Ermənistana daha bir zərbə Ukraynadan gəlir – Yerevana qarşı sanksiyalar gündəmdə

Ermənistana daha bir zərbə Ukraynadan gəlir – Yerevana qarşı sanksiyalar gündəmdə
Rəsmi Kiyev Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər.

Belə ki, Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyası zamanı bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb.

Maraqlıdır, Ukraynanın sanksiya tətbiq etməsi Ermənistana hansı şəkildə təsir edə bilər?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli yaxın zaman üçün sanksiyanın tətbiqinin real olmadığını bildirib:

"Ukrayna Krım və Donbasın işğalı faktını da nəzərər alaraq Qarabağla bağlı məsələdə hər zaman düzgün mövqe ortaya qoyub. Bu səbəbdən də Ermənistan- Ukrayna münasibətlərində kifayət qədər problemlər yaşanıb. Krımla bağlı Ermənistanın mövqeyi dəfələrlə Ukrayna tərəfdən tənqidlərə məruz qalıb. Azərbaycan Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək beynəlxalq tədbirlərdən, səsvermələrdən kənar qalmağa çalışır və doğru yol da budur. Çünki Ukrayanın ərazi bütövlüyünün bərpası bizim üçün də önəmlidir. Ukrayna tərəfindən Ermənistana yaxın vaxtlarda sanksiyanın tətbiqi isə inandırıcı gəlmir. Çünki sanksiyanın tətbiqi daha qəliz mexanizmlərin işə düşməsindən də xəbər verir. Ukrayna və Ermənistan arasında ticarət dövriyyəsi Azərbaycanla olduğu qədər geniş deyil". 
 
Ekspert Ermənistana sanksiyanın tətbiqinin Avropa Birliyi ilə münasibətlərə də təsir edəcəyini deyib:
 
"Sanksiyanın təbiqindən çox, bu məsələnin gündəmə gəlməsi, Ermənistanın haqsız mövqeyinin tək Azərbaycanda yox, digər ölkələrdə də davam etdirilməsinin dünyaya çatdırılmalısıdır. Azərbaycan bununla Qarabağ mövzusunda Ermənistanın hansı mövqe tutduğunu dünyaya göstərə bilər.
 
Avropa Birliyi ölkələri Ukraynanın ərazi bütövlüyünü, Krımın işğal faktını tanıyır. Ermənistan isə Avropa ilə sıx əlaqələr qurmağa çalışır. Buradan da çıxış etmək olar ki, əgər Ermənistan işğal faktorunu dəstəkləyirsə Avropa ilə əlaqələrə ciddi zərər gələ bilər. Bu məsələnin üzərindən yaxşı təbliğat xətti qurmaq mümkündür".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR