Ermənistanda KTMT-nin zirehli texnika, aviasiya və PUA ilə təlimləri başlayır - Görüntü xarakterlidir, yoxsa...?
15:30 / 07.06.2021
2207
"Bu cür təlimlər təşkilatın planında olan təlimlərdir və heç nəyə yönəlməyib. Bunun Azərbaycana qarşı heç bir təsiri yoxdur”.
Bunu Sfera.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov bu il Ermənistan ərazisində keçiriləcək "Qrom-2021” xüsusi təlimlərindən danışarkən bildirib.
Müsahibimiz qeyd edib ki, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) döyüş hazırlığı və öz aralarında uzlaşmanı, əlaqələndirməni təmin edən adi təlimlərdir:
"Təlimin özü və təşkilatın bununla bağlı qarşısına qoyduğu hədəfləri ölkəmizlə əlaqəli deyil. Digər tərəfdən Ermənistanın ordusunun gücləndirilməsi bu ölkənin daxili işidir. Ancaq Azərbaycan da həmin təlimləri izləyir. Bilirsiniz ki, Ermənistan ordusunun belə təlimlərdə iştirakı bizim maraq dairəmizdədir və bu baxımdan orada hansı texnikaların istifadə edilməsi və.s haqqında məlumatlar önəmlidir. Çünki Ermənmistanda hələ də revanşist ideyalar, çağırışlar mövcuddur”.
Digər müsahibimiz politoloq Məhəmməd Əsədullazadə saytımıza açıqlamasında bildirib ki, Ermənistan müharibədən sonra ciddi sosial-iqtisadi və hərbi müstəvidə böyük məğlubiyyətlə qarşılaşıb və Rusiya çalışır ki, Ermənistanı bu dalandan çıxarsın:
"Buna görə də həmin ölkədə KTMT-nin hərbi təlimlərinin keçirilməsi istiqamətində planlar reallaşdırırlar. Guya təşkilatın heç də Ermənistandan imtina etmədiyini, onun təhlükəsizlik, müdafiə məsələsində yekdil mövqeyə malik olduğunu göstərmək istəyirlər.
Lakin KTMT Azərbaycan-Ermənistan münasibətlərinə artıq qarışmır, neytral möqve tutub. Çünki təşkilata üzv olan dövlətlərlə Azərbaycanın sıx sisyasi, iqtisadi, diplomatik əlaqələri möhkəmdir. Ona görə də "Qrom-2021” xüsusi təlimləri görüntü xarakterlidir. Sadəcə Rusiya Ermənistanı öz orbitində saxlamağa çalışır”.
Qeyd edək ki, Ermənistan Respublikası ərazisində keçirilməsi planlaşdırılan təlimlər zamanı zirehli texnika, xüsusi avtonəqliyyat, aviasiya, PUA və xidmət-axtarış itlərinin istifadəsi ilə iki mərhələdə praktik tədbirlər keçiriləcək.
Günay Rəsulqızı
Sfera.az