsə...
11:45 / 19.06.2021
2105
Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
"Gallup”un son sorğusunda Ermənistanın eks-prezidenti Robert Köçaryan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı qabaqlayıb. Belə ki, Köçəryanın rəhbərlik etdiyi "Ermənistan” bloku – 28,7 faiz, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyası – 25,2 faiz səs toplayıb.
Politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında Ermənistandakı ümumi seçki prosesini dəyərləndirib. O qeyd edib ki, sözügedən ölkədə birinci yer uğrunda mübarizə Paşinyanla Köçəryan arasında gedirdi:
"Seçkiqabağı kampaniya zamanı kiçik partiyaların fəallığı demək olar ki, nəzərə çarpmadı. Digər iki eks-prezident Levon Ter-Petrosyan və Serj Sarkisyan siyasi səhnədə demək olar ki, görünmədilər. Onlar ara-sıra Paşinyanın "bostanına daş atmaqla” kifayətləndilər. Seçkilərin favorisi olan Paşinyan da bu iki prezidentə baş qoşmağı özü üçün vacib hesab etmədi və onların hərdən bir hay-küy salmalarına baxmayaraq "karvanın keçəcəyini” düşündü”.
Müsahibimiz qeyd edib ki, 2021-ci il növbədənkənar parlament seçkiləri Ermənistan tarixində ilk dəfə yalnız partiyaların təqdim etdikləri siyahılar əsasında keçirilir:
"Elə buna görə də rekord sayda iştirakçılar qeydiyyatdan keçiblər. 23 partiyanı təmsil edən 4 blok seçkilərdə iştirak edir. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4%, iki partiyalı bloklar 8%, üç partiyalı bloklar 9%, 4 və daha artıq bloklu partiyalar isə ən azı 10%-lik baryeri aşmalıdırlar. Seçkilərin nəticələrinə görə, parlamentə keçən partiyalar koalisiyalarda birləşərək hökuməti qura bilməsələr, bir aydan sonra ilk iki yeri tutan partiya və ya blokların iştirakı ilə seçkilərin ikinci tur keçiriləcək”.
Politoloq həmçinin vurğulayıb ki, Köçəryan 1998-2008 ci illərdəki prezidentliyi dövründə əldə etdiyi nailiyyətləri bu seçki kampaniyasında təbliğat materialı kimi istifadə edib:
"Onun fikrincə, məhz bu dövrlər Ermənistanın fəal inkişaf etdiyi və öz təhlükəsizliyini təmin etməyə qadir olduğu qızıl dövrləri olub. Köçəryan məhz Paşinyan hakimiyyətinin ölkəni uçuruma sürüklədiyini əsas gətirərək belə vəziyyətdə sakit tamaşaçı funksiyasında qala bilməyəcəyini əsas gətirərək erməni xalqının acınacaqlı günündə ona rəhbərlik etmək istədiyini bildirir”.
Günay Rəsulqızı
Sfera.az